Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Manşet / RUSİYANIN QƏRBƏ QARŞI EMBARQO FÜZESİ!

RUSİYANIN QƏRBƏ QARŞI EMBARQO FÜZESİ!

Putinin istismarçı imperializmlə mübarizədə əli çox güclüdü: biri kozır olmaqla 3 tuzla oynayır… 

“Ən sonunda insanın ayrılmaz parçası olan hər şeyin alış-veriş və bazarlıq mövzusu olduğu zaman gəlib çatacaq. Bu, o zamana qədər əl dəyişdirən, lakin ticarət mövzusu olmayan ərdəm, duyğu, qənaət, məlumat və şüur kimi şeylərin də ticarət mövzusu olduğu bir zamandır, qlobal miqyaslı alış-veriş dövrüdür. İqtisadi terminlərlə ifadə etsək, maddi olsun, mənəvi olsun – hər şeyin gerçək dəyərinin müəyyən olunması üçün bazara gətirildiyi bir zamandır.” (Karl Marks, “Fəlsəfənin səfaləti”)

***

Karl Marksın təxminən 170 il öncə yazdığı fikir bu günün özündə də aktuallığını qoruyub saxlayır. Hətta mən deyərdim ki, onun bu fikri məhz bizim zəmanəmiz üçün qələmə alınmışdır. Belə ki, Marks yuxarıdakı 3 cümləsiylə dövrümüzün real mənzərəsini çəkmişdir.

Hərçənd solçu deyiləm, ancaq bu gün baş verənləri 25 il öncə təxmin etsəydim, Qərb dəyərlərinin ölkəmizdə də bərqərar olması uğrunda qətiyyən mübarizəyə qoşulmazdım. Köhnəni pis hesab edərək vurub dağıtmaq, yerində yaxşı olan yenisini qurmaq amacıyla yola çıxsaq da, məqsədimizə çatmadıq və sadəcə olaraq, müəyyən bir qrupun zənginlik, rifah əldə etməsi üçün münbit şərait yaradan katalizatorlar olduq. Və artıq elə bir dövrə gəlib çatdıq ki, bu dövrə “qlobal miqyaslı alış-veriş dövrü”ndən başqa ad vermək mümkün deyil. Günümüzdə maddi olanlarla yanaşı mənəvi olan hər şey ticarət mövzusu olub və bazara çıxarılıb.

Bəlkə başqaları Marksın yuxarıdakı fikrini başqa cür alqılaya bilər, bəlkə də Marks özü başqa bir mənada yazıb bu fikirlərini, ancaq mən qeyd etdiyim kimi anlayır, günümüzün mənzərəsini də belə görürəm…

***

Əslində, bu yazımda başqa bir mövzudan – Ukraynada sıcaq savaşla başlayan və hal-hazırda Avropanın mərkəzinə transfer olunan və siyasi-iqtisadi qarşıdurmaya çevrilən Rusiya-Qərb münasibətlərindən bəhs etmək istəyirəm. Elə isə sual oluna bilər: bu mövzu ilə Karl Marksın “Fəlsəfənin səfaləti”nin nə əlaqəsi var? Gəlin tələsməyək, mən fikirlərimi yazım, əlaqəni siz özünüz görəcəksiniz…

Marksın dediyi kimi, ərdəm, duyğu, hətta şüurlarını belə qlobal miqyaslı alış-veriş predmetinə çevirib, bazara çıxaranlar bizdə də az deyil. Hətta bizdəkilər bu bazarın ən həyasız satıcılarıdır desək, heç də səhv etmərik. Məsələn, Ukrayna cəbhəsində xaxolların son günlər müəyyən üstünlük əldə etməsi bunlar üçün toy-bayramdır. Səbəb olaraq da onu göstərirlər ki, guya Rusiya məğlub olacağı təqdirdə Qarabağ problemi birdəfəlik həll olacaq. Təsəvvür edin, Rusiya məğlub olur, Qarabağdakı sülhməramlılar çıxarılır, onların yerinə erməni lobbisinin təsiriylə Fransa və ABŞ-ın orduları yerləşdirilir, Minsk Qrupu fəaliyyətini bərpa edir. Nəticə? Nəticə o olur ki, Qarabağ qudbay!

Əslinə baxsaq, Qarabağda yerləşən rus sülhməramlılarının mövcudluğu şəraitində biz qalib tərəf olaraq, xeyli irəliləyişə nail olmuşuq və bu proqram çərçivəsində yaxın zamanlarda problemin büsbütün həlli açıq şəkildə görünür. Yəni biz Qarabağı həqiqətən də istəyiriksə, buna Qərblə tərəfdaşlıq kontekstində nail olmaq qeyri-mümkündür, son 30 ildə bunun dəfələrlə şahidi olduq. Ən doğru yol Rusiya ilə bərabərhüquqlu tərəfdaşlıq müstəvisindən keçir.

Gələk Rusiyanın Ukraynadakı savaş meydanında geri çəkilməsi məsələsinə. Bizim liboşlar bunu Rusiyanın bitdiyi, tam məğlubiyyəti kimi qələmə verirlər. Halbuki bir nəfər də olsun qərbli analitik, hərbi ekspert belə bir mövqe ortaya qoymur, tam əksinə, son günlər Qərbdən “Rusiya əsla gücsüz dövlət kimi hesab olunmamalıdı. Rusiya nə zaman nə edəcəyi bəlli olmayan böyük gücdür” fikirləri daha aktuallıq qazanıb. Qərbli başbilənlər özləri narahatçılıq içərisindədilər ki, axı, nə baş verir, Putinin növbəti hansı planı dövriyyəyə girəcək? Bizim Xaqani Cəfərov isə artıq Rusiyanı bölüb-parçalayıb, Dərbəndi isə Azərbaycana verib.

Bax, məhz o suala cavab tapmaq lazımdı ki, Putinin növbəti planı nədir? Mənim anladığım Rusiya prezidenti Ukrayna savaşının hələ bir müddət davam etməsində maraqlı görünür. Rus qoşunlarının məğlub kimi görünərək geri çəkilməsi də məhz bu planın tərkib hissəsidi. Putin, əslində, Ukraynadakı isti savaşı Avropanın göbəyinə transfer edərək, soyuq savaşla əvəzləyib. O, bu savaşa 24 il hazırlaşıb. Bu deyilənləri daha dərindən anlamaq üçün Rusiya prezidentinin son 25 illik siyasi fəaliyyətinə ötəri bir nəzər salaq.

Vladimir Putin siyasətə təhlükəsizlik sistemindən – gizli servisdən gələn bir dövlət xadimidi. Uzun illərin təcrübəsi göstərib ki, bu sistemdə başarılı nəticələr əldə edən və sonradan siyasətə transfer olunan istənilən şəxs siyasətdə də böyük uğurlar qazanıb və daha uzunmüddətli planlar qura bilib. Örnək olaraq Lavrenti Beriya, Yuri Andropov, Heydər Əliyevi göstərə bilərik. Türkiyədə də bunun bənzərinə rast gəlmək mümkündü. Rəcəb Tayyib Ərdoğan 2016-cı il təyyarə krizindən sonra Qərbin adamı Davudoğluna deyil, istihbaratçı Hakan Fidana daha çox güvənməklə bir çox problemləri həll edə bildi. Ən başlıcası da, Rusiya kimi nəhəng və əbədi  rəqibi ilə dost münasibətlər qurdu. Hazırda Türkiyə nəinki bölgədə, hətta dünyada söz sahibi ölkələrdən sayılır. Bütün Qərb Rusiya ilə münasibətlər məsələsində qardaş Türkiyəyə möhtac durumdadı.

Heç bir şübhə yox ki, Vladimir Putin Dərin Rusiyanın projesidi, həm də əminliklə deyərdim ki, Lavrenti Beriyadan sonra ən böyük projesidi. Əgər ötən əsrin 50-ci illərində “Beriya projesi”ndə kiçik bir yanlışlıq (Liberal Qərb Xruşovun timsalında Kremlə nüfuz edə bilmişdi) məğlubiyyətə səbəb oldusa (“Beriya projesi” baş tutsaydı, bugünkü Çin modeli 70 il öncə SSRİ-də reallaşacaydı), Putin məsələsi uğurla başa çatdı və məhz o, Rusiyanı girdiyi koma vəziyyətindən çıxara bildi. dı.

Dərin Rusiya SSRİ dağılan kimi yeni lider hazırlığına başlamışdı. Dövlətin dərin qatında olanlar anlayırdılar ki, liberal Qərbin lakeyi olan və alkaş Boris Yeltsinin demokratiya şüarları ilə uzağa getmək mümkün deyil. Axtarış nəticəsini verdi və 40 yaşlı gənc Putindəki işıq və enerjini gördülər. O, hələ Berlin divarları dağıdılarkən özünü təsdiq etmişdi.

Rusiyanın gələcəyi üçün hazırlanan Putin son imtahanını 1997-ci ildə verdi. O, Sankt-Peterburq Dövlət Dağ İnstitutunda “Bazar münasibətlərinin formalaşması şəraitində regionun mineral-xammal bazasının yenidən bərpasının strateji planlaşdırılması” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi adını alır. Onun elmi rəhbəri mineral xammalın iqtisadiyyatı sahəsində dünyanın ən tanınmış alim, iqtisad elmləri doktoru V.A.Fyodorov idi. Dissertasiya mövzusunun adına bir daha diqqətlə fikir verin, çünki irəlidə niyə məhz bu mövzu seçildiyinin səbəbini daha yaxşı anlayacağıq.

Putini əvvəlcə baş nazir etdilər. Dövlət və siyasi idarəetmədə təcrübə topladıqdan sonra onu Yeltsinin yerinə prezident seçdilər. Çekist Putin siyasi priyomları da tez bir zamanda mənimsədi və onun barəsində “bu çəlimsiz uşağı biz daha tez ram edə bilərik” deyən oğul Buşu sonradan xəyal kırıklığına uğratdı. Buna qədər isə, o, hər şeyə, aşağılanmağa belə dözdü, hətta bir dəfə Buşa “sən mənim böyük qardaşım əvəzisən, səni qardaşım qədər çox sevirəm” dediyi də məlumdur.

Putin bütün davranışlarıyla özünü Buşa Qərbin tərəfdarı kimi göstərə bilmişdi. Məhz Buşun sayəsində o, Avropa dövlətləri ilə də isti münasibətlər quraraq, Qərb bazarına girdi. Putin uğurlu xarici siyasət yürütməklə yanaşı, daxildə də bir çox uğurlu layihələrə imza atdı. Məsələn, onlardan daha çox mühüm olan ikisini nəzər-diqqətinizə çatdırıram:

– yerlərdə sürünən neft-qaz sənayesini yenidən bərpa edib dirçəltdi və Avropa dövlətlərini ucuz qiymətlərlə şirnikləndirərək Rusiya enerji daşıyıcılarına möhtac buraxdı. Uzün müddətli müqavilələr bağlayaraq, onları özündən asılı vəziyyətə saldı. Bu gün Avropanın enerji daşıyıcıları bazarının az qala yarısı Rusiyanın əlindədi;

– Putinin iqtisadiyyatla bağlı ikinci uğurlu addımı kənd təsərrüfatını, konkret olaraq taxılçılığı inkişaf etdirmək oldu. Əgər onun prezidentliyinin birinci ilində Rusiya öz ehtiyacını ödəmək üçün əlavə olaraq xaricdən 1 milyon ton taxıl alırdısa, bu gün illik 40 milyon tonla dünyanın ən böyük taxıl ixracatçısıdır, həm də daha çox keyfiyyətli və daha ucuz qiymətə.

Putin bu iki iqtisadi planla birlikdə zamanla daha iki strateji məqsədə nail oldu. Birincisi, Yeltsin dönəmində Rusiyanın xammal ehtiyatlarını dəyər-dəyməzinə ələ keçirən Xodarkovski kimi iqtisadi kollaborasionistləri zərərsizləşdirdi; İkincisi, Qərb dünyasıyla gələcək qarşıdurmada ən böyük ehtiyac duyacağı tərəfdaşını müəyyən etməliydi. Putin anlayırdı ki, bu tərəfdaş iki səbəbə görə Ukrayna yox, Türkiyə ola bilər və olmalıdır. Əvvəla, Ukraynanın tərəfdaşlığı onu yalnız Qara Dənizdə üstün mövqeyə gətirə bilərdi, bu isə, o qədər strateji əhəmiyyət daşımırdı. Çünki Qara Dənizə sahib olmaq hələ Orta Şərqə və Afrikaya qısa yoldan çıxış əldə etmək sayılmaz. Digər tərəfdən, Ukraynada anti-Rusiya təmayüllü, qərbpərəst, faşist düşüncəli xeyli sayda qüvvə vardı və onlar istənilən zaman hakimiyyəti ələ keçirə və Rusiyadan üz döndərə bilərdilər.

Türkiyənin strateji mövqeyi və xalqının milli mentaliteti Putini cəzb edirdi. Qonşu türk dövlətiylə yaxın münasibətlər və tərəfdaşlıq Rusiyaya əl verirdi. Rusiya məhz Türkiyə vasitəsilə Orta Şərq və Afrika kimi cəzbedici bazara qısa yol əldə edə bilər və möhtəməl embarqolarda bu yolla dünyaya açıla bilərdi. Türkiyə ilə normal münasibətlər qurulması Rusiyaya həm də ona görə əl verirdi ki, NATO üzvü olan Türkiyənin baş verəcək qarşıdurmada bitərəf mövqedə duracağına Putin əmin idi. Bu da istər-istəməz rəqib düşərgədə fikir ayrılığına və parçalanmaya gətirib çıxarır. Putin özü çıxışlarının birində deyirdi: “Sayın Ərdoğanla, Türkiyə ilə bir çox strateji məsələlərdə fikir ayrılıqlarımız mövcuddur. Ancaq biz bunu danışaraq həll edə bilirik. Türk xalqı dostluğa, tərəfdaşlığa sadiq xalqdı. Rusiya Türkiyə ilə hərtərəfli dostluğa, tərəfdaşlığa hazırdır və bundan məmnundur”.

Putin kifayət qədər uzaqgörən və planlarını ən kiçik detallarına qədər hesablaya bilən siyasət və dövlət adamıdı. 2016-cı ildə “vurulan təyyarə krizi”ndə məhz onun soyuqqanlılığı Rusiya-Türkiyə qarşıdurmasının qanlı savaş həddinə çıxmasına imkan vermədi. O vaxt Qərbin planında bu iki dövləti müharibəyə sövq etmək var idi. Bu baş tutmayanda Ukrayna variantına keçildi. Sonradan Ərdoğan da başa düşdü ki, Davutoğlunun əliylə Türkiyəni savaşa sürükləyirlər. O, onu da anladı ki, bu yanlış yoldan geri dönmək, Rusiya ilə normal münasibətlər qurmaq Türkiyənin özünün də strateji maraqlarına cavab verir.

Hesab edirəm ki, Putinin geridə qalan siyasi fəaliyyəti haqda, az da olsa, təsəvvür yarada bildik. İndi onun bu günkü fəaliyyətinə də müəyyən qədər işıq salmaqla həmin təsəvvürlərimizi daha da dolğunlaşdıra bilərik.

Putin tam hazır olduqdan, bütün planlarını tamamladıqdan sonra Ukraynaya hərbi müdaxilə etdi. Çoxları, ələlxüsus da, İsa Qəmbər, Əli Kərimli kimi özlərini siyasi lider hesab edənlər elə düşünürlər ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi çıxa bilməyəcəyi bataqlığa girməsidi. Halbuki baş verənlər və baş verəcəyi ehtimal olunan hadisələrə ötəri baxışla əmin ola bilərik ki, Qərb Rusiyanı yox, tam əksinə, Rusiya Qərbi çıxa bilməyəcəyi bataqlığa sürükləyib. Bu adamların əlində cəmi bir tutalqa var: Rusiya deyirdi ki, bir həftəyə Kiyevi tutacağıq! Bəli, deyirdi. Bəs, siz hardan bilirsiniz ki, bu şüarın özü strateji bir yanıltma olmayıb?

Hadisələrin gedişatı göstərir ki, Rusiya müharibənin uzanmasında, ən azından qışa qədər uzanmasında maraqlıdır.

Müharibənin uzanacağı təqdirdə Rusiyanın məğlubiyyəti qaçınılmazdır fikri siyasi diletantlıqdan başqa bir şey deyil. Putin Rusiyanın qarşılaşdığı iki müharibənin – 1812 və 1941-45-ci illər müharibəsinin nəticələrindən taktiki vasitə kimi istifadə edir. Bəhs edilən hər iki müharibədə düşmən Moskvaya qədər gəlib çıxdı, ancaq soyuq qışa tab gətirməyən Napoleon da, Hitler də biabırçı məğlubiyyətlə üzləşdi. İndi Putin həmin taktikadan yenidən istifadə edir, lakin bunun üçün düşməni heç də Moskvaya qədər buraxmağa ehtiyac yoxdur. Putin sadəcə, çalışır ki, savaş ən az dekabr ayına qədər uzansın. O, bu dəfə düşməni (Putinin əsil düşməni xaxollar yox, NATO ölkələridi) elə öz evində soyuqdan dondurmaq istəyir. Necə? İzah edək…

media-simal_axini

Savaş başlayan gündən bəri ABŞ hər vəchlə çalışıb ki, Rusiyaya qarşı embarqo tətbiq olunsun. Və buna müəyyən qədər də nail olub. Yuxarıda da qeyd etdiyim kimi, Putin hələ hakimiyyətinin ilk illərində oğul Buşun “saqqızını oğurlayaraq”, Avropa ölkələrinin enerji daşıyıcılarına olan ehtiyacının böyük qismini qarşılamaq üçün bazara girdi və “Şimal axını” xəttini istifadəyə verməklə Avropanın təbii qaza olan ehtiyacının 40 faizdən artığı Rusiyadan ixrac olunmağa başladı. Sonra neft məhsullarının satışını da böyük həcmdə nəzarətinə keçirdi. Beləliklə, Rusiya Avropaya qarşı güclü iqtisadi və siyasi rıçaqlar əldə etmiş oldu.

Məlum olaylardan sonra embarqo tətbiq olunsa da, mövcud borular vasitəsilə qaz və neftin pompalanması davam edirdi. Qismən embarqonun təsiri, qismən də Rusiyanın ixracı azaltması qiymətlərin artımına səbəb oldu. Qiymətlərin artımında Çin və Hindistanın da rolu böyükdü. Belə ki, bir gün Qərblə qarşı-qarşıya duracağını və Ukraynaya hərbi müdaxiləsini əvvəlcədən hesablayan Putin bu iki nəhəng dövlətlə razılıq əldə etmişdi. Məsələn, ötən il Rusiya-Çin ticarət əlaqələrinin illik dövriyyəsi 140 milyard dollar idisə, bu ilin 7 ayının yekununda bu rəqəm 160 milyardı keçib. Hindistanla ticarət dövriyyəsi isə ötən ilki 3,7 milyard dollardan bu ilin 7 ayında 45 milyard dollara yüksəlib. Türkiyə vasitəsilə dünya bazarına çıxarılan mal dövriyyəsi də ən az 2,5 dəfə artıb. Nəticədə, Rusiya iqtisadi embarqoya məruz qalmasına rəğmən, bu ilin ilk 7 ayı ərzində ötən ilin 12 ayı ilə müqayisədə 125 milyard dollar əlavə gəlir götürüb.

Bəzi diletantların fikrinin əksinə olaraq, məlum embarqo nəinki Rusiyaya ziyan vurmadı, əksinə, onun xeyrinə işlədi. Rusiya iqtisadi gücünü artırdığı bir dönəmdə Avropa sürətlə tənəzzülə doğru gedir. Almaniya, Fransa və digər qabaqcıl Avropa ölkələrindəki qiymət artımları və etiraz dalğalarının yüksəlməsi kimin strateji üstünlük əldə etdiyinə dair bariz sübutdur.

Avropa üçün belə bir çətin dönəmdə Putin həlledici zərbəni endirdi. Artıq “Şimal axını” boru kəmərilə qaz nəqli tamamilə dayandırılıb. ABŞ-ın dəstəyilə Avropa ölkələrinin Rusiyaya tətbiq etdiyi embarqo mərmisini indi Rusiya Avropanın özünə fırladıb.

Adı çəkilən “Şimal axını” qaz kəmərinə texniki xidməti Almaniyanın Siemens şirkəti həyata keçirir. Kəmər boyu 6 ədəd qaz kompressoru var. Uzun müddətdir bu kompressorlardan yalnız biri işləyirdi və buna görə Rusiya qaz ixracını nəzərdə tutulan həcmin 20 faizinə qədər azaltmışdı. Kompressorlardan birini Siemens şirkəti təmir üçün Kanadadakı zavoda aparmışdı. Təmirdən sonra turbin Rusiyaya geri gətirilməliydi, ancaq Kanada hökuməti buna izn vermədi, çünki mövcud embarqonun şərtlərinə bu turbinlər də daxil idi. Karl Marks zamanında demişdi, zaman gələcək hər şey, o cümlədən prinsiplər də bazara çıxarılacaq. Siemens şirkəti də bunu etdi, Kanada hökumətiylə razılaşdı və embarqonu yararaq həmin turbini Rusiyaya gətirdi. Rusiya turbini qəbul etməyi rədd etdi, embarqolu bir malı qəbul edə bilmərəm dedi. Hələ də o turbin Almaniyada durur.

Sonra ABŞ-ın təlqiniylə Avropa ölkələri Rusiyanın gəlirlərini azaltmaq məqsədilə onun neftinə minimum qiymətlər tətbiq etmə qərarı aldılar. Aradan cəmi iki saat keçdikdən sonra Rusiya “Şimal axını” boru kəmərindəki işlək vəziyyətdə olan tək turbinin yağ ağıdır bəhanəsiylə qaz nəqlini müddətsiz olaraq dayandırdı.

İndi gəlin baxaq görək, Rusiya, deyildiyi kimi, çətin vəziyyətdə olsaydı, xətti bağlayardımı? Xeyr! Xeyr! Yenə də xeyr! Rusiya yenə öz məhsulunu satır, həm də Avropaya satdığı qiymətdən çox daha baha qiymətə satır. Çinə satır, Hindistana satır. Onlar da təbii qazı mayeləşdirilmiş qaza çevirərək, elə həmin Avropaya satır. Bu isə təbii ki, olduqca baha qiymətə başa gəlir. Keçən il 1000 kub metri 500 dollara olan qazı Avropa ölkələri indi 2000-2500 dollara alır. Proqnozlaşdırılır ki, noyabr-dekabr aylarında Avropada qazın qiyməti 3500-4000 dollardan aşağı olmayacaq.

Burada bir məqama da xüsusi diqqət etmək gərəkir. “Şimal axını” dayandırılsa da, Türkiyə vasitəsilə nəql olunan qazın həcmi artırılıb və  kəmər var gücü ilə işləyir. Bu da Putin və Rusiyanın öz tərəfdaşına qarşı sədaqətini göstərir. Bu prosesdən Türkiyə həm böyük miqdarda pul qazanır, həm də Avropa ölkələrinə diqtə etmək imkanı əldə edir.

Gəlin cənab Putinin namizədlik dissertasiyasının adını bir daha xatırlayaq:“Bazar münasibətlərinin formalaşması şəraitində regionun mineral-xammal bazasının yenidən bərpasının strateji planlaşdırılması”. Adam bu günə uzun illər öncədən hazırlaşıb, bunu Şahin Cəfərli kimi siyasi diletant həzm və etiraf edə bilməz, Xaqani Cəfərli kimi cahil isə, ümumiyyətlə, anlamaz!

media-Taxıl gəmiləri

Putinin əlindəki kozırlardan biri də taxıl məsələsidi. Bildiyimiz kimi, bu yaxınlarda Türkiyənin vasitəçiliyi ilə Ukrayna taxılının dünya bazarına çıxarılmasına Rusiya razılıq verdi. Ümumi miqdarı 2,5 milyon ton olan taxıl 105 gəmiyə yüklənərək yola çıxıb. Artıq 39 gəmi ünvana çatıb. Bu günlərdə Vladivostokda keçirilən VII Şərq İqtisadi Forumunda çıxış edən Putin haqlı olaraq narazılığını bildirdi. Ünvana çatan 39 gəmidən cəmi 5 ədədi kasıb Afrika ölkələrinə çatdırılıb. Qalan gəmilər Avropaya üz tutub. Putin açıq şəkildə bildirdi ki, Ərdoğanla görüşündə sonrakı yola salınan gəmilərin ancaq kasıb ölkələrə çatdırılması məsələsini müzakirə edəcək. Ərdoğan da cavab olaraq bu fikri dəstəklədi. Nəzərə alaq ki, Rusiya hələ öz taxılından bir misqal da satmayıb və hazırda anbarlarda 150 milyon tona yaxın taxıl ehtiyatı var.

Rusiya hal-hazırda çox güclü görünür. İrəlidən qış gəlir. Bütün Avropanı, Afrikanı doydura biləcək qədər taxıl ehtiyatı var Rusiyanın. Qaz axınını da dayandırdı. Türkiyə vasitəsilə nəql olunan qaz isə ikinci dərəcəli və Rusiyaya loyal mövqedə olan Avropa ölkələrinə satılır – İtaliya, Yunanıstan, Macarıstan və s.

Rusiya əlindəki bu iki güclü kartla (tuz kart) Avropanı dizə gətirəcək. Üçüncü bir kartı, həm də kozır tuz kartı isə Türkiyə ilə gözəl münasibətlər qura bilməsidi. Bu pəncərədən Rusiya bütün dünyaya açılır və heç bir embarqo ona təsir etmir.

Bu həftə Səmərqənddə Putinlə Ərdoğan növbəti dəfə bir araya gələcəklər. Səmərqənd görüşü olduqca mühümdü – həm Türkiyə, həm Rusiya, həm də Azərbaycan üçün.

Son olaraq liberal kəsimə və İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı, Qubad İbadoğlu kimi siyasi diletantların diqqətinə çatdırıram: İlham Əliyevin Rusiya ilə bağladığı tərəfdaşlıq barədə fevral sazişinin əhəmiyyətini indi anlayırsınızmı? O saziş biz nə verdi? Yaxud Rusiyaya qarşı tətbiq olunan iqtisadi-siyasi embarqoya qoşulsaydıq, nə itirə bilərdik? Bu sualların cavabı növbəti yazımızda…

Fərəməz NOVRUZOĞLU

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …