Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Manşet / ŞUŞA SƏFƏRİNƏ DÜRTÜLMƏK İSTƏYİRƏM!

ŞUŞA SƏFƏRİNƏ DÜRTÜLMƏK İSTƏYİRƏM!

Əslən şuşalı olan çox yaxın bir dostum hazırda Şuşada ciddi işlərlə məşğuldur. İş adamı kimi əhəmiyyətli bir sahəyə investisiya yatırıb. Qazançı bəlkədə çox azdır, amma Vətənə və millətə xeyirli işlə məşğuldur. Həm də mənim jurnalist fəaliyyətimi çox yaxından izləyən adamdır.

Efirlərdə görür, yazdıqlarımı oxuyur və arada prinsipiallığımın şahidi olub deyə, məni hakimiyyətin yanında çox hörmətli bir adam olduğumu zənn edir.Özü Bakıya tez-tez gələ bilmədiyi səbəbindən , arada zəng vurub soruşur: “Axı, sən niyə Şuşaya gəlmirsən?” Əvvəl-əvvəl cavab verirdim ki, ora hər adamı buraxmırlar, gərək xüsusi icazən ola.

Görür ki, Şuşaya bir məndən başqa hamını aparıblar. Bu səbəbdən də, artıq sual yox, təklif edir ki, nə vaxt məni Şuşaya apazdırsın … Bilirəm ki, bir günün içində bunu edə bilər, amma istəmirəm. Baş sındırıram görüm, nə statusda adam olmalıyam, Vətən, Dövlət qarşısında hansı xidmətləri göstərməliyəm ki, məni də nümayəndə heyətlərinin birinin tərkibinə dürtüşdürüb ora aparsınlar.

Hesab edirəm ki, mən məhz Qarabağ mövzusunda əlimdən gələn nə varsa etmişəm. İstər işğal, istər müharibə və hazırkı post-müharibə dönəmində bir gün də olsun bu mövzunu unutmamışam. Deməli, əlaqədar qurumlar bu cür fəaliyyəti nəzərə almırlar. Yalnız onların maraqlarına balaca da olsa toxunanda, adam hər detala nəzarət olunduğunun fərqinə vara bilir. Təəssüf ki, mən bunu yalnız Şuşa səfəri ilə bağlı deyil, həyatımın bütün sahələrində hiss edirəm.

Gəldiyim nəticə budur, hakimiyyət yanında olanların deyil, önündə olanların qayğısına daha çox qalır, həmin tip adamlara daha çox diqqət göstərir. Bu, heç də yaxşı tendensiya deyil!Məhz hansısa nümayəndə heyətinin tərkibində ona görə getmək istəyirəm ki, ən azı dostumun yanında bir az qürrələnə bilim, heç olmada mənim barəmdə olan düşüncələri param-parça olmasın.

Dürtüşdürmək deyəndə, sizə qəribə gəlməsin. Adamlar var ki, həm jurnalist, həm QHT rəhbəri, həm partiya sədri, bir sözlə bütün növ nümayəndə heyətlərinin tərkibində Şuşanı 5 “kruq” vurub. Birindən də imtina etməyiblər ki, biz bu dəfə qalaq, qoy görməyənlər getsin.

Ora gedən dindarların nümayəndə heyətinin tərkibində meyxana deyəni sala bilirlərsə, deməli, məni də soxuşdurmağa da bir yer tapa bilərlər. Hətta varlı ölkənin kasıblardan ibarət nümayəndə heyətinin tərkibində belə , həmin şəhəri ziyarət etməyə razıyam!

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Gənclər və İdman Nazirliyinin seçki saxtakarlığı: qanunsuzluğu kim edib? – FOTO

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər zamanı saxtakarlıq edilib.Belə ki, iyulun 17-də baş …