Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Manşet / Sabiq daxili işlər nazirinin qardaşının şok cinayəti məhkəmədə-Təfərrüat

Sabiq daxili işlər nazirinin qardaşının şok cinayəti məhkəmədə-Təfərrüat

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1965-ci il təvəllüdlü Əhmədov Əvəz Hüseyn oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda göstərilir ki, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən “Park Plyus” əyləncə mərkəzində girov götürüb. Hörmət Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə Hörmət Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarını söz verib və buna görə də Hörmət Əsgərovun sərbəst buraxıb.

İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb. Elan olunmuş ittihamla Əvəz Əhmədov özünü günahkar bilməyib. O, məhkəmənin indiki mərhələsində ifadə verməkdən imtina edib.

Prosesdə zərərçəkən Rəşad Tahirov ifadə verib. O, hadisə baş verən ərəfədə “Sumqayıt Texnologiyalar Parkı”nın satış şöbə şöbəsinin rəisi işlədiyini deyib. Bildirib ki, bu söz-söhbətlərdən sonra öz ərizəsi ilə işdən çıxıb.

Rəşad Tahirov deyib ki, arvadının əmisi oğlu Hörmət Əsgərovun vasitəsilə Əvəz Əhmədovla görüşüb. Məqsəd isə ticarət olub: “Zavodumuzda armatur və digər tikinti materiallarının satışı həyata keçirilirdi. Birgə biznes qurmaq haqda danışdıq və ilkin razılaşma oldu. Bir həftə sonra Əvəz mənə zəng edib dedi ki, Hörmətin mənə verəcəyi var. Söylədi ki, Hörmət həmin pulun məndə olduğunu deyib. Mən də dedim ki, Hörmətin mənə borcu var. Mübahisə elədik, məni hədələdi. Əvəz kişiyə Hörmətin əvəzindən pul verməyəcəyimi bildirdim. Axşam Hörmət zəng elədi. Uşaq kimi ağlayırdı, səsi pis gəlirdi. Dedi ki, pulu verməsən məni öldürəcəklər. Mənə dedi ki, əgər mənə zamin dursan, onu buraxacaqlar. Bir qədər sonra yenə Əvəz kişi yenidən zəng edib dedi ki, Hörmətə zamin dur, sənin sözünlə onu buraxım. Amma mən zamin durmadım. Sadəcə dedim ki, ona bir az vaxt verin, pulu tapıb qaytarar. Daha sonra olanlarla maraqlanmadım. İki gün sonra Hörməti gördüm və mənə olan 1 milyon manatdan çox borcunu istədim. Yenə ağlamağa başladı, üz-gözünü göstərdi, Əvəzin onu döydüyünü, onun təhlükəli adam olduğunu dedi. Qaşının üstü partlamışdı. Məndən xahiş etdi ki, Əvəzdən onun üçün yenə vaxt alım. Həmin müddət ərzində ikimizin də pulunu qaytaracaq. Hörmət dedi ki, onun Əvəzə 140 min dollar verəcəyi var. Sonra mənə Əvəzin ona yazdığı mesajları göstərdi, orada Əvəz ikimizi də söyüb hədələmişdi. Bundan bir neçə gün sonra Əvəz tez-tez mənə zəng edib hədələyərək pulu istəyirdi. Mənə sonuncu dəfə mesaj da yazmışdı ki, namazqılan köpək oğlu, səni tutub pulu iki qat alacam. Bundan sonra telefonu birdəfəlik söndürdüm”.

Rəşad suallara cavabında həmin nömrəni indi də işlətdiyini deyib.

O, ifadəsinin davamında deyib ki, telefonu söndürəndən sonra Bakı Şəhər Baş Polis İdarəsinin polkovniki Şövqi Əhmədov onun iş yerinə zəng edib.

“Məni polisə çağırdı. Dedi ki, Əvəz müəllimə söz vermisən, pulu qaytar. Bir qədər sonra ora Əvəz də gəldi. Əvəz yenə məni hədələməyə başladı. Şövqi Əhmədov dedi ki, mənim ölkədən çıxışıma “STOP” qoyub həbs etdirəcək. Mən də qorxduğum üçün onların dedikləri ilə razılaşdım. Əvəzin diktəsi ilə məcbur olub ona 140 min dollar verəcəyimə dair izahat yazdım. Dedim ki, pulu indi verə bilmirəm. İki evimin sənədlərini girov qoyacağımı dedim. Məni oradan buraxandan sonra sənədləri Əvəz kişiyə verdim. Əvvəlcə 40 min dollar düzəldib Əvəzə qaytardım. Pul tapa bilmirdim. Fikirləşdim ki, evləri girov qoyum. Sonra dostlarımla görüşdüm. Utansam da onlara hər şeyi danışdım. Habil məni də götürüb Əvəzin yanına apardı. Əvəz məndən 220 min dollar tələb edirdi, Habil ona dedi ki, burada 100-120 mindən söhbət gedir. Sonra Habil əsəbləşdi, dedi ki, Rəşad sənə 1 qəpik də verməyəcək. Çünki o, səndən pul almayıb. Mən onun qolundan tutub sakitləşdirdim. Dedim ki, belə etmək olmaz, razılığa gəlmək lazımdır” – deyən zərərçəkmiş qeyd edib ki, Əvəz Əhmədov və nazir qardaşı haqda eşitdiklərindən qorxurmuş.

O, ailəsinə görə narahat olduğunu bildirib. “Sonda 140 minə razılaşdıq. Bir ay ərzində həmin pulu düzəldib Əvəzə verdim. Ondan sonra Hörmət də Rusiyaya qaçdı” – deyən R.Tahirova sual verilib ki, niyə hadisədən 1 il sonra şikayət edib.

O, Əvəz Əhmədovun qardaşının nazir olmasından qorxduğum söyləyib: “Onun qardaşı Əhməd Əhmədov Naxçıvanın daxili işlər naziri idi. Buna görə də ehtiyat edirdim. Vəzifədən çıxandan sonra şikayətlər yazmağa başladım. Çünki ondan əvvəl qorxurdum, mənə hədə-qorxu gəlmişdilər. Həmin vaxt kimə şikayət edəcəkdim? Həm də eşitdim ki, zərərçəkənlərin pulu qaytarılır”.

Sabiq nazirin qardaşı Əvəz Əhmədov bu epizodlar bağlı Rəşad Tahirova sual verib: “Hörmət Əsgərovun sənə 1 milyondan çox borcu var idi. Bunu bildiyin halda niyə onun sözü ilə mənimlə biznes qurmağa razılaşdın?”

Rəşad Tahirov deyib ki, həmin vaxt Hörmət Əsgərovun dələduz olduğunu bilməyib: “İş görmək üçün vermişdim. Və hadisədən təxminən bir neçə ay əvvəl idi. Biz qohumuq, fikirləşmirdim ki, məni aldadar”.

Əvəz Əhmədov söyləyib ki, Rəşadla razılığa əsasən həftədə ona 100 min verib, 8-10 min manat arası qazanc əldə edəcəkmişlər: “Sonra Hörmətə pul verdim. Amma qaytarmadı. Dedi ki, Rəşaddadır. Mən də Rəşada zəng elədim, dedi ki, qaytaracam”.

Daha sonra zərərçəkən Hörmət Əsgərov ifadə verib. Bildirək ki, Hörmət Əsgərov hazırda həbsdədir. O, dələduzluqda ittiham edilir.

O, ifadəsinə Əvəz Əhmədovu 1998-ci ildən tanıdığını, birlikdə hərbi xidmətdə olduqlarını söyləyib. Bildirib ki, bundan 17 il sonra təsadüfən Bakıda rastlaşıblar: “Onun obyektinə çay içməyə gəlmişdim. Orada onu tanıdım. Söhbət əsnasında Rəşadın nə iş gördüyünü dedim. Mən özüm Əvəzdən pul alıb iş görürdüm. Sonuncu dəfə də 100 min dollar alıb, makler Hətəmə verdim, o da yoxa çıxdı. Mən də pulu Əvəzə qaytara bilmədim. Bir neçə gün sonra Əvəz məni yanına çağırdı. Onun “Park Plyus” restoranında görüşdük. Orada Əvəz mənim üstümə qışqırıb dedi ki, “səni mənim yanıma kim göndərib?” Mən də heç kimin göndərmədiyini dedim, “pulumu qaytarın” deyib qaynar çayniki başıma atdı. Sonra məni yuxarı çıxartdı, orada bir otağa saldı. İçəridə başqa 4-5 nəfər də var idi. Qapı açıq qalmışdı, məni vurub döyməyə başladı. Əvəz dedi ki, pulu verməsən səni burdan buraxmayacağam”.

Hörmət Əsgərov bildirib ki, həmin vaxt Rəşada zəng edib ona zamin durmasını istəyib: “Mən Rəşada danışdım. Ləzgi dilində ona vəziyyəti başa saldım. Sonra telefonu Əvəz aldı. Rəşadla danışandan sonra məni buraxdı. Ordan çıxıb hərbi hissəyə getdim. Bu söhbətlərdən sonra işdən çıxarıldım”.

Hörmət Əsgərov suallara cavabında Əvəz Əhmədov onu döyən zaman qaçmaq imkanının olduğunu deyib: “Qapı açıq idi. Amma orada çox adam var idi. Mən əynimdə forma, çiynimdə 6 ulduzla hara qaçardım? Kiminsə qabağından qaçmağı özümə sığışdırmadım. Amma mən Rəşadın dediyi kimi ağlamamışam da. Sadəcə qəhərlənmişdim”.

Məhkəmə prosesi dekabrın 26-da davam etdiriləcək.

Zərərçəkmiş Rəşad Tahirov mülki iddia qaldırıb. O, dəymiş 140 min ziyanın ödənilməsini istəyib. Bildirək ki, sabiq nazirin qardaşı Əvəz Əhmədov hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir. Zərərçəkmişlər Rəşad Tahirov və Hörmət Əskərovdur. O, hər iki şəxsdən 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.

Əvəz Əhmədov Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 145-ci (adam oğurluğu) maddələri ilə ittiham olunur.

Zərərçəkmişlərdən Hörmət Əskərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib. Bildirək ki, Hörmət Əskərov da həbsdədir. O, dələduzluğa görə həbs edilib. Xatırladaq ki, Əvəz Əhmədov qardaşı, general-leytenant Əhməd Əhmədovun vəzifədən çıxarılmasından sonra həbs edilib.

 

Həmçinin oxuyun

“Vüqar Səfərli işi” iş adamı Mehrac Babayevi də “udur” – cinayət dosyesi

“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin …