Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / SERBİYADAN GƏTİRİLİB BAŞIMIZA ATILAN MİNAMYOTLAR VƏ SƏFİR ELDAR HƏSƏNOV SƏHLƏNKARLIĞI…

SERBİYADAN GƏTİRİLİB BAŞIMIZA ATILAN MİNAMYOTLAR VƏ SƏFİR ELDAR HƏSƏNOV SƏHLƏNKARLIĞI…

Düşmənlə üz-üzə döyüşdüyümüz zamanda dost saydığımız bəzi ölkələr arxadan kürəyimizə xəncər sancıb. Söhbət Serbiyanın Gürcüstan üzərindən Ermənistana göndərdiyi minamyotlardan gedir. Həmin minamyotları da Tovuzda gedən ağır döyüşlərdə düşmən başımıza yağdırıb. Dünən axşamdan yayılan bu ciddi məlumatı iki ölkədən heç biri təkzib etməyib.

Bu gün isə Serbiyanın Bakıdakı səfiri XİN-ə dəvət olunubsa, deməli, məlumatın doğruluğuna qəti şübhə yeri qalmır. Mənim diqqətimi bu məsələdə tamamilə başqa bir detal cəlb etdi. Həmin ölkədəki bizim səfirimizin kimliyi və nə işlə məşğul olması?

Bilməyənlərin nəzərinə çatdırım ki, bu personanın adı Eldar Həsənovdur. O, hazırda iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrini icra edir.

Uzun müddətdir ki, həmin Balkan ölkələrinə hansı müsbət hadisə verirsə, birbaşa Eldar Həsənovun adı ilə bağlayırlar. Hətta az qalırdılar desinlər ki, Ramil Səfərov da Eldar Həsənovun mahir və uzaqgörən diplomatik gedişlərinin sayəsində ömürülük həbsdən azad edilərək, Bakıya göndərilib.

Həmin coğrafiyada xırda bir uğura imza atılan kimi, dərhal Həsənovun nəzarətində olan saytlar, siyasilər, hətta partiyalar hərəkətə keçir, baş verənləri sabiq baş prokuror olan, indiki səfirin adı ilə bağlamaq üçün ayı xidmətləri ortaya qoyulurdu.

Nədənsə Serbiya ilə bağlı yaşanan indiki xoşagəlməz vəziyyətlə bağlı həmin adamlardan səs çıxmır, tam sükutdur. Bu dəfə mən haqlı olaraq sual edirəm: Eldar Həsənov orada nə işlə məşğul olub ki, Ermənistan gedib uzaq Balkan ölkəsində belə “konsert” verib? Bu, hansısa xırda bir əşya deyil ki, istənilən erməni biznesmen gedib pulunu verib alsın və sonra atıb avtomobilinin yük yerinə ölkəsinə gətirsin.

Söhbət böyük həcmdə olan silah müqaviləsindən gedir. Eldar Həsənov orada nə işlə məşğul olub ki, bu həcmdə olan silah razılaşmasından xəbərdar olmayıb? Bunu bilmək, bu barədə ölkənin əlaqədar qurumlarına məlumat vermək birbaşa onun səlahiyyətinə aid olan məsələdi.

Bizim Serbiyada istehsal olunan həmin minamyotlardan başımıza yağandan sonra xəbər tutmağımızda səfirimizin məsuliyyəti yoxdurmu? Təbiidir ki, var! Prezident bugünlərdə etdiyi çıxışında XİN-in fəaliyyətini sərt tənqid etdi.

Bu hadisə sübut etdi ki, Eldar Həsənova da həmin tənqidlərdən böyük pay düşür. Adam öz sevdiyi işlə məşğul olamayada həmişə belə olur. Ya dövlət işindən ayrılıb, gəlib ölkəyə marağında olduğun siyasi proseslərə, səni siyasi lider kimi qəbul edənlərə yön verməlisən, ya da həmin postu daha peşəkar, işləmək həvəsində olan şəxslər üçün boşaltmalısan.

Mütləq mənada XİN-də aparılan islahatların ilkin mərhələsi xaricdə fəaliyyət göstərən diplomatik korpuslarımızı əhatə etməlidir. Əks halda biz daha bir Serbiya nümunəsi ilə üz-üzə qala bilərik…

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …