Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Suyun önünü kəsən məmurlar və yanlış idarəçilikdən əziyyət çəkən kəndlilər

Suyun önünü kəsən məmurlar və yanlış idarəçilikdən əziyyət çəkən kəndlilər

Ölkədə suvarma sistemləri və su çatışmazlığı ilə bağlı uzun illərdir ki, problemlər yaşanır. Xüsusən də, yaz və yay aylarında Aran zonasındakı sakinlər bu problemlə qarşılaşırlar.

Kürdəmirli fermer Allahverən Allahverənov Meydan TV-yə deyib ki, su çatışmazlığından bostan və tərəvəz əkinini ləğv ediblər.

15 hektar əkin sahəsi olan vətəndaş deyir ki, ilbəil artan quraqlıq ərazinin azalmasına səbəb olur:

Məcburuq ki, azaldaq. Son beş ildə su çatışmazlığından bostan və tərəvəz əkinini ləğv etmişik. Əziyyət çəkib hektarla əkirdik, yazda, yayda su tapmırdıq ki, suvaraq. Saralıb yanırdı, torpaq çat olurdu. İndi ildə az suvarılan əkinlərə üstünlük veririk. Taxıl əkini ildə iki dəfə ilə dözür, bostan ən azı 3-4 dəfə, soğan 15-20 dəfə suvarılmalıdır”.

Suvarma çətin olduğu üçün itkini də hiss etmirik”

Fermer deyir ki, kəndlərdəki mövcud beton kanallar istifadəsiz qaldığından və təmirsizlikdən dağılıb. Bunun əvəzinə salınan torpaq kanallar və nəzarətsiz suvarma illərdir ki, su itkisinə səbəb olur.

Onun sözlərinə görə, əvvəllər iri kəndlərdə 10-15 min hektarlıq əkin sahələri artıq yarıya enib. Torpaqlarda şoranlaşma isə 20-25 faiz artıb.

Müasir suvarma sistemlərindən istifadə isə nəinki kəndli, fermerlər üçün belə əlçatmazdır:

Suvaranda insanlar səhlənkarlığa və tərəfkeşliyə yol verirlər. Öncə rayondakı iri şirkətlər suyu öz sahələrinə verir, sonra kəndlərdə növbəlilik yaranır. Bizim kənddə su varmı ki, itkiyə getsin? Suvarma çətin olduğu üçün itkini də hiss etmirik. Beton kanalları illərdir təmir etməyib su idarələri deyə gözdən kənarda qalıb. Ötən il 25-30 sentner məhsul gözlədiyim halda normal suvarma getmədiyi üçün 15 sentner götürdüm. “Pivot layihə” məqsədilə nazirlik bizi yığıb yarmarkaya topladı. Məlum oldu ki, 50-100 hektarda nəzərdə tutulan “Pivot” sistemə 70-80 min manat hətta, daha çox məbləğdə pul lazımdır. Şərtlərə biz fermerlərə yaxın düşə bilmərik, o ki, qalsın kəndlilər. 60-70 min güzəştli kredit götür, icra et deyirlər. Ancaq o pulu işlərlə təsərrüfatdan qazana bilmirik. Gərək 20 il onlara işləyim ki, krediti ödəyim”.

Quru məsləhətlə müasir suvarma sistemi qurulmur”

Kürdəmir sakini Elxan Usubov da 4 hektar taxıl və yonca əkib. O da bahalığa görə kəndlilərin həyətyanı sahələrdə əkini artırdığını, ancaq günlərlə su üstündə mübarizə apardıqlarını deyir:

“Bizim Sovla və Söyüdlər kəndində 872 hektar pay torpağında əkin var. Quraq hava şəraitinə arada yağan yağıntı kömək etməz, suvarma qaçılmazdır. Vaxtında da suvarma olmayanda hektarına 10-15 % məhsuldarlıq aşağı düşür. Kəndin bir hissəsi suvaranda, digər hissəsi aydan çox gözləməli olur. Bu da kütləvi suvarma dövründə əkinə mənfi təsir göstərir. Kəndə su Kür çayından motorla vurulub torpaq kanallar vasitəsilə gətirilir. Suvun səviyyəsi aşağı düşməsi ilə kəndlərə su gəlişi kəsilir. Ötən il buna görə ay yarım su tapmadıq. Bizdə üçüncü kateqoriya torpaqdır, suvarılması vaxtında getməlidir. Nazirlik səviyyəsində gəlib təbliğat aparırlar, ancaq vəsait olmayandan sonra quru məsləhət ilə müasir suvarma sistemi qurulmur. Dörd hektar əkinim var, hektarına 220 manat subsidiya alıram ki, onun da 25 faizi nəğd olur, qalanı gübrəyə gedir. Ondansa 70-ci illərdə çəkilən beton kanallar bərpa olunsun və su israfına yol verilməsin, suvarma vaxtı da nəzarət edilsin”.

“Niyə vaxtında təmir etmədilər, məhv olub qaldılar? Müasir suvarma sistemlərindən iri şirkətlər istifadə edir ki, 50-100-500 hektarları əhatə edirlər. Dövlətin imkanları və güzəştləri də onlar üçündür. Ötən il 10 ton arpa, buğda götürdüm, ancaq toxumu bir manatdan aldım, satanda 30-35 qəpik oldu. Biçin əkini ödəmir, o ki qaldı suvarma sistemi olsun”, – deyə əkinçi vurğulayır.

Yeri gəlmişkən, bu problem təkcə Kürdəmirdə deyil, digər rayonlarda da su çatışmazlığı sindromu yaşanır.

Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata görə, ölkə üzrə mövcud 4.78 mln hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yalnız 1.48 milyon hektar sahəsi suvarılır.
Mövcud 1.88 mln əkin sahəsindən isə ancaq 1.15 mln hektarında suvarma həyata keçirilir. İldən ilə isə suvarmada itki göstəricisi artır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ötən il üçün bu itkinin 50 faizdən çox olduğunu bildirib.

Ölkədə su resursu 32 milyard kub metrdən 25 milyard kub metrə düşüb.

Bunun da 70 faizi transsərhəd çayların, 30 faizi daxili suların hesabına formalaşır. Son illər yağıntıların az olması, illik orta temperaturun yüksəlməsi, mövcud suvarmada itkilər su ehtiyatını azaldır, quraqlığı daha da artırır.

“… əjdahanın ağzından qalan su ilə qidalanan kənd sakinləriyik”

Şəkinin Böyük Dəhnə kənd sakini Elməddin Quliyev də 4 hektar sahədə əkin apardığını bildirir.

Deyir ki, taxıl sahəsi mart ayında ikinci dəfə suvarılmalıdır, ancaq hələ ona su çatmayıb. Ötən il suvarmada ciddi problem yaşayıb, bu ildə eyni halın davam etdiyini deyir:

Ötən il beş dəfə Su Meliorasiya İdarəsinə xəbər göndərdim ki, kəndimizdə canlılar, əkin susuzluqdan əziyyət çəkir. Kəndimizdə 1200 ev təsərrüfatı var. Su olmadığına görə, onun 800-ü gündə 4 manat zərər görür. Yay aylarında, demək olar ki, ayda 3 dəfə su gəlir, o da şikayətdən sonra. Dağlara yağan qarın suyundan Dəhnə çayı vasitəsilə götürürük. Sözsüz ki, çayın kənarında məmurların fındıq, şaftalı, ərik bağları var. Yəni yay aylarında əjdahanın ağzından qalan su ilə qidalanan kənd sakinləriyik. Su idarəsində bir hektar sahənin suvarma xərci beş manatdır, mənə çatana qədər on manat olur. Daim su olsa, növbəli əkin əkərəm, suvararam, həm sataram, həm dolanaram”.

Cəmi 7 faiz ərazidə müasir suvarma sistemləri qurulub…

Aqrar Sığorta Fondu bildirir ki, 2021-2022 və 2022-2023-cü əkin illəri üzrə müəyyən edilən quraqlıq riskinə dair azalma müşahidə edilməyib, əksinə ciddi narahatlıq doğurur.

Ümumilikdə isə 487 sığortalı fermerin 48 min 290 hektar sahəsi quraqlıqdan ciddi ziyan görüb.

Sığortası olmayıb quraqlıqdan ziyan görən əkin sahələrinin dəfələrlə çox olması gizli deyil, ancaq onların statistikası aqrar sığorta yoxdur deyə aparılmır.

Mütəxəssislər bildirir ki, müasir suvarma sistemlərinin tətbiqi su itkisinin qarşısını alır, məhsuldarlığı artırır.

Kənd Təsərrüfatı Nazirliyinin verdiyi son məlumata görə, 109 min (109 819. 53 hektar) sahədə müasir suvarma sistemləri tətbiq olunur.

Ölkə üzrə qurulan pivot sahələrin sayı isə 60 min (59839 ha) hektara yaxındır. Yaxın üç ildə 100 min hektara çatdırılması planlaşdırılsa da işlər zəif gedir.

Kənd Təsərrüfatı Nazirliyi. Foto: president.az

Son beş ildə təxminən 100 milyondan çox güzəştli kredit müasir suvarma sistemlərinin qurulmasına xərclənib. Burada da iri fermerlərin bəxti gətirir, onlara məxsus şirkətlərin iri torpaq sahələrində müasir suvarma sistemləri qurulur.

Suvarma sistemlərinə dövlət dəstəyi, eləcə də idxal və əlavə dəyər vergisindən azad olsa da bu sistem xırda fermer və kəndlilər üçün əlçatmazdır. Belə ki, idxal edilən suvarma sisteminin dəyərinin 40 %-ni Aqrar Kredit və İnkişaf Agentliyi subsidiya şəklində şirkətlərə geri qaytardığını deyir.

Ancaq mütəxəssislər bu sistemi baha hesab edir və ümumiyətlə hökümətin aqrar sahəyə əsaslı dəstəyinə, güclü islahatlara ehtiyac olduğunu bildirirlər.

“Su üzərində idarəetmə olmadığına görə yerlərdə monopolistlər iş başındadır”

İqtisadçı Akif Nəsirli Meydan TV-yə deyir ki, kənd təsərrüfatında suvarma suyu ilə bağlı idarəçilikdə ciddi problemlər var.

Onun sözlərinə görə, suvarma suyunun təsərrüfatlar üzrə düzgün paylanılmasından tutmuş, su anbarlarının lildən təmizlənməsinə, kanalların betonlaşmasına qədər ciddi problemlər həllini tapmalıdır:

“Azərbaycanda ən başlıca problem suvarma suyunun idarə edilməməsidir. Meliorasiya və Su Təsərrüfatı ASC suyu mənbədən götürüb əsas kanallara çatdırmaqla işi bitmiş hesab edir. Onun regiondakı qurumları isə əhali sahəsini suvara bildi, bilmədi pul yığmaqla məşğuldur. Əslində su qənaətlə və təsərrüfatlar sayı hesablanıb verilməlidir. Əvvəldən sonadək idarə olunmalıdır. Su üzərində idarəetmə olmadığına görə yerlərdə monopolistlər iş başındadır. Suyun yuxarı axarlarında olan fermerlər, böyük təsərrüfat sahibləri sudan həddən çox istifadə edirlər. İl ərzində əgər torpaq beş dəfə suvarılmalıdırsa bunlar iki dəfə çox edir. Həm sudan istifadədə israfçılığa yol verirlər, həm aşağı yaxında olan kəndlilərə suyu əlçatmaz edirlər, həm də torpağı şoranlaşdırıb məhsuldarlığı azaldırlar”.

“İkinci başlıca problem illərdir ki, beton kanalların istifadəsiz, təmirsiz qalmasıdır. Baxımsızlıqdan istismar müddətini başa vurublar. Onlar və torpaq kanallar isə suyu itkiyə verir, filtrasiyaya uğrayır. O kanalların keçdiyi ərazilərdə artıq şoranlaşma ciddi problemdir. İkitərəfli ziyan vurur. Əkin sahələrinə su çatmır, torpaqlar sıradan çıxır, məhsuldarlıq aşağı düşür. Üçüncü problem isə iqlim dəyişikliyi ilə əlaqədardır. Artıq quraqlığa görə qış aylarında qar, buz ehtiyatı toplanmır. Toplanan ehtiyat da erkən yazda əriyib gedir. Odur ki, son illərin yaz və yay aylarında çayların səviyyəsi minumum həddə düşür, su qıtlığı yaranır”, – deyə o qeyd edir.

Su anbarlarının 60-70 faiz həcmi lillə örtülüb”

O qeyd edir ki, ölkədə əkin sahələrinə nisbətdə mövcud 140 su anbarının sayı azdır və illərdir ki, tutum həcmi lildən dolayı azalır.

Su anbarlarının sayı artırılmalı və lildən təmizlənməlidir və bu məqsədlə ayrılan vəsaitin hesabatı olmalıdır:

Çıxış yolu kimi 100 əlavə su anbarı tikilməli, mövcud su anbarları lildən təmizlənməlidir. Çünki su anbarlarının 60-70 faiz həcmi lillə örtülüb, təmizlənir. Bu ciddi problemdir, illərdir təmizlənmir. Məsələn şahidi oldum ki, 17 metr dərinliyi olan Hacıqabul su anbarının 12 metrini lil tutub. Beş il öncə vəsait ayrıldı ki, təmizlənsin. Anbar təmizlənmədi, ancaq vəsaitin də aqibəti bilinmədi. Nəticədə rayonun əkinə yararlı 50 min hektar əkin sahəsində əkin aparmaq olmur, çünki su tapılmır. Digər su anbarlarında da vəziyyət eynidir. Odur ki, yağıntı, qar, buz ehtiyatı az da olsa erkən yazda anbarlar təmizlənib doldurulmalıdır ki, yazda, yayda əkinçilər sudan əziyyət çəkməsin”.

250 min hektar ərazidə müasir suvarma sistemləri qurulmalıdır”

Kiçik torpaq sahiblərinin gəliri çox azdır, onların bahalı suvarma sistemindən yararlanması ağlabatan və əlçatan deyil. Müasir suvarma sistemlərindən istifadəyə iri fermerləri, iri torpaq sahiblərini cəlb etmək lazımdır ki, suyu israf etməsinlər. Ölkədə 4 milyon əkinə yararlı torpaq sahəsindən 400 min hektarı, yəni 25 faizi suvarılan torpaqlardır. Təcili şəkildə torpaq sahəsi 100 hektardan tutmuş 1500 hektar və daha çox olanlar müasir suvarma sistemləri ilə təchiz edilməlidir. 109 min hektar sahənin müasir suvarma suyundan istifadə etməsi ölkəmiz üçün çox aşağı göstəricidir. Ən azı 400 min hektar əkinə yararlı suvarılan torpaq sahəsinin 250 min hektarında müasir suvarma sistemləri qurulmalıdır. Təxminən on dəfəyə qədər bu sistem suvarma suyuna qənaət edir. Dünyada da minumum on hektardan yuxarı əkin sahəsi olan iri fermerləri bu işə cəlb edirlər. Bu onların mənbədən az su götürməsinə səbəb olacaq. Əslində mövcud suvarma suyunun çatışmazlığı iri fermerlərin suyu israf etməsindən irəli gəlir”, – deyə iqtisadçı vurğulayır.

Hökumət xərc çəkməlidir, fermeri yükləməli deyil”

Onun sözlərinə görə, hökümət ciddi aqrar islahatlar naminə fermerlərə əsaslı dəstək olmalıdır və müəyyən iri güzəştlərə getməlidir:

Ölkədə müasir suvarma sistemlərinin istehsalı yoxdur, idxal edilir. İdxal və gömrük xərclərindən azad olduğu deyilsə də, güzəştli kreditlər hesabına verilsə də yenə də satış qiyməti çox bahadır. Fermerlər, sahibkarlar birbaşa özləri gedib alsa, hansısa monopolist şirkətlər vasitəçilik etməsə, bir qurğu 70-80 min manata deyil, 40-50 min manata başa gələr. Məqsəd aqrar sahəni dirçəltmək və su çatışmazlığını həll etməkdirsə fermerlərin, kəndlilərin yükünü azaltmaq lazımdır. Güzəştli kreditlər faizsiz verilməli, suvarma sistemləri üçün ayrılan kreditlərin faiz hissəsinin subsidiyalaşmaı proqramı həyata keçirilməlidir. Hökümət xərc çəkməlidir, fermeri yükləməli deyil”.

Akif Nəsirli. Foto: “Telegraf.az”

İqtisadçı hesab edir ki, dövlətlərarası müqavilə ilə də müasir suvarma sistemləri gətirilə bilər:

Neft, qaz gəliri hesabına aqrar sahə yüksək inkişaf etdirilə bilər. Dəstək olunsun ki, aqrar sahə də inkişaf edib büdcəni maliyyələşdirə bilsin. Təəssüflər ki, ildən ilə kənd təsərrüfatının inkişafına ayrılan vəsaitin miqdarında azalma var. Ötən il 200 milyon vəsait artırmışdılarsa, bu il 5-6 milyon azaldıblar. Fevral ayında 920 milyon dollar vəsait satılıb, bu milyard dollara yaxındır. Ancaq kənd təsərrüfatına ildə bir milyard vəsait ayrılır. 1.6 milyard vəsait isə bir ayda manatın saxlanmasına xərclənir. Bu xərclər azaldılmalı, arqar sahəyə ciddi diqqət, nəzarət, vəsait yetirilməlidir. Məhz müasir suvarma sistemlərinə də dövlət özü xərc çəkməli, fermerlərə cüzi yük qalmalıdır ki, bilsin başlıca işi çoxlu keyfiyyətli məhsul istehsal edib daxili tələbatı ödəyib, ixrac etməlidir. Yerli istehsalı artırıb inkişafa töhfə verməlidir, daha güzəştli kredit adı ilə illərlə faiz ödəməli, hansısa monopolist şirkətlərə işləməli deyil”.

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …