Çərşənbə axşamı , Sentyabr 22 2020
Ana səhifə / Manşet / “SOCAR – Azərbaycan iqtisadiyyatının “qara dəliyi” və ya “bavul tüccarı” Anar neft maqnatına necə çevrildi?”

“SOCAR – Azərbaycan iqtisadiyyatının “qara dəliyi” və ya “bavul tüccarı” Anar neft maqnatına necə çevrildi?”

Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər vəsait ayrılıb, daha da böyük nəticə əldə olunmalı idi. Ancaq bu, yoxdur. Çünki birinci növbədə onlar tam əmindirlər ki, dövlət həmişə bunların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək, onlara subsidiya verəcək və beləliklə, bunlarda arxayınlıq yaranıbdır”.

Prezident İlham Əliyev avqustun 4-də keçirdiyi video-müşavirədə belə deyib. Onun sözlərindən aydın olur ki, dövlət şirkətləri aldıqları kreditləri, subsidiyaları necə gəldi xərcləyir, rentabelsiz layihələr həyata keçirir, nəticədə isə aldıqlarından müqayisə edilməyəcək qədər az  vergi ödəyirlər. Başqa sözlə desək, dövlət şirkətləri iqtisadiyyatımızın “qara dəlik”lərinə çevriliblər. Hansı ki, ətrafında fırlanan ulduzları yeyə-yeyə böyüyür və bir gün ulduzun hamısını bir anda udacaq vəziyyətə gəlirlər. 

“Onu da bildirməliyəm ki, bizim vergilərimizin 75 faizi özəl sektorda formalaşır. Əgər vergi sistemində ciddi islahatlar aparılmasaydı, biz bu vergiləri də yığa bilməyəcəkdik, onları görə bilməyəcəkdik. Məhz bu sahədə aparılan islahatlar nəticəsində biz 6 ay ərzində proqnozdan əlavə vəsait yığa bildik. Ancaq, əlbəttə ki, ilin sonuna qədər bu, belə davam edə bilməz”,-bunu da ölkə başçısı həmin müşavirədə bildirib. Təsəvvür edirsinizmi, hər il dövlətdən milyardlarla subsidiyalar, beynəlxalq maliyyə qurumlarından kreditlər alan dövlət şirkətlərinin büdcəmizin formalaşmasına qatqısı, demək olar ki, gözəgörünməyəcək səviyyədədir. Zira dövlət büdcəsinin yalnız 32,6 faizi vergilər hesabına formalaşır. İllik büdcəmizin 24 milyard manat olduğunu nəzərə alsaq, bu hardasa 8 milyard manat edir. 8 milyardın 25%-i isə 2 milyarda bərabərdir. 

Dəhşətli faktdır, deyilmi? Ölkə başçısının sözügedən müşavirədə adını çəkdiyi və çəkmədiyi onlarla dövlət şirkəti var. Ölkə iqtisadiyyatında təbii monopoliya yaradan və başqalarının fəaliyyətinə imkan verməyən bu şirkətlərin Azərbaycan büdcəsinə ödədikləri vergi 2 milyardı keçmir. Əvəzində isə hər il büdcəmizdən dəfələrlə çox sübsidiya, beynəlxalq maliyyə qurumlarından milyardlarla dollar kredit alırlar. Nəticədə aldıqları xarici borcları da zavallı Azərbaycan xalqının çiyninə yükləyirlər. 

Ölkəmizin ən iri və ən çox borc altına girən dövlət şirkəti isə SOCAR-dır. Ötən il bu şirkət Azərbaycan büdcəsinə 1 milyard 409,3 milyon manat vəsait ödəyib. Dollara çevirsək, cəmi 824 milyon. Bəs görəsən, bu şirkət dövlət büdcəmizə nə qədər zərər vurub? Prezidentin dediyinə görə, onun bir çox öhdəliklərini dövlət həyata keçirdiyindən, bunu hesablamağımız mümkün deyil. Amma fakt budur ki, bütün bu güzəştlərə baxmayaraq, SOCAR hər il borcla yüklənir və bunu ödəmək məsuliyyətini bizim öhdəmizə buraxır. Gəlin, faktlara nəzər salaq. 

SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun bildirdiyinə görə, 2016-cı ildə bu şirkətin 9.4 milyard manat borcu vardı. 2017-ci ildə bu borc 12 milyard 450 milyon manata yüksəlmişdi. Fərq bir ildə 3 milyard manatdan çox. Üstəlik, onun öhdəlik borclarına da 5 quruş xərci çıxmayıb. Yəni hazıra nazir olduğu ailə təsərrüfatı ( ötən yazımızda da qeyd etdiyimiz kimi SOCAR dövlət şirkəti yox, Rövnəq Abdullayevin ailə təsərrüfatıdır) nə qazanıbsa öz cibinə qoyub. Bu da azmış kimi, alicənab dövlət əfəndimiz bir də həmin ailə təsərrüfatını milli sərvətlərimizi yaxşı həzmi-rabedən keçirdiyi üçün böyük həcmli subsiyalarla “mükafatlandırıb”. Lap məşhur cizgifilmində deyildiyi kimi, “Garfield geceleri iyi uyumak için gündüzleri dinleniyor”.

Hər halda Prezidentin dediyindən belə çıxır: “Hətta ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir”.

Gözəl biznesdir, deyilmi? Yerli və xarici mənbələrdən 3 milyard manat borc alacaqsan, onun 1 milyard 409,3 milyonunu (heç yarısını da yox)  vergi adıyla büdcəyə qaytaracaqsan. Dövlət sənin qaytardığın pulun bir hissəsilə kəndləri qazlaşdıracaq. Bu zaman belə, əlini cibinə salmayacaqsan. Sənin payına düşən sərvətlərimizin istismarından əldə etdiyin vəsaiti isə SOCAR-da yaratdığın aktopod sistemi vasitəsilə həzmi-rabedən keçirəcək. Azərbaycan xalqından oğurlanan vəsaitlə erməni kilsələrinə müftə qaz çəkəcək, Yaponiyada cudo yarışlarını maliyyələşdirəcək, nə bilim, hansı min oyundan çıxacaqsan. Bununla da kifayətlənməyib, haqqı yeyilən insanların etiraz səsini boğmaq üçün senzura sistemi yaradacaq, barəndə yazan saytları dağıdacaqsan. Sonra da özünə XXİ əsrin Zeynəlabidin Tağıyevi deyib, bu bənzətməylə əslində adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran bir xeyirxah insanı “oğru” kimi təqdim edərək ruhunu incidəcəksən.

 Sual oluna bilər: Rövnəq Abdullayevin SOCAR-da qurduğu ailə təsərrüfatı şeytanın belə ağlına gəlməyən “qara dəlik” mexanizmini necə formalaşdırıb?  Gəlin, bu sualın cavabını tapmaq üçün məxəzlərə müraciət edək.

Azərbaycan mediası SOCAR “qara dəliyi”nin dövlət əmlakını özününküləşdirmə mexanizminin əsas çərxlərindən biri kimi fəaliyyət göstərən Anar Əlizadə barədə yazır:

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft istehsalından tutmuş onun satılmasına qədər işləri bir neçə özəl ortaqla paylaşıb. Bu işlər paylaşarkən tenderlər keçirilməyib və Azərbaycan neftindən özəl ortaqların hansı məntiqlə seçilməsi müəmma olaraq qalır.

Bunlardan biri Azərbaycan vətəndaşı, 1978-ci il doğumlu Anar Əliyevdir.

İngiltərənin Global Witness təşkilatının araşdırması göstərir ki, SOCAR-ın ən azı 48 sövdələşməsində (2013-cü ilə qədər) adı keçən şirkətlərlə Anar Əliyevin bağlılığı var. Bunlardan yalnız birində Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan Socar Trading SA şirkətindən Anar Əliyevin qazancı 100 milyon dollardan artıq olub. Görəsən Anar Əlizadə bu 100 miliyonları hansı dərin potensialına dayanaraq qazanıb?

Anar Əliyev 2007-ci ildə Birləşmiş Ərəb Əmirliklərində Heritage General Trading FZE şirkətini yaradıb (hansi pula və kimin hesabina). 

Ovqat.com-un haşiyəsi

Bu yerdə kiçik haşiyəyə çıxmasaq, olmaz: Anar Əlizadənin özünün etirafına görə, o, bu illərə qədər Naxçıvanla Türkiyə arasında “bavul ticarətinə” baxırdı. Yəni kiçik alverlə məşğul idi. Görünür, adam Naxçıvan əhalisinin alıcılıq qabiliyyətinin yüksəkliyi səbəbindən qısa zaman ərzində elə varlanıb ki, beynəlxalq miqyaslı neft ticarətinə girişib. Sonra da Siyavuş Novruzov deyir ki, Naxçıvana əlavə dotasiya ayrılsın. Bu qədər yüksək rifah halında yaşayan məmləkətə nə dotasiya?

Bu şirkətin SOCAR-la son zamanlara qədər olan ortaq biznesinə nəzər salaq:

SOCAR TRADİNG SA

SOCAR-ın 2012-ci ildə potensial investorlar üçün hazırladığı bond prospektində deyilir ki, ARDNŞ «iki beynəlxalq tərəfdaşı ilə birgə» Maltada Supra Holding şirkətini qeydiyyatdan keçirib. SOCAR-ın web səhifəsində həmin şirkətin nizamnamə kapitalının cəmi 5 milyon dollar olduğu göstərilib.

Həmin şirkətsə öz növbəsində 2008-ci ildə Socar Trading SA şirkətini yaradıb ki, Azərbaycan neftinin xaricdə bazarlanması ilə məşğul olsun.

Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əlaqələr Departamentinin xarici bazara çıxardığı xam neftin nə az, nə çox, 60 faizini məhz SOCAR Trading SA satırmış (Mənbə: Socar Bond Prospekti).

Bu əməliyyatlardan SOCAR Trading SA təkcə 2010-cu ilin yanvarından 2011-ci ilin iyununa qədər 128 milyon AZN (o zaman 1 manat – 1.20 dollar idi-Ovqat.com) mənfəət götürüb. Bu məbləğin sadəcə 50 faizi SOCAR-a qalıb. Qalanı digər payçılar arasında bölünüb. (Məşhur bir kinokomediyada deyildiyi kimi, “Bax, bu mənim, bu mollanın” – Ovqat.com)

2012-ci ildə SOCAR Supra Holding Limited şirkətinin özəl səhmdarları Anar Əliyev və Valeriy Golovuşkindən onların paylarını alıb. Global Witnessin araşdırmasında göstərilir ki, payları təhvil vermələri üçün Anar Əliyevin şirkətinə 103 milyon ABŞ dollarıRusiyalı Valeriy Qolovuşkinə məxsus Renfrel Holding-ə isə 30 milyon ABŞ dolları ödəyib.


Beləcə, 5 milyon dollarlıq investisiya Anar Əliyevə 150 milyon dollardan artıq gəlir gətirib.

«Bu yenidən bizi o suala qaytarır ki, niyə SOCAR sadəcə mütəxəssisləri işə götürmək və nefti özü satmaq əvəzinə həmin işə ortaqlar cəlb edib», – Global Witness hesabatında sual edir.

SOCAR-dan SOCAR-a neft satan şirkət

2011-ci ilin iyunundan etibarən SOCAR nefti satmaqda vasitəçi olmaq üçün başqa ortaqlıq yaradır.
( ardı var)

Həmçinin oxuyun

Aslan İsmayılov, yoxsa… “poplavok”

Aydın Canıyev Aslan İsmayılov heç vaxt heç bir problemim olmayan SƏHNƏ İSMİdir! Onu həmişə DƏYƏR …