Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Rza Zarrab: Türkiyənin başına dərd olan azərbaycanlı kimdir?

Rza Zarrab: Türkiyənin başına dərd olan azərbaycanlı kimdir?

Son zamanlar ABŞ-dan tutmuş Türkiyəyə, İrana qədər bir çox ölkələrdə dillər əzbəri olan Rza Zarrab adıyla ən çox qardaş ölkənin başı dərddədir. ABŞ-da məhkəməsi davam edən və 90 illik həbs cəzası ilə mühakimə olunan bu adamın azadlığa buraxılması üçün Türkiyə son zamanlar ciddi səylər göstərsə də, heç nəyə nail ola bilmədi. Təkcə bu ay Ankaranın ABŞ-a Rza Zarrabla əlaqədar 2 dəfə nota verdiyi rəsmən etiraf olunub. İstanbul Respublika Prokurorluğu da bu səhadə bekar qalmayıb. Zarrabın əməllərini araşdıran Nyo-York Baş Prokurorluğu barədə İstanbulda cinayət işi açılıb. Dəfələrlə Türkiyənin ən yüksək rəsmiləri tərəfindən ABŞ Zarrabın işinə qərəzli yanaşmaqda ittiham olunub. Bir sözlə, Türkiyə və ABŞ xüsusilə son zamanlar Rza Zarrabla nəfəs almağa başlayıb.

Sözsüz ki, iş adamının dünya mətbuatında adının bu qədər hallanması səbəbsiz deyil. Başlıca səbəblərdən biri odur ki, Rza Zarrab Qərb cizgisindən uzaqlaşmaq istəyən Türkiyəyə qarşı ABŞ-ın əlində ən ciddi silaha çevrilib. Beləcə, 2013-cü ilə qədər başarılı iş adamı kimi bir çoxlarının qibtə etdiyi bu ad hazırda qalmaqallı cinayət işindən tutmuş, qlobal geopolitik mübarizənin əsas aktyoru olaraq ön plana çıxır.

Sirr deyil ki, ABŞ-da başlayan məhkəməsində 90 il cəza ittihamı ilə mühakimə edilən Rza Zarrabın özünü xilas etmək naminə etirafçı olduğu barədə xəbərlərin yayılması rəsmi Ankaranın da yuxusunu qaçırdıb. Bəs, dünya siyasətinin ən kilid isminə çevrilmiş Rza Zarrab kimdir?

BMT-nın və ABŞ-ın İrana qarşı tətbiq etdiyi embarqonu dələn əsas fiqurlardan sayılan bu adam 1983-cü ildə Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olub. Türkiyə mətbuatında onun Bakıda təhsil aldığı bildirilsə də, zənnimizcə, bu səhv məlumatdır və qardaş ölkə jurnalistlərinin Cənubi Azərbaycanın paytaxtı ilə Bakını qarışdırmasından irəli gəlir. Əgər bizim ehtimal doğrudursa, Rza Zarrabın elə anadan olduğu Təbrizdə orta və ali təhsil aldığı anlaşılır.

Gənckən qızıl alverinə girişən Rza Zarrab bir müddət Dubayda fəaliyyət göstərsə də, daha sonra Türkiyəyə köçməyə qərar verir. 23 yaşından bəri qardaş ölkədə yaşamağa başlayan Zarrab qazandığı bütün uğurları qardaş ölkəyə borcludur. O, Türkiyədə fəaliyyətinə İstanbulun məşhur zinət bazarı kimi tanınan Qapalıçarşıda qızıl alveriylə başlayır. Daha sonra işini genişləndirən Zarrab dənizçilik, neft ticarəti və inşaat sahəsinə də girişir.

23 yaşlı gəncin qısa müddət ərzində bu qədər yüksəlişinin 2 başlıca səbəbi var: biri İrana qarşı embarqonun yarılması ehtiyacının yaranması, digər isə iş adamının əsl azərbaycanlılara xas şəkildə bütün işlərini məmurlara yaxşı bəxşiş verəcək “alicənablıq”la yürütməsi.

Türkiyə əhalisinin böyük əksəriyyəti isə bu adı məşhur müğənni Əbru Gündəşlə evliliyi zamanı tanıdı. Özündən 10 yaş böyük müğənniylə evlənməsində məhəbbətin nə dərəcədə rol oynadığı Əbru xanımla Rza Zarraba əyandır və bizi maraqlandıran məsələ deyil. Amma bu evlilikdə Zarrabın Türkiyə vətəndaşlığını almaq və  dünyanın bir çox şirkətləriylə özünün yeni kimliyiylə əlaqələr yaratmaq istəməsinin də mühüm rol oynadığə aydındır. Nədən ki, dünya şirkətləri İrana qarşı sanksiyalar tətbiq etdiyindən Zarrab anadangəlmə vətəndaşlığıyla bu işləri görə bilməzdi. Üstəlik, Əbru Gündəşlə evliliyi onu rahatlıqla iş, incəsənət və siyasət dünyasına çıxardacaq, qarşısındakı bir çox maneələri aradan qaldıracaqdı.

İnsafən, Əbru Gündəşlə tanışlığında Rza Zarrabın incəsənət ruhlu olmasınında mühüm rolu vardır. Bu evlilikdən əvvəl iş adamının hətta Sibel Can, İbrahim Tatlısəs kimi ünlü sənətçilər üçün mahnılar bəstələdiyi deyilir. Əbru Gündəşlə tanışlığı da məhz bu mədəni fəaliyyəti sayəsində baş tutmuş ola bilər.

Zarrab Türkiyədə biznes həyatına 2008-ci ildə qurduğu “Royal Marine Inc”lə başlayır. O, qısa bir müddət ərzində öz fəaliyyətini genişləndirərək beynəlxalq qızıl ticarəti sahəsində holdinq yaradır. Əlbəttə ki, dünya bazarına çıxmaq istəyən İranın pulları sayəsində. Zarrab sanksiyalarla çətin vəziyyətə düşən İrandan neft alıb başqa yerlərdə satır və əldə edilən kapitalını qızıla çevirərək dəyərləndirir, beləcə, həm doğulduğu ölkəni təcrid olunmuş vəziyyətdən çıxarır, həm də öz sərvətlərinə sərvət qatır.

ABŞ-da başlamaq ərəfəsində olan məhkəmə iddianamələrinə inansaq, Zarrab bütün bu işləri Türkiyə hakimiyyətinin yardımları ilə həyata keçirir. İrana qarşı beynəlxalq sanksiyaların yarılmasını təşkil edən Zarrabın pul transferlərində Türkiyənin ən böyük bankı Halkbankın mühüm rol oynadığı iddia olunur. İddiaların nə dərəcədə haqlı olub-olmamasına baxmayaraq, şəxsən bu yazının müəllifi sözügedən fəaliyyətə görə Türkiyə hökumətini qınamaq fikrində deyil. Əksinə, ABŞ-ın imperialist siyasətini yardığı üçün indi olmasa belə, gələcək tarixçilər Ankaranın bu fəaliyyətindən ağız dolusu danışacaqlar. Çünki əsl tənqidə layiq olan Şərq ölkələrinin inkişafının önünü kəsmək istəyən qlobal imperializmin sanksiyalarıdır. İstər Türkiyə, istərsə də Zarrab bu sahədə atdıqları addımlarla ABŞ-ın imperialist niyyətlərinin baş tutmamasında misilsiz rol oynamışlar.

Üstəlik, Türkiyə də bu sanksiyaların yarılmasında az şey qazanmamışdır. İranın, demək olar ki, bütün ticarət əlaqələri bir müddət tək Türkiyə vasitəsilə həyata keçirilmişdir. İddialara görə, sonradan bu prosesə Azərbaycan, İraq, Türkiyə və Rusiya da qoşulmuşdur. Bu fikirlərin nə dərəcədə doğru olub-olmadığı Zarrabın məhkəmədəki etirafları zamanı ortaya çıxacaq və çox güman ki, ABŞ bu məsələdən Azərbaycan hökumətinə qarşı da təzyiq vasitəsi kimi istifadə edəcək.

O başqa məsələdir ki, İrana qarşı sanksiyalar yarılmasında Türkiyə və başqa dövlətlərin oynadıqları rollardan əldə edilən vəsaitlər bütün xalqın yox, yalnız bir qrupun maraqlarına xidmət edib. Ən əsası, Zarrabla cinayət əlaqəsinə girib korrupsiya əməlində ittiham olunan 4 nazirin 4-nün də kürd əsilli olması başqa şübhələri də ağla gətirir.

Bununla belə, həmin gəlirlərin iqtisadiyyata yönəldiyini, bunun sayəsində bir çox iş yerlərinin açıldığını nəzərə alsaq, xalqın da bundan dolayısyla faydalandığını görərik. Bütün hallarda qlobal imperializmin İrana qarşı tətbiq etdiyi sanksiyaların yarılmasında Türkiyə də böyük pullar qazanıb. İtirən isə bu gün Zarrabı mühakimə edənlər olub.

Zarrabın Türkiyənin başına dərd olması prosesi 2013-cü ilin 17 dekabrında başlayıb. Həmin vaxt AKP hökumətinin əsas dayağı olan gülənçi prokuror və polislərin anidən başlatdığı əməliyyat nəticəsində bir çox iri məmurun övladları korrupsiya və rüşvət ittihamları ilə həbs olundu. Tutulanlar arasında Zarrab da vardı. 17 dekabrda başlanan bu əməliyyatın dövlət çevrilişinə hesablandığını anlayan Türkiyə hakimiyyəti onu həyata keçirənləri öz vəzifələrindən uzaqlaşdırdı. İndiyə qədər davam edən FETÖ-AKP müharibəsinin də əsası həmin vaxtdan qoyuldu.

7 Dekabr hadisəsinin müəllifləri olan yüzlərlə polis, hakim və prokurorluq işçiləri vəzifədən uzaqlaşdırıldıqdan sonra Zarrab da 70 günlük məhbusluğunun ardından azadlığa buraxıldı. Bu təxliyyə Türkiyədə ciddi mübahisələrə səbəb oldu və qardaş ölkədə çaxnaşmalar yaratdı.

Həmin təxliyyədən sonra Türkiyə mətbuatında Rza Zarrabla ölkə rəsmiləri arasında yazışmalar, telefon söhbətləri və bir çox qaranlıq əlaqələrlə bağlı faktlar hallandırılmağa başladı. Mətbuata sızdırılan bir çox məlumatlar Rza Zarrabın hökumət qüvvələri yanındakı hörmətini və iş görmə üsullarına aydınlıq gətirir. Məsələn, telefon danışıqlarının birində Türkiyənin o zamankı Daxili İşlər naziri Müəmmər Gülərin Zarraba “Vallahi, sənin önündə yataram” dediyi məlum olur. Yaxud Zarrabın ictimailəşdirilən “Fahişə ilə məmurun bəxşişi işin başında verilməlidir” kimi fikirləri Türkiyənin hökumət orqanlarının nə qədər korrupsiyalaşmasından, hətta pul xətrinə təhqiramiz kəlamları belə qəbul etdiyindən xəbər verir.

Beləcə, qarşılıqlı kompromat müharibələri ilə davan edən proseslər 15 İyul hadisələrinə qədər uzanır. Türkiyədəki gülənçi qüvvələr 17 Dekabrda hüquqi çevrilişlə bacara bilmədiklərini 15 İyulda ordudakı tərəfdarları vasitəsilə həyata keçirməyə çalışırlar. AKP və Türkiyə prezidenti Ərdoğan bu döyüşdən də qələbəylə çıxır.

15 iyuldan bir neçə ay əvvəl isə Zarrab Türkiyədən qaçır. 2016-cı ilin Novruz bayramı günlərində onun səsi ABŞ-ın Mayami adalarından gəlir. Federal Təhqiqatlar Bürosu tərəfindən həbs olunan Rza Zarrab Türkiyədəki fəaliyyətiylə əlaqədar məhkəməyə verilir. Artıq ABŞ-Türkiyə xəttində ciddi qırılmalar yaradan məhkəmənin ilk iclası geridə qalıb. Sonrakı iclaslarda gərginliklərin daha da artacağı gözlənilir.

Zarrabın ən kritik anda ABŞ-a qaçdığı, hələdə, üstündəki sirr pərdəsini qorusa belə, bu addımın can güvənliyi niyyətilə atıldığı daha çox inandırıcıdır. Nədən ki, həm Türkiyədə, həm də İranda Zarrab ətrafındakı çəmbərin xeyli daraldığı müşahidə olunurdu. ABŞ-a qaçmamışdan qısa müddət əvvəl Zarrabın İrandakı ortağı Babək Zəncani həbs olunmuş və “dünyada fəsad çıxartmaq” ittihamı ilə ölüm hökmünə layiq görülmüşdü. İran hökumətinin kirli yollarla sanksiyaları yarmaq günahını Babək Zəncaniyə və onun “rəisim” dediyi Rza Zarraba yükləmək istədiyi bəlli idi. Prinsipcə, Rza Zarrabın İrana  təhvil verilməsi, yaxud hansısa yolla “qaçırılması”  və edam olunması Türkiyənin də işinə gələ bilərdi.

Görünür, Rza Zarrab can güvənliyini yaxşı ehtimalların ümidinə buraxmamaq üçün aradan çıxmağı daha məsləhətli hesab edib. Necə olsa, ABŞ öz işinə gələn etiraflarına görə onu əfv edə bilər və artıq iş adamının bu fürsəti qazanmaq üçün etirafçı masasına oturduğu bildirilir.

Heydər Oğuz

Ovqat.com

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …