Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Manşet / Sabiq deputatla baş redaktor yenidən üz-üzə gəldi – Məhkəmə bitib, yoxsa…

Sabiq deputatla baş redaktor yenidən üz-üzə gəldi – Məhkəmə bitib, yoxsa…

“Hazırda Nazim Bəydəmirli ilə davam edən bir məhkəmə çəkişməm yoxdur” – Baş redaktor

“Vəkil məhkəmənin son qərarını alıb davam etdirəcək” – Sabiq deputat

 Sabiq millət vəkili Nazim Bəydəmirli ilə jurnalist Taleh Şahsuvarlı arasında yenidən söz “atışması”  başlayıb. Nazim Bəydəmirlinin öz “Feysbuk” hesabında paylaşdığı postdan aydın olur ki, o, T. Şahsuvarlının rəhbəri olduğu saytda onun barəsində yayımlanan yazıdan narazıdır. Sabiq deputat hətta bildirib ki, onunla Taleh Şahsuvarlı arasında davam edən və həllini tapmayan məhkəmə çəkişməsi olduğu üçün, belə yazıların  indiki məqamda tirajlanması jurnalist prinsiplərinə də ziddir. Tərəflərin arasında hazırda məhkəmə prosesinin olub -olmadığını aydınlaşdırmaq üçün biz hər iki tərəfə müraciət etdik.

“Hazırda mənim tərəf olduğum heç bir məhkəmə prosesi yoxdur”

Bu barədə Azinforum.az  portalına “AzNews” Media Qrupunun rəhbəri Taleh Şahsuvarlı məlumat verib. Baş redaktor bildirib ki, bir neçə il öncə hazırda Bəydəmirli soyadı daşıyan Məmmədov Nazim Hüseyn oğlu onu məhkəməyə veribmiş: “Savadsız və səriştəsiz, hər baxımdan primitiv bir iddia idi, ərizədə soyadını da səhv yazmışdı. Ona görə, bir neçə il məhkəmələrdə “sürünməli” oldu”.

“Bəs, həmin prosesin axırı necə oldu?”- sualına Taleh Şahsuvarlı belə cavab verib:

“Mən Bərdə rayon məhkəməsindəki prosesə getməmişdim. İddiaçı tərəf də əvvəlcədən məhkəməni məlumatlandırmadan prosesdə nə şəxsən, nə də vəkili vasitəsi ilə iştirak etməyib. 01.02.2018-ci ildə məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılması və iddiaçının dövlətə ödədiyi 10 manat rüsumun geri qaytarılması haqqında qərar çıxarıb. Bir neçə gün sonra bu barədə qərar tərəflərə rəsmi qaydada, poçtla göndərilməklə təqdim edilib. İndi deyirsə ki, qərardan xəbərim yoxdur, yenə saxtakarlıq edir. Bu onun mənimlə məhkəmədəki hüquqi, siyasi və mənəvi məğlubiyyətini ört-basdır etmir. İstədiyi zaman gedib 10 manat rüsumu dövlətdən geri alıb, dostu Xədicə ilə o pula gedib birlikdə çay içə bilərlər”.

Nazim Bəydəmirli isə Azinforum.az-a açıqlamasında məhkəmə prosesini davam etdirəcəyini dedi: “Məhkəmə bərpa olunacaq, son dəfə o guya Bakıda yaşamadığı, Bərdədə qeydiyyatda olduğu haqqında vəsatət verib ki, məhkəmə orada olsun. Baxmayaraq ki, cavabdehlər Tezis.az saytı və Taleh özü Səbael rayonunda faktiki yerləşiblər. Vəkil məhkəmənin son qərarını alıb davam etdirəcək. Gərək Taleh tez sevinməsin ki, yaydığı şərə, böhtana, təhqirə görə cavabdehlikdən yayınacaq”.

Qeyd edək ki, Taleh Şahsuvarlı tərəflərin məhkəmə çəkişməsi ilə bağlı  çıxarılan qərardadın surətini də öz “Feysbuk” səhifəsində yayıb. Azinforum.az həmin fotoları da təqdim edir.

Rövşən ƏLİ,

Azinforum.az

Həmçinin oxuyun

Azərbaycan Vaşinqtondakı görüşdən də irəliləyiş gözləmir – Hikmət Hacıyev nələrə əsaslanır…

Məlahət İbrahimqızı: “Yaxşı olardı ki, həmsədrlər indiyə kimi problemin həllinə dair mexanizm tapaydılar” Prezidentin köməkçisi, …