Ana səhifə / Manşet / ” Şuşa mənim ürəyimin bir parçasıdır ” – Tanınmış Rəssam Səyyar Əliyevdən çox təsirli ifadələr

” Şuşa mənim ürəyimin bir parçasıdır ” – Tanınmış Rəssam Səyyar Əliyevdən çox təsirli ifadələr

Rəssam Səyyar Əliyevin tablolarına baxdıqca əsərdə olan hər süjet insanı duyğulandırır, heyrətləndirir. Tablolar o qədər canlı, ürəkdən işlənib ki, təbiət mənzərələri, fəlsəfi kompozisiyalar adamı özünə cəlb edir, fikir aləminə qərq edir. Sanki əsərlər dil açıb danışır.

Qarabağ həsrəti, Şuşanın bütün təbiəti, hər bir çiçəyi, otu, bulağı, sərt qayaları, cəh-cəh vuran bülbülləri rəssamın kətan üzərindəki rəsm əsərlərində sanki cəmlənib. Bu əsərlərə tamaşa etdikcə vətən həsrəti, vətən yanğısı qəlbimizi göynədir. Xan əminin ruhu bizi Cıdır düzünə səsləyir. “Sarı qayanın kədəri” əsəri bizi o doğma yurdumuzu unutmamağa haraylayır. Rəssamın bu əsər haqda fikri daha maraqlıdır: “Mən Şuşada boya-başa çatmışam. O möcüzəli aləmin havasını udmuşam, suyunu içmişəm. Öz oğulluq borcumu rənglərin diliylə vəsf etmişəm. Sarı qaya Qarabağın hər yerində var. Şuşanın daşaltısında, Ağdamın Qarqar çayının sahilində, Kəlbəcərdə, Laçında, Qubadlıda, bütün işğal olunmuş torpaqlarımızda Sarı qayanın simvolu var. Bu tablolar Sarı qaya kədəridir. Yağı düşmən nə qədər ki, torpağımızı, yurdumuzu işğal altında saxlayır, Sarı qayamız da kədər içindədir. İnşallah torpağımızı yadelli işğalçılardan azad edəndən sonra “Sarı qayanın kədəri” qələbəsi ilə əvəz olunacaqdır”.

“Cıdır düzünün həsrəti” əsərinə tamaşa edərkən qələmlə təsvir oluna bilməyən o ecazkar möcüzəli mənzərə, Xarı bülbül bitkisi göz önündə canlanır. “Xarı bülbül” əsəri olduqca diqqəti cəlb edir.

Bu günlərdə Səyyar müəllimlə Muğam Mərkəzində keçirilən Muğam müsabiqəsi ilə əlaqədar konsertə gedərkən mənə bir ədəd Xarı bülbül bitkisini hədiyyə edib dedi: Bu bitkini Xızıdan mənə gətiriblər. Şamaxı meşəsində də, Qusarda da bu bitkiyə rast gəlmək olur. Amma Cıdır düzündə bitən Xarı bülbül bitkisi daha əzəmətli, möhtəşəm idi.

Digər bölgələrdə bitən bu möcüzəli bitki nədənsə, sapsarı, bənizi solmuş, kədərli görsənir. Bəlkə də Cıdır düzünün yağı tapdağında qalmasına dözməyib, köçüb digər dağlarımızda yurd salaraq xiffət çəkir? İlahinin yaratdığı möcüzəli Xarı bülbül bitkisində bülbülün, arının, xarın təsviri necə aydın görsənir. Rəbbimdən güc alan Səyyar Əliyevin yaratdığı “Cənnət meyvəsi” tablosuna tamaşa edərkən tamaşaçı özünü nar bağında hiss edir. Nar müqəddəs kitabımızda da Cənnət meyvəsi adlandırılıb. Əsərə baxanda nar haqqında yazdığım şeir yadıma düşür:

Nar cənnət meyvəsidir, günəştək işıq saçır,

Yer də, Ulduz, Günəş də dairəvi gül açır.

Nar səthinə fikir ver, dağ, dərə də, düz də var,

Nar dənəsi – insanlar mehriban yaşayırlar.

Ölkələr bir-biriylə sərhədlə ayrılırlar,

Narda pərdələr sanki sərhəddi ayırırlar.

Dirilik dənəsi var, ehtiyat ilə kəsin,

Narı bölüb yeyəndə çalış yerə düşməsin.

Narın tacı məsciddə Minarəyə bənzəyir,

Allahın taxt-tacına o da belə baş əyir.

Narı qurd yeyən zaman tapa bilməzsən safın,

İblis girsə qəlbinə, eşit bu söz sərrafın.

Ruhdan düşən insanı şeytan tez məhv eyləyir,

Hikməti duyanlara Rauf ömür diləyir.

Şelli narının hər bir dənəsi üzüm giləsi boydaydı. Tablo o qədər canlı işlənib ki, istəyirsən əl uzadıb birini dərəsən.

Çox təəssüflər olsun ki, əlimiz hələ nə Şelliyə çatır, nə Xocalı müsibəti yadımızdan çıxır.

“Xocalı faciəsi” kədər dolu nisgildir. Qələm dostumuz Surxay Əlibəylinin fikri olduqca maraqlıdır: “Uzaqda yandırılıb xarabalığa çevrilmiş Xocalı görsəniz, qar üzərində döşənmiş insan cəsədləri”, sonsuz kədər və məyusluqla tənha, köməksiz ümidini Tanrıya bağlamış bir ana soyuqdan donmasın deyə, körpəsini şalına bükərək sinəsinə sıxıb. Əsər tamaşaçıda bir nigarançılıq yaradır: Ana öz namusunu və körpəsini işğalçılarının caynağından xilas edə biləcəkmi? Bax, elə bu nigarançılıqdır bu əsərin dəyəri.

Şuşasız yaşamaq olduqca dəhşətdir. Şuşa mənim ürəyimin bir parçasıdır – deyən Səyyar Əliyev bir-birindən fərqli 150-dən çox rəsm əsərinin müəllifidir. Yağlı boyalarla, kətan üzərində aylarla, yuxusuz gecələrində yaratdığı canlı tablolar tamaşaçıların yaddaşından silinmir və hər kəsi duyğulandırır.

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyatxan Əliyevin dediklərindən: “Dünyaya gözünü əsrarəngiz Qarabağ torpağında açan Səyyar Əliyev uşaqlıqdan bu günə kimi doğma yurdun təbiətini özünə məktəb saymaqla bu gün böyük irsə çevrilmiş yaradıcılığında duyulası, cəlbedici və düşündürücü rəngkarlıq dünyası yaratmağa nail olmuşdur. O, Qarabağın, xüsusilə də doğma Şuşanın təbiətini öz əsərlərində tamaşaçı ilə ünsiyyət qura biləcək mənəvi psixoloji qaynağa çevirə bilmişdir. Belə ki, çox qəribə auraya və kosmik-estetik enerjiyə malik olan bu əsərlərə hər yeni baxışda tamaşaçı özü üçün yeni qürurverici və düşündürücü dəyərlər kəşv edə bilir. Bu Qarabağ-Şuşa mənzərələri doğrudan da kodlaşdırılmış kimidirlər, onlar onları görə və duya bilənlər üçün nəhayətsiz, sözlə ifadə olunmayan mənəviyyat daşıyıcılardır. Odur ki, ağ kətan üzərində “Qarabağ şikəstəsi”nin sədaları altında rənglərlə əsirlikdə olan doğma yurdun kədər nəğməsini yaradan Səyyar Əliyev əsərlərinin duyulası mücərrədliyinə rəğmən, özü az qala başqa dünyadan gəlmiş kimi görünür. Əslində isə Qarabağı

müqəddəs torpaq hesab edən, onun şeytan xislətlilərin hiyləsinin qurbanı olduğunu söyləyən, onun sakinlərinin Şuşaya, Cıdır düzünə, Sarı qayayay həsrətli qaldığını dilə gətirən, xarı bülbülünün, al lalələrin və narların doğma nəfəslər üçün “yanıb-yaxıldığı”nı vurğulayan və Xocalı müsibətini əsərlərində haraylayan Səyyar Əliyev ruhların səsinə səs verərək, bu əsərləri ilə itirilənlərə kədərləndiyini bildirir.

Amma rənglərin “oxuduğu” kədər nə qədər təzadlı və düşündürücü olsa da, nikbin, gələcəyə ümidlidir. “Yaman günün ömrü az olar” deyiminə tapınan vətənpərvər rəssamın təfsirində bu nikbinlik həm də insanlığa yaraşmayan əməlləri ilə kələfin ucunu itirdiklərini sübut edənlərə yönəli ittiham dolu bir ismarıcdır.

Respublikanın xalq rəssamı Arif Hüseynov: – “Səyyar Əliyevin əsərlərinin sərgisinin ilk tamaşaçılarından biri mənəm. Səyyarın əsərləri metaforik əsərlərdir. Burda hissiyyat və fəlsəfə üstünlük təşkil edir”.

Ağdam şəhər sakini Niyaz Allahverdiyev: – “Mən Səyyar müəllimin əsərlərinə baxanda elə bilirəm ki, Şuşadayam. Gözlərimin qarşısında əzəmətli Şuşa canlanır. Mənə elə gəlir ki, Mamayı bulağından su içirəm. Cıdır düzünün əfsanəvi havasını uduram. Ustad sənətkar, xalçaçı rəssam Lətif Kərimov deyirdi ki, “Udun bu havanı, bu hava can dərmanıdır”.

Həqiqətən də uzun illərdir ki, Şuşasız, Ağdamsız, Qarabağsız yaşayan minlərlə köçkün soydaşlarımız yurd həsrətinə, vətən itkisinə dözmürlər, o cənnət-məkanımız, sağlamlıq mənbəyimiz olan Şuşamızın saf havasını ciyərimizə çəkməkdən məhrum olmuşuq.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Emin Kərimov: – “Səyyarın çəkdiyi tablolar çox ifadəlidir. Onun əsərlərində Qarabağın bütün gözəllikləri öz əksini tapıb”.

“Nigaran ruhlar” tablosu barədə rəssam danışır: “Bu ruhlar Qarabağın erməni işğalında olmasından çox narahatdır. Onların nigarançılığı o vaxt sona yetə bilər ki, Qarabağ geri alınsın”.

Tabloya diqqətlə baxarkən düşünürəm ki, Səyyar Əliyev sözlə ifadə edə bilmədiklərini fırçanın diliylə peşəkarlıqla canlandırıb. Vətən yanğısı rəssamın qəlbində düyün, kədər bağlayıb. Çünki onda Vətənə, dövlətə, yurda bağlılıq, torpağa sonsuz sevgi olduqca güclüdür.

Bəşəriyyəti sülhə, əmin-amanlığa səsləyən rəssamın əsərlərində Günəşin, Ayın və Kainatın yaranması tabloları olduqca təsirli və cəlbedicidir.

Ömrünü rənglərlə yaşayan rəssamın saçları da vaxtsız bəyazlaşıb, vaxtından tez qocalıb. Amma onda olan vətən sevgisi heç zaman qocalmır, əksinə, bir-birindən fərqli yeni-yeni əsərlər yaradır.

Dəfələrlə fərqli yaradıcılıq sərgisi keçirilmiş Səyyar Əliyev hazırda ADPU-nin təsviri incəsənət kafedrasının müəllimidir. Tarix-etnoqrafiya üzrə fəlsəfə doktorudur. Şuşa şəhər məcburi köçkünü olan istedadlı rəssam hal-hazırda kirayədə yaşayır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 2017-2019-cu tədris ilində “Sənətşünaslıq” fakültəsinin magistr pilləsinə qəbul olunmuş tələbələrinin dissertasiya

müdafəsi olmuşdur. Magistrlərin və elmi rəhbərlərin iştirakı ilə keçirilmiş müzakirə olduqca maraqlı keçmişdir.

Magistr Əminə Məmmədova “Təsviri sənətin Qarabağ mövzusu”nda rəssam Səyyar Əliyevin rəsm əsərlərindən müdafiə etmiş və ən yüksək bal qazanmışdır. Əminə xanım xüsusilə vurğulamışdır ki, rəssam Səyyar Əliyevin əsərlərində Qarabağ ağrı-acısı öz əksini tapmışdır. Kətan üzrə janrı rəssamın yaradıcılığında mühüm rol oynayır.

Arzu edirik ki, rəssam Səyyar Əliyevin növbəti sərgisi doğma Şuşamızda keçirilsin. Düşmən tapdağında inləyən dədə-baba torpağımızı azad edək. İstedadlı rəssamın çəkdiyi əsərlər gül-çiçəklər, meşələr, bulaqlar, dağ çayları olsun.

Xiffət çəkən Xarı bülbülümüz Cıdır düzündə doğmalarına qovuşsun.

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …