Şənbə , İyul 24 2021
Ana səhifə / Manşet / Seksdən kitab yazan bakılı zibilyığan: “500 mindən çox filmim var”

Seksdən kitab yazan bakılı zibilyığan: “500 mindən çox filmim var”

“Kitab oğurlamamışam. Düzdü, siqaret oğurlamışam, uşaqlıqda. Amma kitab heç vaxt. Əlim gəlməz. Bax, mənim əynimdə köynək şalvar var ha, bunların hamısı başqa insanlarındı, başqa adamların. Özüm də zibillkdəyəm bütün günü”.

Bu sözləri Lent.az-a Üzeyir dayı deyir. Sosial şəbəkələrdən tanıdıq onu. Axtarıb -araşdıranda məlum oldu ki, 60 yaşlı Üzeyir dayı zibil yığıb satır. Əldə elədiyi pulla da həftədə iki dəfə şəhərdə yerləşən kitab mağazalarına gəlib, kitab alır. Əlaqə saxlamaq üçün mobil nömrəsini axtardıq. Məlum oldu ki, Üzeyir dayı, texnologiyaya etiraz olaraq telefon işlətmir. Yalnız həmin mağazada işləyən dostların vasitəsilə onunla görüşə bildik.

İlk dəfə elə kitab mağazasında qarşılaşdıq. Satıcı dostu onun üçün rus dilində bir neçə kitab saxlayıbmış. Üzeyir dayı kitablara baxır, qiyməti ilə maraqlanır. Bir-ikisini geri qaytarıb, saxlamağını, başqa vaxt gəlib götürəcəyini deyir. Kitablarını seçdikdən sonra elə oradaca söhbətə başlayırıq…

Qısa arayış:

1957-ci ildə Bakının Keşlə qəsəbəsində müəllim ailəsində doğulub. Bakı Neft Texnikumunu bitirib. 1990-cı illərə qədər müxtəlif işlərdə, vəzifələrdə çalışıb. Ailəli olub, bir övladı və bir nəvəsi var. Hazırda anası və qardaşının ailəsi ilə birgə yaşayır. İllər öncə həyat yoldaşından ayrılıb.
Üzeyir dayının dediyinə görə, kitabxanasında 130 mindən çox kitab, 70 min jurnal, 500 mindən çox film var. Onlardan təxminən 2 mini animasiya, qalanı isə bədii və sənədli filmlərdir.

Seçdiyi kitablara göz atıram. Rus dilində müxtəlif elmi, tarixi kitablardır. Əvvəl müsahibədən yayınmaq istəyir. Deyir, məşhur olmaq istəmirəm.

Yola gətirmək və müsahibəyə başlamaq üçün müxtəlif cəhdlər edirəm, günə necə başladığını, bir kitabı neçə günə oxuduğunu soruşuram:

Nigar Adil və Üzeyir dayı

– Gecə saat hardasa 2-3-ə qədər kitab oxuyuram. Sonra yatıb, səhər 5-6 radələrində oyanıram. Həyətlərdə iş olanda ora, olmayanda gəlirəm zibil yığmağa. İşlərimi gördükdən sonra ya evə gedirəm, ya da bura, kitab mağazasına gəlirəm. Kitablara baxıram, xoşum gələn, oxumadığım kitab olanda alıram. Bu gün də bir az kitab aldım.
Əsasən rus və Azərbaycan dilində də oxuyan Üzeyir dayı özünün də xeyli kitab yazdığını, onlardan cəmi 4-nün çap olunduğunu deyir. Axtardığı və əldə etmək istədiyi kitab isə fransız rəssam Jan Effelin əsərlərinin toplusu olduğu kitabdır. Deyir, neçəyə olsa, o kitabı alacam.

Təqaüd almayan, gündəlik gəliri 15-30 manat arası olan Üzeyir dayı, ay ərzində təxminən 400 manatlıq kitab alır. Satıcı dostlarımız bu gün 100 manat dəyərində kitab aldığını təsdiqlədilər. Yeri gəlmişkən, kitabxanasındakı bütün kitabları adbaad xatırlayır.

– Üzeyir dayı, heç nisyə kitab almısız ?

– Buradan o qədər almışam ki… Pulum çatmayıb, heç vaxt da aldatmamışam. Soruşun Seyrandan, o biri oğlandan (satıclara işarə edir). Demişəm, üç gündən sonra gətirəcəm, gətirmişəm də. Olub cibimdə təkcə yol pulum qalıb, deyiblər eybi yox. Bilirlər ki, aldadan deyiləm. Kiçik qardaşıma demişəm ki, ölsəm, ilk növbədə məni basdırandan sonra hansı dükanlara gedirəm, get onlardan soruş ki, Üzeyirin sizə borcu qalıb, ya yox? Borcum qalıbsa, borcumu ödə. Onlar səni aldatmayacaqlar. Borcum yoxdursa, deyəcəklər ki, yoxdu.

Bu yaxınlarda bir kitab mağazasında oğurluq hadisəsi baş vermişdi. Bununla bağlı Üzeyir dayının fikrini soruşuram. Deyir, oğurluğun nə olduğunu onlara izah etmək lazımdır, amma onları tutub, dama basmaq doğru deyil. “Xahiş edin kitabı versinlər oxuyun, kitabxanaya gedin, amma oğurlamayın”. 

Üzeyir dayı 

– Sizin kitabxananızdan oğurluq ediblər?

– Çox. Aralarında qohumlarım da olub. Mən adamlara kitablarımı oxumağı təklif edirəm. Pulsuz. Oxu, ancaq bir xahişim var, qaytar. Yəni, kitab tələf olmasın.

– Elə olub ki, bir kitabdan iki dəfə alasınız?

– Olub. Amma səhvən yox ha, ümumiyyətlə lazım olub, almışam. Evdəki çox köhnə olub, yeni nəşrini görən kimi alıb, saxlamışam.

– Qazandığınız pulla ancaq kitab alırsınız.

– Geyim almıram, insanlar nə versə köhnə paltar onu geyinirəm. Yeməyə də az pul xərcləyirəm. Məsələn, dönər, qutab alıb yeyirəm.

Söhbətin bu məqamına necə keçid edəcəyimi bilmirəm. Qəlbinə dəymədən, incitmədən bu işə necə başladığını soruşuram. Nə demək istədiyimi anlasa da, tərəddüd edir…

– Yadımdadı, 90-cı il idi. Ayı, günü yadımdan çıxıb. Evimdə oturmuşdum. (Qəfil duruxur) Bunu gərək danışmayam…(Susur, danışmaq istəmir. Birtəhər razı salırıq)

– Evimin bir küncündə oturub, ağlayırdım. İki ay sərasər heç nə yemədim. Ancaq su içirdim, siqaret çəkirdim. İki ay yeməksiz qalmaq, inanılası deyil. Ancaq mən qala bildim. Allahla danışdım, gördüm ki, bu şəraitdə ancaq zibil yığa bilərəm. Yaşamaq üçün də müxtəlif yollar var. Oğurluq, qumar. İşləmək lazımdır, ancaq harada? Düz, 32 ildir ki, qatıq bankaları, boş butulkalar, plastik qablar, dəmir, müxtəlif metallar yığıb, satıram.

Üzeyir dayı deyir, kitab alıb oxumağa həvəs də elə bu vaxt yarandı. Hə, bir də onu deyir ki, ətrafındakı insanlar çox vaxt bu illər ərzində pulunu harada saxladığını soruşurlar.

– Gülürəm, deyirəm ayə, gözün görmür, haradadı pullarım? Rəflərimi göstərirəm. Bax, hamısı qədim ensiklopediyalardı. Kitablarımı göstərib deyirəm ki, pullarım bunlardı. Pulu neynirəm, onu sən yığ. Mənə pul lazım deyil.
Oğlunun zibil yığıb satmasına, pullarını kitablara xərcləməsinə etiraz edib-etmədiyini soruşuram. Sən demə, ailəsində heç kim onun işinə etiraz eləmir. 

Nigar Adil və Üzeyir dayı

– İndi sizi əlinizdə kitab görəndə camaatın reaksiyası necə olur, nə deyirlər?

– Pis baxırlar. Avtobusda məndən soruşurlar ki, bu kitablardı? Çaşıb qalıram, mən buna nə deyim. Gözün görür ki, kitabdı da. Bunu soruşmaq nəyə lazımdır. Bəstəkar Üzeyir Hacıbəyov deyirdi ki, şəkli elə çəkmək lazımdı ki, daha onun altından nə olduğunu yazmağa ehtiyac olmasın. Yəni, at şəklini düzgün çəkmisənsə, daha onun altında “at” yazmaq lazım deyil. Görürsən ki, kitabdı da, bunu niyə soruşuşursan? İkinci sual da bu olur ki, bunları satacaqsan? Deyirəm, ay kişi, ayıbdı axı. Alverçiyəm? Kitabı niyə alırlar? Oxumaq üçün. Mən də bunları oxumaq üçün almışam. İndi sənə necə deyərlər, hesabat verim ki, bu kitabları evimdə necə qoymuşam. Məni sorğulamağa ixtiyarın yoxdu axı. Bir nəfər görmürəm ki, “sağ ol, kitab oxuyursan”, desin. Sevinsin ki, kimsə kitab oxuyur. Mənim üst-başımdan da görünür ki, mən kitab satan deyiləm. Bax, mənim əynimdə köynək şalvar var ha, bunların hamısı başqa insanlarındı, başqa adamlarındı. Zibillkdə işləyirəm Adamlar mənə geyilmiş ayaqqabı, corab verirlər. Olub ki, təzə kostyum veriblər. Götürməmişəm. Demişəm qardaşım, çox sağ ol, ancaq qəbul eləmirəm. Geyilmiş kostyum gətirsən, sənə çox sağ ol deyib, götürəcəm və geyinəcəm də. Ancaq təzə mənim nəyimə lazımdı. Bulvara gəzməyə getmirəm ki, zibilliyə gəlirəm də. Onda gərək hamını aparım evimi göstərim ki, baxın, mən alverçi deyiləm. Yəni, aldığım kitablar hamısı evimdədi”.

Kimdə neçə kitabı olduğunu unutmur Üzeyir dayı. Deyir, hazırda 4 kitabım əldədir, birini bu gün qaytarıblar, 3-ü qalıb. Oxumaq istəyən hər kəsə kitablarını bir şərtlə pulsuz verir: Oxuduqdan sonra mütləq qaytaracaqsan! Demək olar ki, heç kimə kitab bağışlamır.

Qardaşının, oğlunun kitaba nə qədər maraqlı olduğu ilə maraqlanıram.

– Hərdənbir oxuyurlar. İndi baxıram ki, məndən başqa kitab oxuyan yoxdu. Allahın mənə rəhmi gələr, o kitablar kiməsə qismət ola, yəni ki, atılıb getməz. Çünki onu atsalar, onu aparıb tullayan adam abırsız adam olar. İstər qardaşım olsun, istər oğlum. Mən qardaşıma da demişəm, götür kitablarımı evində qutulara qoy, siyahı var, hansını istəsən oxu. Hətta özümün ölməyim barədə də qardaşıma bir xahiş eləmişəm. Məni öləndən sonra meyitimi ya apar ver morqa, xəstəxanalara tələbələr üzərimdə nəsə öyrənsinlər, ya da ki, yandırın. Mənim cəsədimi kəsib doğrasınlar, yəni elmə qulluq eləsin. Dəfn eləmək lazım deyil, boş-boş şeylərdi. Yandırın, külümü də sovurun göyə, vəssalam”.

– Axı, biz müsəlmanıq, yandırmaq…

– Xanım qız, bilirsiz, sizinlə söhbətim uzun oldu. Mən müsəlman deyiləm, olmaram da. 

Nigar Adil və Üzeyir dayı

– Üzeyir dayı, ruhunuz hansı dinə yaxındı?

– Atəşpərəstlik. Babək də atəşpərəst idi. Oda sitayiş edirdi. Azərbaycanda bu vaxta nə qədər atəşgah qalıb. Günəşi sevmək lazımdı, günəşi. Çoxları səhv olaraq deyir ki, günəş əgər müqəddəsdirsə, niyə batıb-çıxır. Günəş nə batır, nə də çıxır. Yer fırlanır.

Roman oxumağı sevmir Üzeyir dayı. Azərbaycan müəlliflərindən kimləri oxuduğunu soruşduqda isə Nizami Gəncəvi, Nəsimi, Abbas Səhhəti oxuduğunu, Sabirpərəst olduğunu deyir. Gənc yazarlardan isə heç kimi tanımadığını bildirir. Amma rusiyalı gənc yazarları izlədiyini, davamlı oxuduğunu qeyd edir.
Üzeyir dayı kitablar qədər qadınları da sevdiyini deyir.

– Mən qadın sevənəm. Bunu büruzə vermirəm, ancaq qadınları sevirəm. Biz ağılsızığıq, heç nəyi düz etmirik. Azərbaycan dilində seksologiyadan kitab yazmışam. Bu cür kitabları oxumağa qorxuruq. Burda qorxulu nə var?. Özümüz elə seksdən yaranmışıq da. Deyirlər, bizə yaraşmaz. Boş-boş söhbətlərdi. Necə yaraşmaz e. Elə şey olar. Burada qorxulu heç nə yoxdu. Bu həyatdı da. İnsan həyatı. İnsan kiminləsə sekslə məşğul olmalıdı da. Bizi aldadıblar, qorxuruq bu haqda danışmağa. Bir dəfə Səməd Vurğun bağında yorulub, oturacaqların birində əyləşdim. O biri oturacaqda cavan oğlanla qız öpüşürdülər. Onlara məhəbbətlə baxırdım. Yenə öpüşməyə başladılar. Yəni, elə bil mənə bildirmək istədilər ki, biz sənin baxmağından narazı deyilik. O qədər sevindim ki, şükür Allaha, bizdə də belə şey gördüm. Belə görüntülərə estetik gözəllik kimi baxmaq lazımdır. Amma bu gün kimsə küçədə sevgilisi ilə öpüşürsə, qucaqlayırsa, onu ayıb bir iş kimi təqdim edirlər. Bilirsiz, mən həmişə fikirləşirəm ki, bizim kişilər qadınla cinsi münasibətdə olmağı bacarmırlar. Qadını sevindirmək lazımdı, Azərbaycan kişiləri isə buna pis baxır.

Üzeyir dayı ailələrdə xəyanətin həyat sıxıntısından yarandığını deyir:

– İndi yaşamaq çətindir. Bu sıxıntılar adamları xəyanətlərə məcbur edir. Oğurluğu mən də edə bilərəm, ancaq onu özümə rəva bilmirəm. Fikirləşirəm ki, oğurluq eləsəm, kitablarım mənə nifrət edər.

Söhbətimizin sonunda yenə kitaba qayıdırıq. Üzeyir dayı deyir kitaba qarşı ən kobud davranış onu anlamamaqdır. 130 mindən çox kitabını kimə etibar edib, bağışlayacağını soruşuram.

– Nə bilim vallah. Yəqin ki, qardaşım, ya oğluma.

– Onlar kitablarınızı sizin qədər qoruyacaq?

– Bilmirəm…

Həmçinin oxuyun

JURNALİSTİKAMIZA YÖNƏLİK NÖVBƏTİ TƏXRİBAT – “Rus casusları”, “Reket.pro” indi də OCCRP-nin siyahısı…

Məlum olduğu kimi, Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) Azərbaycanda jurnalistlərin və başqa …