Cümə , Oktyabr 23 2020
Ana səhifə / Manşet / Seçki kampaniyasında şəhid ailələrinin vəziyyətindən bəhrələnən namizədlər

Seçki kampaniyasında şəhid ailələrinin vəziyyətindən bəhrələnən namizədlər

Seçki kampaniyasının təbliğat-təşviqat mərhələsi  namizədlərin mandat əldə etmək üçün bütün üsullara əl atdıqlarını üzə çıxarmış oldu. Əksər hallarda ucuz şoular üçün atılan bu addımlar heç də rəğbətlə qarşılanmır və qınaq obyektinə çevrilir.

Bu seçkilərdə namizədlərin şəhid ailələrinin adından seçki məqsədləri üçün istifadə etdiklərini izləyirik. Özü də bu taktikadan istifadə edənələr azlığı deyil, çoxluğu təmsil edir. Namizədlər apardıqları təbliğat çərçivəsində şəhid evlərinə gedir, oradan bir-iki foto çəkdirib öz reklamlarında istifadə edirlər. Saytlarda “filan namizəd şəhid ailəsilə görüşdü” başlığı ilə sponsorlu yazılar tirajladırlar. Burada şəhid ailələrini qınamaq olmaz. Qapıya gələn qonağı qova bilməzlər. Amma namizədlər də fikirləşməlidirlər ki, atdıqları addım kənardan heç də yaxşı təsir bağışlamır. Çünki şəhid ailələri yalnız seçkidən-seçkiyə deyil, hər zaman yad edilməli, onlara böyük ehtiram göstərilməlidir. İllər uzunu şəhid evini ziyarət etməyən bir namizəd indi öz məqsədləri üçün bunu edib, sonra reklam vasitəsinə çevirirsə, təbii ki, bu, xoşagələn hal olmayacaq. Deputatlığa namizədlərdən də bu mənzərəyə etiraz edənlər var.

İmişli rayonundan namizəd olan gənc yazıçı Kəramət Böyükçöl mövzu ilə bağlı mövqeyini belə açıqlayıb: “Ölkədə şəhidlik statusu çox pis bir şəkildə siyasiləşdirilib. Hər namizəd gedib yanına bir şəhid anası alır, ondan istifadə edir, şəkil çəkib paylaşır, saytlarda yaydırır. Biri əlində qərənfil qolunu şəhid anasının boynuna salıb bikef-bikef boynunu elə büküb ki, guya ömür boyu şəhid dərdi çəkib. Bu dəqiqə şəhid anası üstündə namizədlər arasında qırğın gedir. Vallah, utanaram, xəcalət çəkərəm. Mənim şüarlarımdan biri belədir: vicdanı siyasətə gətirək. Öz maraqları üçün şəhiddən, onun ata-anasından bu şəkildə istifadə etmək vicdansızlıqdır”.

  • Seyid Camal Əzimbəyli: “Şəhid kimi müqəddəs adı seçki və siyasət alətinə çevirmək, ən azından, vicdansızlıqdır”

Şəhid ailələri ilə sıx təmasda çalışan şərqşünas Seyid Camal Əzimbəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə duyğularla manevr etmək olmaz: “Neçə gündür bu mənzərəni seyr edirəm, ürəyim doludur. Sizə və qəzetinizə təşəkkür edirəm ki, bu mövzunu gündəmə gətirdiniz. Bilirsiniz ki, biz bir ailə olaraq Qarabağ müharibəsi başladığı gündən daim şəhid ailələri ilə sıx təmasda işləyirik. Bu məni çox üzən mənzərədir. Namizədlər içərisində şəxsən tanıdıqlarım var ki, bir dəfə də olsun şəhid ailəsini ziyarət etməyib. İndi nə oldu ki, həmin adamın yadına şəhid ailəsi düşdü? Bu gün insanların duyğularını istismar etmək lazım deyil. Mən həmin adamlara ayıbdır, durun deyirəm. Bu günlər ərzində onlardan bir neçəsi mənə müraciət edib, açıq şəkildə deyirlər ki, bu mənzərənin dayandırılması ilə bağlı çağırış edim. Biz hər bayram şəhid ailələrini ziyarət edirik. Həmin ailələri il ərzində kimin ziyarət etməsindən məlumatlıyıq. Şəhid kimi müqəddəs adı seçki və siyasət alətinə çevirmək, ən azından, vicdansızlıqdır. Belə manevrləri edənlər bilsinlər ki, Allahın yanında da savab yox, günah və lənət qazanırlar. Həmin adamlara bir sual vermək lazımdır ki, seçkilərə kimi neçə şəhid ailəsi ilə təmasda olublar?  Mən bu adamları durmağa çağırıram. Bizim Qarabağ savaşımız hələ bitməyib. Qabaqda da şəhidlərimiz ola bilər. İndidən həmin duyğuları hörmətdən salmağa imkan verməməliyik. Bu çağırışı başqa nüfuzlu adamlar da etməlidirlər ki, şəhid adı ilə manipulyasiyalara son qoyulsun”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“AYPARA” VƏ YA “QURD QAPANI” TAKTİKASI… – Ordumuzun düşməni məhv etdiyi strategiyasının sirri nədir?

Azərbaycanın müzəffər ordusu işğal olunmuş torpaqlarımızı uğurla geri qaytarır. Artıq bir neçə rayon, onlarla kənd …