Şənbə , İyun 6 2020
Ana səhifə / Manşet / “Sabiq generallar türmədə bəyanat verib müxalifətin tərəfinə keçsəydilər… “

“Sabiq generallar türmədə bəyanat verib müxalifətin tərəfinə keçsəydilər… “

Məlum olduğu kimi, Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 nəfər məhkum cəzasının çəkilməmiş hissəsindən azad olunub. Bildirilir ki, bu humanist addım dünyada baş qaldıran koronavirus pandemiyası ilə bağlı atılıb. Bununla həm də bütün dünyada koronavirusla mübarizə getdiyi bir vaxtda Azərbaycanın hüquq sistemində əfv institutunun fasiləsiz fəaliyyəti təmin edilir.

Lakin ənənəvi addımları kimi, bu dəfə də ölkənin daxilindəki bəzi radikal dairələr imzalanan əfv sərəncamına siyasi don geyindirib, onu gözdən salmağa çalışırlar. Budəfəki siyahıda bəzi tanınmış adamların adının olması ilə manipulyasiyalar olunur. Əsasən Akif Çovdarovun, Sübahir Qurbanovun azadlığa buraxılmalarını siyasiləşdirmək cəhdləri özünü göstərir. Sabiq MTN-in bu iki generalının azadlığa buraxılması ilə böyük bir humanist addımı ləkələməyə çalışanların başlıca məqsədi nədir?

Samir Adıgözəlli:“Sabiq generallar türmədə bəyanat verib müxalifətin tərəfinə keçsəydilər, onları bəh-bəhlə alqışlayacaqdılar”

İctimai Siyasi Proseslər Beynəlxaaq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, belə dairələr, hər zamankı kimi, yenə də öz ənənəvi ampluasındadır:“Araşdırsanız görərsiniz ki, onlar bütün əfv fərmanlarında belə mövqe ortaya qoyurlar. Bəlkə də dünyada bu ilk haldır ki, məhkumları koronavirus pandemiyası çərçivəsində görülən tədbirlər çərçivəsində azadlığa buraxırlar. Bunu iki əllə alqışlamaq lazımdır. Axı niyə iki yüzə yaxın adamın arasından məhz iki adamın adını seçib hallandırırlar? Həmin iki şəxsin azadlıqda etdikləri əməllərə yaxşı don geyindirməkdən uzağam. Məhkəmənin hökmü ilə cəzalarını alıblar. Beş il cəza çəkən bu adamlar da ölkə vətəndaşıdır, humanizm siyasətindən yararlanmağa haqları var. Əminəm ki, bu sabiq generallar türmədə bəyanat verib müxalifətin tərəfinə keçsəydilər, onları bəh-bəhlə alqışlayacaqdılar. Belə halları biz çox görmüşük. Əli İnsanovdan çox müxalifəti söyən yox idi, amma həbsxanada tutduğu mövqeyinə görə onu radikal dairələr dəstəkləyirdi. Əfv fərmanına adlar sifariş əsasında salınmır ki, müxalifətin bəyəndiyi siyahı üzrə həyata keçirilsin. Bunu Azərbaycan dövlətinin həyata keçirdiyi hummanist addımın tərkib hissəsi sayıram. Bu günümüz üçün əsas vəzifəmiz koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin öz müsbət nəticəsini verməsinə dəstəyimizi göstərməkdir. Dövlət başçısı İlham Əliyevin daha risqli yaş qrupu olaraq 65 yaşdan yuxarı vətəndaşlarımızın qayğısına qalması, Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin qaydalarında onların da evdə olmasının bir tələb kimi irəli sürülməsi ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Vilyam Hacıyevin bağlamaları kimə çatacaqmış? – 2 başçını bitirən bir “əməliyyat”…

İcra başçılarının rüşvət üstündə yaxalanması getdikcə adi hala çevrilsə də, DTX əməliyyatları nəticəsində məmurların “ilişmə” …