Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Şəmkir İcra Hakimiyyətindən reaksiya- “Mən balıq üzrə mütəxəssis deyiləm, amma bilirəm ki…”

Şəmkir İcra Hakimiyyətindən reaksiya- “Mən balıq üzrə mütəxəssis deyiləm, amma bilirəm ki…”

Bir sıra KİV-də Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədov barədə sərt ittihamların yer aldığı məlumatlar dərc edilib. Həmin məlumatlarda rayon sakinlərinə istinadən qeyd olunur ki,  icra başçısını kabinetdə tapmaq mümkün olmur. İddia olunur ki, icra başçısı günün böyük hissəsini özünə aid qızıl balıq fermasında keçirir.

Şəmkirlilər deyirlər ki, icra başçısının forel balığı təsərrüfatı ətraf kəndlərə ciddi ziyan vurur: “Çünki balıq təsərrüfatının ucbatından Seyfəli, Abbaslı kəndlərinin camaatı Dəryaçayın natəmiz, çirkli, balıqların ifrazatının qarışdığı suyundan içməli olur. Dəryaçay ətrafındakı yaşayış massivlərində uşaqdan böyüyə hər kəs icra başçısının “Azərforel” ferması haqda məlumatlıdır. Kimdən soruşursan, deyir ki, “hə, müəllimin ferması o tərəfdədir”. Amma başçı özünün fermasına asfalt yol çəkdirib, yola şlaqbaum qoydurub.

Alimpaşa Məmmədov Şəmkiri Dəryaçaydan idarə edir. Oradakı əhalinin içməli su anbarını özünün balıqçılıq fermasına çevirib. Su anbarında qızıl balıq cinsindən olan forel balığı bəslənir. “Azforel” balıqçılıq şirkətinin yetişdirdiyi balıqlara verilən kimyəvi tərkibli yem suya qarışır, balıqların təbii ehtiyacları da axarla Aşağı Seyfəli və digər kəndlərə çatır. Sakinlər balıq tullantıları və kimyəvi qarışıqlı su içmək məcburiyyətində qalırlar. Həmin kəndlərin sakinlərinin etirazlarını da A.Məmmədov eşitmir. Seyfəli kənd sakinləri deyirlər ki, icra başçısı rəsmən onları zəhərləməklə məşğuldur. Bir neçə dəfə icra nümayəndəsinə demişik, başçıya məktub yazmışıq, bizi sayan olmayıb. Kimin nəyinə lazımdır? Fikirləşirlər ki, cəhənnəmə camaat zəhərli su içsin, əsas Alimpaşa müəllimin balıqdan qazancıdır. Gözləyirlər ki, uşaqlarımız bu sudan bir gün xəstəlik tapsın, kimsə zəhərlənsin, ya dəri-zöhrəvi xəstəliyi yayılsın, onda əncam çəksinlər. Axı bizim başqa içməli su mənbəyimiz yoxdur. Niyə bunu nəzərə almırlar?”

Həmçinin, bildirilir ki, başçının vaxt keçirdiyi əsas yerlərdən biri də Şəmkirdən Gədəbəyə gedən yolun üstündə, Qaraboyludakı maralçılıq fermasıdır. İddia olunur ki, ferma formal olaraq başçının oğlu Adil Məmmədovun adınadır: “Bunu Şəmkirdə bilməyən yoxdur. A.Məmmədov Şəmkirə başçı gələndən sonra burada özünə nəhəng biznes qurdu, mal-mülk yaratdı. Onun oğlu həmin günlərdə MTN-də işləyirdi, indi işdən çıxıb, gəlib oturub Şəmkirdə, fermaya nəzarət edir. Danışanda da deyir ki, oğlum biznesmendir. Özününsə günü elə Dəryaçayda keçir”.

Məlumatda, həmçinin, bildirilir ki, Şəmkir küçələrində antisanitariya hökm sürür. Bütün bu iddialara aydınlıq gətirmək üçün Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin rəsmi saytında göstərilən və bizim sualımızı cavablandırmaq səlahiyyəti olan  10-a yaxın nömrə ilə əlaqə saxladıq. Lakin onlardan heç biri bu barədə açıqlama vermək səlahiyyətlərinin olmadığını bildirdilər. Nəhayət, bir qədər sonra, çətinliklə olsa da, icra başçısının köməkçisi Mahir Əliyevlə əlaqə yarada bildik. Başçının köməkçisindən Alimpaşa müəllimlə bizi calaşdırmasını xahiş etdik. Aramızda olan dialoqu təqdim edirik:

– Salam, bizi icra başçısı ilə calaşdıra bilərsiniz?

– Salam, hazırda başçı məşğuldur, nə sualınız varsa mənə verin, cavablandırım.

-Hər halda, başçının özü ilə danışsaydıq daha yaxşı olardı. Çünki ittihamlar birbaşa ona aiddir. Başçı hazırda yerindədir?

– Başçı harada olmalıdır ki? Bəli, kabinetindədir.

– Yazırlar ki, rayon sakinləri Alimpaşa müəllimi kabinetində tapa bilmirlər…

– Harda yazıblar?

– Siz yazılanlarla tanış deyilsiniz?

– Xeyr!

– Bir çox KİV-də məlumat gedib ki, başçı günün əsas hissəsini özünə məxsus olan maral ferması və qızıl balıq saxlanan gölündə keçirir.

– Belə yazılar hər zaman yazıla bilər. Təbii ki, qərəzdən irəli gəlir. Cənab başçı hər cümə günü  sakinlərlə şifahi qəbul keçirir. Mən rəqəmlərə baxıram, hər qəbulda 120-140 arası adam qəbul edilib. Hətta 182 nəfər qəbul edilən vaxtlar da olub.

– Rayonda olan maral ferması və qızıl balıq gölü həqiqətən başçıya məxsusdur?

– Bizim rayonumuzda nə ceyran saxlayırlar, nə də qızıl balıq.

– Rayonda süni göl də yoxdur?

– Xeyr

– Bəs deyirlər ki, belə yerlər var, hamısına da başçınıın əvvəl MTN-də çalışan oğlu nəzarət edir.

– Bu cür məlumatları bəyəm özünüz oxuyanda görmürsünüz ki, qərəzlidir? Əgər jurnalistsinizsə siz bunu məndən qabaq görməlisiniz. Heç olmasa yazılış qaydasına baxın. Mən oxumamışam, amma yazıdan verdiyiniz suallardan mən özüm üçün nəticə çıxarıram. Əsası olmayan sözlərə görə bunu dərindən araşdırmağa nə ehtiyac var?

– Hər halda, yayılan informasiyalara aydınlıq gətirilsə yaxşı olar. Bunun sizə heç bir ziyanı yoxdur…

– Buyurun, nə sualınız varsa, mən cavab verməyə hazıram. Biz iş başındayıq, işləyirik və xalqa xidmət edirik. Başçı da öz yerindədir. Cənab Prezidentin fərman və sərəncamlarını yerlərdə xalqa aşılayırıq.

– Deyirsiniz rayonda balıq saxlanan yer yoxdur. Bəs “Azforel” balıqçılıq şirkəti nədir?

– Belə bir MMC var, amma başçı ilə heç bir əlaqəsi yoxdur. Sadəcə rayon təsərrüfatımızdır. Ola bilər ki, başçı nə vaxtsa başqa müəssisələrə getdiyi kimi ora da gedib. Burda böyüdüləsi nə var ki? Ora dövlət əhəmiyyətli obyektdir. Regionlarda iş yerlərinin açılması üçün həyata keçirilən siyasətin nəticəsində meydana gəlib.

– Seyfəli kəndinin sakinləri iddia edirlər ki, həmin “Azforel”də balıqlara verilən kimyəvi tərkibli yemlərlə onlara verilən içməli suyu zəhərləyirlər…

– Mən balıq üzrə mütəxəssis deyiləm, amma bilirəm ki, balıq çox həssas heyvandır. Ona heç bir kimyəvi tərkibli yem vermək olmaz. Həmin dəqiqə ölər. Şüurlu insan bunu iddia etməz.

– Sonra qeyd edilir ki, Şəmkir küçələrində antisanitariya hökm sürür. MİS işçilərinə əməkhaqları verilmədiyindən küçələri zibil basıb.

– Mən bu sualınıza telefonla cavab vermək istəmirəm. Buyurun, gəlin rayona və bütün küçələri gəzin. Özü də bizə demədən gəlin. Bir dənə elə fakt aşkar etsəniz, yazılanlarla razılşarıq.

– Maral ferması ilə bağlı nə deyə bilərsiniz, bəlkə nəsə var?

– Ferma yoxdur, sadəcə, ekoturizm məqsədilə yaradılan bir təsərrüfat var. Burda heç bir qazanc güdülmür. Çənlibel kəndində belə təsərrüfat var. Onun da başçı ilə heç bir əlaqəsi yoxdur.

– Rayonun Seyfəli və başqa kəndlərində su problemlərinin olması ilə bağlı İcra Hakimiyyətinə rəsmi şikayətlər daxil olubmu?

– Bir dənə də olsun belə şikayət yoxdur, hamısı cəfəngiyyatdır. Hər halda, bütün bunlar boş- bekarçılıqdan meydana gəlib. Görürsünüz, bir nəfər həm sizə əziyyət verdi, həm də mənə. Kiminsə qərəzinə görə biz bu qədər vaxt ayırdıq. Mən sizə bir məsələni də deyim. Bir jurnalistin rayon barədə təsəvvürünün formalaşması üçün o mütləq gəlib nə varsa yerində görməlidir. Telefon vasitəsilə bunu təsvir etmək olmur. Nə bilim, bəlkə heç mənim dediklərimin bəzilərinə inanmadınız. Amma istənilən vaxt gəlib faktlarla yerində tanış ola bilərsiniz. Əgər dediyiniz şəkildə yazılıbsa, heç biri həqiqətə uyğun deyil.

Hörmətli başçının köməkçisinə təşəkkür etdik. Bütün suallarımıza konkret cavab verdiyi üçün həm mətbuat olaraq bizi qane etdi, həm də Prezident sərəncamı ilə vəzifəyə təyin edilmiş şəxsin barəsində yalan və şayiələrin baş alıb getməsinin qarşısını aldı.

Məhəmmədəli QƏRİBLİ “Bakı-Xəbər”

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …