Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Manşet / “Şərtlər ağırlaşdırıldı və ayda 250 min dollar ödəməyim tələb olundu”- “İdeal”ın həbsdə olan rəhbəri

“Şərtlər ağırlaşdırıldı və ayda 250 min dollar ödəməyim tələb olundu”- “İdeal”ın həbsdə olan rəhbəri

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov hakim qarşısına çıxarılıb.

Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib.

Məlum olub ki, təqsirləndirilən tərəf səlahiyyətli orqanlara işin obyektiv araşdırılması üçün müraciətlər edib. Hakim bildirib ki, həmin teleqram cinayət işi materiallarına əlavə edilib.

Daha sonra İlqar İsmayılov vəkillərinin suallarını cavablandırıb. 

Suallara cavab olaraq İ.İsmayılov deyib ki, 2013-2016-cı illərdəki fəaliyyətinə görə mənimsəmədə ittiham olunaraq 2017-ci ildə həbs edilib. O deyib ki, həmin illər ərzində şirkətdə imzası olan mədaxil və məxariclə bağlı sənədləri qəbul edir.

İ.İsmayılov 2017-ci ildə həbs olunanda audit yoxlaması aparıldığını, lakin şirkətin qanuni təsisçisi olduğu halda həmin auditdə iştirak etmədiyini bildirib. O deyib ki, sonuncu dəfə həbs edilmədən öncə də keçirilən audit yoxlamasında iştirak etməyib.

“Birinci yoxlama zamanı mənim mədaxil qəbzlərim qəbul olundu. Amma ikinci audit yoxlamasında mədaxil qəbzlərimi qəbul etmədilər.

Şirkətdə proqram təminatı var və mühasibatlıq işi orada tam şəkildə əks olunub. Həmin proqram vasitəsi ilə şirkətə edilən mədaxili və məxarici müəyyən etmək olar. Bu gün istənilən mütəxəssis dəvət edib bunu müəyyənləşdirmək mümkündür”,- deyə İ.İsmayılov suallara cavabında bildirib. 

Suallara cavab verən İ.İsmayılov vurğulayıb ki, 2015-ci ildə “Premium” bankdan 5.5 milyon manat kredit götürülüb:

“2013-cu ildə 3 milyondan çox kredit girovsuz verildi. Amma sonuncu dəfə  “Premium” bankdan götürülən kreditə görə girov tələb edildi.

Götürülən kredit şirkətin ehtiyacı üçün götürülüb. Yəni, İlqar Ismayılovun ehtiyacı üçün götürülməyib.

Həmin kreditlər mənim adıma olsa da, qəpiyinədək “İdeal Kompani”yə mədaxil edilib və şirkətin inkişaf etməsi, əlavə mağazaların açılması və kapitalın artırılmasına sərf edilib. 2015-ci ildə devalvasiya baş verən zaman mənim manatla olan bütün kreditlərim dollar kreditinə çevrildi və şərtlər ağırlaşdırılaraq ayda 250 min dollar ödəməyim tələb olundu. Məqsəd məni maliyyə asılılığı vəziyyətinə salmaq idi. Şirkətin dividentləri ilə bağlı hər ay təsisçilər arasında toplantı keçirilib və pay bölgüsü aparılsa da, bu, qanunvericilikdə nəzərdə tutulmuş qaydada Ümumi Yığıncaqda rəsmiləşdirilməyib, digər təsisçinin istəyinə uyğun olaraq qeyri-rəsmi həyata keçirilib”.

Məhkəmə araşdırması davam edir. Xatırladaq ki, İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manatlıq mənimsəmədə təqsirləndirilir. 

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Həmçinin oxuyun

Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – Fotofakt

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Baku Electronics” MMC (VÖEN – …