Bazar , Noyabr 28 2021
Ana səhifə / Kriminal / Sabiq hakim məhkəmə zalında qandallandı – Pulların nazir müavinində olduğunu deyirdi

Sabiq hakim məhkəmə zalında qandallandı – Pulların nazir müavinində olduğunu deyirdi

İki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən sabiq hakimin cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Azinforum.az xəbər verir ki, uzun müddət Bakı Apelyasiya Məhkəməsinin və son olaraq Suraxanı rayon Məhkəməsinin hakimi olmuş Lətif Ədil oğlu Nəbiyev dələduzluqda ittiham edilir.

Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınıb.

L.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə; Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə) maddələri ilə ittiham edilir.

Bu gün baş tutan prosesdə Lətif Nəbiyevə hökm oxunub. Məhkəmənin hökmü ilə Lətif Nəbiyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, məhkəmə araşdırması zamanı L.Nəbiyev pulları indiki nazir müavinlərindən birinə verdiyini deyib.

Daha əvvəl günahını etiraf etməyən və özünü qətiyyən təqsirli bilməyən L.Nəbiyev həmin iclasda Azad İbrahimovdan alınan 250 min dollara yaxın pulu rabitə və yüksək texnologiyalar nazirinin I müavini Əli Abdullayevə verdiyini deyib.

L.Nəbiyev qeyd edib ki, pulu verən zaman Əli Abdullayev Əmlak Məsələləri Dövlət Komitəsində çalışırmış.

Bildirək ki, L.Nəbiyev zərərçəkmiş Azad İbrahimovla qohumdur. L.Nəbiyev iddia edirdi ki, Azad İbrahimovdan pul almayıb. Amma sonradan məhkəmədə 75 min dolları sürücüsü vasitəsi ilə aldığını, qalan məbləğdən də xəbərinin olduğunu deyib. O bildirib ki, pulların hamısı o zaman yaxın münasibəti olduğu Əli Abdullayevə çatdırılıb.

L.Nəbiyev ondan tələb edilən pulların Əli Abdullayevdə olduğunu söyləyib.

Qeyd edək ki, 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə L.Nəbiyevin statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.

Açılan cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri olan Azad İbrahimova 247 min 500 dollar Rüstəm Abdullayevə isə 59 min 700 dollar zərər dəydiyi müəyyən edilib.

Lətif Nəbiyev Rüstəm Abdullayevdən iş qurmaq adı ilə pul alıb.

Digər zərərçəkmiş Azad İbrahimovla qohum olan Lətif Nəbiyev ondan 247 min 500 dolları Bakıda dəniz kənarında torpaq almaq məqsədi ilə alıb.

“Mən Türkiyədə olanda pul göndərdim ki, torpaq alsın. Buzovnada, Bilgəhdə dəniz kənarında torpaq alacaqdı. Lətif Nəbiyev qardaşımın bacanağıdır. Dəfələrlə onun özü ilə danışmışıq. Amma istintaqda deyir ki, guya pulu ona yox, rəhmətlik qardaşım Abbasa göndərmişəm. Amma yalan deyir. Aramızda telefon danışıqları var. Lətif mənə deyirdi ki, narahat olma”- deyə Azad İbrahimov açıqlamasında bildirib.

Azad İbrahimov söyləyir ki, Lətif Nəbiyev ondan pul alanda Bakı Apelyasiya Məhkəməsində hakim olub. Daha sonra isə Suraxanı Rayon Məhkəməsinə hakim təyin olunub.

“Mənə deyirdi ki, həm də Şuşa şəhər Məhkəməsinin sədridir. Mən 2018-ci ildə şikayət etdim. 2020-ci ilin noyabr ayında isə cianyət işi açıldı”- deyə A.İbrahimov söyləyib.

Həmçinin oxuyun

Stavropoldakı diaspor rəhbəri Fəxrəddin Yarıyevin biabırçı “Fəxri Fərman”ı

Rusiyanın Stavropol Vilayətində fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan Milli Mədəni Mərkəzinin prezidenti Fəxrəddin Yarıyev tərəfindən …