Çərşənbə axşamı , May 30 2023
Ana səhifə / Manşet / Siyasət(baz)lıq edənlərin ölkəyə verdiyi töhfə…

Siyasət(baz)lıq edənlərin ölkəyə verdiyi töhfə…

Azərbaycan jurnalistinin, siyasətçisinin və sadə vətəndaşının Türkiyədə keçirilən seçkilərə bu qədər maraq göstərməsi, böyük həvəslə hansısa tərəfə azarkeşlik etməsi yalnız qardaş ölkə amili ilə bağlı deyil. Bu həm də insanların fiziki tələbatlarına aid olan məsələdir.

İstənilən ölkədə futbol azarkeşləri olduğu kimi, siyasət azarkeşləri də var. Bu təbiidir. Çünki toplum, öz ölkəsində baş verən proseslərə biganə qala bilməz. Biganə qalmayanda isə deməli, sən siyasətlə maraqlanmış və ya məşğul olmuş olursan.

Məsələn, sabah bizim ölkədə futbol oynamaq qadağa edilsə, bu , o demək deyil ki, bizim azarkeşlər futbolla maraqlanmayacaq: “Qalatasaray”a, “Barselona”ya, “Nant”a tərəfkeşlik etməyəcək.

Azərbaycanda siyasətlə məşğul olmaq qadağan edilməyib. Partiya adı altında bu işlə məşğul olanlara hətta şərait də yaradılır. Ancaq bu siyasətdə rol almalı olan partiya sədrləri, “ac qulağım, dinc qulağım” prinsipi ilə yaşamağa daha üstünlük verirlər.

Hakimiyyətlə o qədər alver içindədirlər ki, qorxurlar nəsə danışmaqla özlərini “yandırıb” aldıqları paketləri kəsdirə və ya dövlət qurumlarında yaxşı işlərə düzəltdikləri övladlarının yerini soyuq edə bilərlər.

Bir araşdırın görün, fəaliyyətləri beş qəpiyə dəyməyən əksər partiya sədrlərinin övladları hansı işlərlə məşğul olur və ya harada işləyir? Təbiidir ki, bunları öz qabiliyyətləri deyil, atalarının əlaqələri hesabına etdikləri üçün bu müzakirə mövzusuna çevrilir.

Bu adamlar daxili siyasətdən, əhalinin ağır sosial durumundan, məmur özbaşınalığından ümumiyyətlə söz açmırlar. Başlarını girələmək üçün ancaq geopolitik mövzularda danışmağa üstünlük verirlər. Burada da ehtiyatı əldən vermirlər.

Dəvət edildikləri “tok şoularda” gözləri iqtidar təmsilçilərinin ağzında olur ki, həmin adama verilən tezisə uyğun danışsınlar. Bİr sözlə, siyasi institutlar bir şəxsin və onun ailəsinin dolanışıq mənbəyindən başqa heç nəyə yaramır.

Tam səmimi olaraq etiraf ki, İlham Əliyev partiyalara ideoloji müstəvidə və ya başqa mövzular ətrafında polemika aparmağı, dartışmağı qəti qadağan etmir. Hətta mən şahidi oldum ki, siyasətlə məşğul olan bir dostumuz efirlərdə fərqli, prinsipial mövqe ortaya qoyduğu üçün, ona “sən dövlət siyasətinin əleyhinə gedirsən”, kimi tənələr qoşurdular.

Hətta cəmiyyətin bir qismini buna inandıra da bilmişdilər. Nəticə bu oldu ki, həmin dostumuzu yenə də televiziya efirlərində görürük. Deməli, hakimiyyət yekcins düşünən siyasi sistemin olmasında o qədər də maraqlı deyil. Sadəcə, bəzi siyasi işbazların özünüsenzurası bizi siyasətə azarkeşlik etmək şansından məhrum edib.

Siz son vaxtlar prinsipial mövzularla bağlı partiyalar arasında polemikalara rast gəlirsinizmi? Hətta vəziyyət o həddə çatıb ki, bəzi siyasi partiya sədrləri media ilə münasinətlərdə belə özlərinə zorla toxunulmazlıq statusu qazandırmaq istəyirlər.

Bəzi partiya sədrləri bir az da irəli gedərək, barələrində gedən bir cümlə fikirə görə, bir neçə sayt və jurnalisti ağır formada təhqir etməkdən belə çəkinmir. Bir sözlə, siyasət(baz)lıq edənlərə öz yerlərini göstərə bilməsək, siyasi instutlarımız bundan da rəzil günlərə qalacaq…

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

İstanbulda şərurluların məhəlləsi: Azərbaycanlılar niyə kütləvi şəkildə bura köçür? – VİDEO