Şənbə , Fevral 24 2024
Ana səhifə / Manşet / Tərtər işgəncələrində ittiham olunan polkovnik: “Mən cinayətkar dəstənin üzvüyəmsə, bu dəstənin rəhbəri hanı?”

Tərtər işgəncələrində ittiham olunan polkovnik: “Mən cinayətkar dəstənin üzvüyəmsə, bu dəstənin rəhbəri hanı?”

“Bu hadisələri təşkil edənlər dövlət içində dövlət quranlardır”

2017-ci ilin may-iyun aylarında Tərtərdə əsgər və zabitlərə qarşı kütləvi işgəncələrlə əlaqədar hazırda məhkəməsi gedən 3 qrupdan birinin mühakiməsi yekunlaşır. Bu qrupda 4 nəfər var ki, onlar da Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş polkovnik-leytenant Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi, polkovnik Rəşid Niftəliyev, müddətdən artıq xidmət etmiş kəşfiyyatçı-hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovdur.

Onların işinə 2023-cü ilin fevralından Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və hakimlər Rafiq Abbasovla Camal Ramazanovdan ibarət kollegiya baxır. Məhkəmə prosesləri isə Sumqayıt Məhkəmə Kompleksinin binasında keçirilir.

Təxminən ayyarım əvvəl bu məhkəmə prosesində prokuror təqsirləndirilən şəxslərdən Rüstəm Ələsgərova 12 il, Vüsal Ələsgərova 10 il, Rəşid Niftəliyev 9 il, Ramil Qarayevə isə 8 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilməsini istəmişdi.

Noyabrın 28-də keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər son sözlərini deyiblər. Onlar ittihamlarla razılaşmadıqlarını vurğulayıb, barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.

Təqsirləndirilən polkovnik Vüsal Ələsgərov bildirib ki, onları mütəşəkkil dəstənin üzvü kimi təqdim ediblər. Lakin bu dəstənin başçıları məsuliyyətə cəlb olunmayıb:

“Mütəşəkkil dəstənin nə başı var, nə ayağı, belə şey olur?! Mən cinayətkar dəstənin üzvüyəmsə, bu dəstənin rəhbəri hanı?”

Vüsal Ələsgərov 30 il ərzində orduda xidmətlərindən, 90-cı illərin əvvəllərində Qarabağ döyüşlərində iştirakından danışıb. O bildirib ki, bu dövlətə sədaqətlə xidmət edib.

Tərtər hadisələrinə gəlincə, deyir ki, orada verilən göstərişlər icra olunub. O, şəxsən kiməsə işgəncə vermədiyini vurğulayıb:

“Dörd mötəbər qurum bəyanat yaymışdı ki, vətən xainləri ifşa olunub. Mən kim idim ki, onların qərarlarını sorğulayım?”

Söhbət Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluqdan gedir.

Vüsal Ələsgərovun sözlərinə görə, Müdafiə Nazirliyinin rəhbərliyi Tərtərdə baş verənlərdən yetərincə məlumatlı idi. Hadisələr baş verəndə də müdafiə naziri Zakir Həsənov, o vaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıqov və digər vəzifəli şəxslərin iştirakıyla videokonfranslar keçirilir, onlara tapşırıqlar verilirdi. Onun sözlərinə görə, 46 nəfər vətən xaini kimi Bakıya – həbsə göndərilmişdi.

“Bu hadisələri təşkil edənlər dövlət içində dövlət quranlardır”, – Vüsal Ələsgərov belə deyib.

“Tərtər işi”. Foto: Meydan TV

Digər təqsirləndirilən polkovnik Rəşid Niftəliyev bildirib ki, onlarla bağlı ciddi araşdırma aparılıb. Lakin onlara qarşı ittihamı təsdiqləyən heç bir sübut-dəlil tapılmayıb:

“İndi internet əsridir. Telefonlarımız, başqa əlaqələrimizin hamısı yoxlanılıb. Heç bir fakt tapılmayıb”.

Kəşfiyyat bölüyündə xidmət etmiş MAXE hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərov da bəraət istəyib.

Təqsirləndirilən şəxslərdən ən ağır ittihamlar Rüstəm Ələsgərova verilib. Digərləri işgəncə vermə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi əməllərdə ittiham olunur. Rüstəm Ələsgərova isə bunlarla yanaşı, həm də Tərtər işgəncələri zamanı baş vermiş ölümlərə görə də ittiham verilib. Lakin o, ölüm hadisələrinə aidiyyəti olmadığını, ümumiyyətlə, işgəncələrdə iştirak etmədiyini bildirir. Onun sözlərinə görə, Tərtər işgəncələri başlayanda kəşfiyyat bölüyünün hərbi qulluqçularını hadisələrin cərəyan etdiyi binanın mühafizəsi üçün gətiriblər. O da 5 gün ərzində həmin binanın mühafizəsində olub.

Rüstəm Ələsgərov deyir ki, Tərtər cinayətlərini törədənlər qalıb kənarda, günahsızlar cəzalandırılır. O, xüsusən Tərtərdə briqada komandiri vəzifəsində çalışmış, hazırda da xidmətdə olan polkovnik Teymur Məmmədovun adını çəkib:

“Teymur Məmmədovun əvəzinə mən niyə burada oturmalıyam? Onun pulu var, ona görə? 400 min verib, özünü qurtarıb, əvəzinə mən yetimi tutub, camaatın gözündən pərdə asırlar”.
İddia olunur ki, işgəncələrdə “tok”a vermək üçün istifadə olunan “KPM” adlı qurğunu şəxsən Teymur Məmmədov gətirmişdi”.

“Mənə istintaqda şəkil göstərmişdilər, orada əsgəri butılka ilə zorlayırlar. Bunu eləyən adam hardadır? Bu işləri görənlərin heç birini cəzalandırmayıblar”, – Rüstəm Ələsgərov əlavə edib.

Son sözlər yekunlaşandan sonra hakimlər kollegiyası hökm üçün müşavirəyə gedib.

Məhkəmənin hökmünün noyabrın 29-da elan olunacağı gözlənilir.

Tərtər hadisələri zamanı hərbçilərə kütləvi şəkildə işgəncə verməkdə ittiham olunan, hər biri 4 və 5 nəfərdən ibarət daha iki qrupun işi üzrə məhkəmə prosesi davam edir.

4 nəfərlik qrupda olan həmin dövrdə Tərtərdəki N saylı hərbi hissədə Xüsusi Təyinatlı Bölüyün xüsusi təyinatlı qrupunun komandiri olmuş, leytenant rütbəsində xidmət etmiş 1993-cü il təvəllüdlü Ruslan Mikayılov və üç gizirdir – Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyev.
Onlar 2017-ci ilin may-iyun aylarında 180-dən çox hərbçiyə işgəncə verməkdə, onlardan bir neçəsini işgəncə ilə öldürməkdə, yaxud da intihara vadar etməkdə ittiham olunur.

Adları çəkilən şəxslər bundan öncə də Tərtər işgəncələrinə görə həbs olunub. Lakin məhkəmə onlara münasibətdə Cinayət Məcəlləsinin 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin olunması) maddəsini tətbiq edib. Tərtər Hərbi Məhkəməsinin hökmüylə onlara 6 il həbs cəzası verilib.

Bu cəzanın da bir hissəsini çəkib, azadlığa buraxılıblar. 2020-ci ildə 44 günlük müharibədə iştirakdan sonra isə Prezident İlham Əliyevin sərəncamlarıyla Ruslan Mikayılov, Sənan Maşıyev və digərləri orden və medallarla mükafatlandırılıblar. Tərtər hadisələri ilə əlaqədar cinayət işi üzrə icraat 2021-ci ilin dekabrında təzələnəndən sonra yeni üzə çıxan hallara görə onlar 2022-ci ilin aprelində bir daha cinayət məsuliyyətinə cəlb olunublar.

5 nəfərdən ibarət daha bir qrupda isə Fuad Ağayev, Qurban Cümşüdov, Cavid Ağadadaşov, Ramil Əhmədov və Fuad Axundov mühakimə olunur.

Fuad Ağayev, Qurban Cümşüdov və Cavid Ağadadaşov bundan əvvəl də Tərtərdəki işgəncələrə görə bir dəfə cəzalandırılıb. Fuad Ağayev 10 il, digər ikisi isə 6 il azadlıqdan məhrum edilib. Lakin Baş Prokurorluqda 2021-ci ilin dekabrında Tərtər işi üzrə icraat təzələnəndən sonra onlarla bağlı yenidən iş başlayıb və əlavə ittihamlar irəli sürülüb.

Bu 5 təqsirləndirilən şəxs arasında ən çox adı hallanan Fuad Ağayev idi. Bu da təsadüf deyil. Çünki Fuad Ağayev həmin hadisələrə rəhbərlik etməkdə ittiham olunan general-mayor, o dövrdə I Ordu korpusunun komandiri Hikmət Həsənovun köməkçisi olub. Fuad Ağayevin özü də Tərtər hadisələri baş verərkən korpusun hüquqşünası vəzifəsində çalışıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda), 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341 (vəzifə səlahiyyətlərini aşma) və s. maddələrilə ittiham irəli sürülüb.

Həmçinin oxuyun

Britaniyada Cavanşir Feyziyevin 85 milyonluq əmlakının dondurulması işinə baxılır

Britaniya Ali Məhkəməsi fevralın 22-də azərbaycanlı deputat Cavanşir Feyziyev və onun həyat yoldaşının dondurulmuş mülkləri …