Cümə , Oktyabr 23 2020
Ana səhifə / Manşet / “STAR-M” MTK vətəndaşın xəbəri olmadan aldığı 250 minlik mənzili başqasına satıb – ŞİKAYƏT+FOTOLAR

“STAR-M” MTK vətəndaşın xəbəri olmadan aldığı 250 minlik mənzili başqasına satıb – ŞİKAYƏT+FOTOLAR

“STAR-M” MTK-ya məxsus Nəsimi rayonu H.Ələsgərov, C. Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrini əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında inşa edilmiş yaşayış binasında ümumi sahəsi 227,17 kv.m olan 4 otaqlı mənzil sahibinin xəbəri olmadan MTK-nın rəhbəri Məhərrəm Məhərrəmov tərəfindən başqa bir şəxsə satılıb. Bu barədə məlumatı Azinforum.az İnformasiya Agentliyinə mənzilin faktiki sahibi olan, lakin hələlik adının çəkilməsini istəməyən xanım vətəndaş verib. Şikayətçi bildirir ki, 2018-ci ildə ev alqı-satqısı ilə məşğul olan bir nəfər “maklerin” vasitəçiliyi ilə həmin MTK-dan yuxarıda göstərilən ünvandan mənzil almaq qərarına gəliblər: “Müvafiq sənədləşmə aparıldıqdan sonra, aldığımız mənzilə ödənişlər etməyə başladıq. İndiyə qədər 107 min manat MTK-ya, 3 min manat da bizi tanış edən “maklerə” ödəmişik. Ötən il bizim ailənin bir qədər maddi sıxıntısı oldu. Bu səbəbdən də ödənişi stabil edə bilmədik. MTK-nın rəhbəri ilə razılaşdıq ki, mənzilə birlikdə müştəri tapaq, satılsın və biz öz ödədiyimiz pulu geri götürək. Çünki mən bilrdim ki, qalan məbləği ödəməyə gücümüz çatmayacaq. Sonradan biz çətinliklə olsa da, borc tapıb ödənişi davam etdirmək qərarına gəldik. Sizə təqdim etdiyimiz ödəniş qəbzindən də görünür ki, biz 2020-ci ilin yanvar ayının 08-də 27 min manat ödəniş etmişik. Təsəvvür edirsinizmi, bu adam bizim mənzilimizi başqasına satdığı halda, bizdən 27 min ödəniş qəbul edib. Bunun adı fırıldaq deyilsə, bəs nədir? Bugünlərdə bilmişik ki, MTK bizim xəbərimiz olmadan, bir neçə ay əvvəl , mənzili tanımadığımız bir şəxsə satıb, hətta mənzilin satıldığına dair maliyyə arayışı da verib. Düzü, əvvəl inanmadıq. Çünki belə qanunsuzluğu necə etmək olar? Həmin ünvana gedəndə, deyilənlərin həqiqət olduğu üzə çıxdı. Sizə təqdim etdiyimiz fotodan da görünür ki, bizim aldığımız mənzil tam təmir olunub, başqa qapı qoyulub, hətta kamera da quraşdırılıb. İradımızı sərt şəkildə MTK rəhbərinə bildirsək də xeyiri yoxdur. Məhərrəm Məhərrəmov nə bizim ödədiyimiz pulu geri qaytarır, nə də mənzilimizi özümüzə verir. Bu, kobud qanun pozuntusudur. Yeni iş günü başlayan kimi, hüquq-mühafizə orqanlarına başımıza açılan oyunla bağlı şikayət edəcəyik. Sizdən də xahiş edirik ki, bu ədalətsiliyin qarşısını almaqda bizə kömək edəsiniz”.

FOTO- SON ÖDƏNİŞİN 2020-ci İLİN YANVARINDA OLDUĞUNU SÜBUT EDƏN QƏBZ

Qeyd edək ki, şikayətçi bizə etdiyi ödənişlərə dair qəbzləri və digər sənədləri də təqdim edib. Azinforum.az olaraq sözügedən MTK-nın rəhbəri ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

“AYPARA” VƏ YA “QURD QAPANI” TAKTİKASI… – Ordumuzun düşməni məhv etdiyi strategiyasının sirri nədir?

Azərbaycanın müzəffər ordusu işğal olunmuş torpaqlarımızı uğurla geri qaytarır. Artıq bir neçə rayon, onlarla kənd …