Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Manşet / Rusiya və Avropada diasporu hansı qüvvə konsalidasiya edir? – Fuad Muradovun iradəsi xaricində…

Rusiya və Avropada diasporu hansı qüvvə konsalidasiya edir? – Fuad Muradovun iradəsi xaricində…

Azərbaycanın xaricdə güclü diasporunun olmasını hamıdan çox istəyənlərdənik. Bunu təsadüfən xatırlatmırıq. İş burasındadır ki, son vaxtlar diaspor prosesində cərəyan edən proseslərə fərqli və bəzi aspektlərə tənqidi yanaşmamız çeşidli mülahizələrin meydana çıxmasına şərait yaradıb. İş burasındadır ki, Frenk Elkaponinin (Füzuli Məmmədov) rəhbərliyi altında Rusiyada yaşayan azərbaycanlıların yeni diaspor təşkilatının (Rusiya Azərbaycanlıları İttifaqı) yaradılması ilə bağlı apardığımız araşdırmalar və təqdim etdiyimiz silsilə materiallardan yanlış nəticələr çıxaranlar da var. Sosial şəbəkələrdə bu məzmunda olan paylaşımlarımız və ən əsası da məqalə linkləri ətrafında gedən müzakirələrdə hətta bizə müəyyən iradlar da tutulur. Sanki bizim jurnalist fəaliyyətimizi hansısa ölkədə diaspor quruculuğunda gedən birləşmə və ya zorən kleyləşmə proseslərinə mane olmaq cəhdi kimi dəyərləndirənlər də tapılır. Təbii ki, kökündən yanlış olan yanaşmadır. Çünki, media olaraq, Azərbaycan diasporu ilə bağlı təbliğati məzmunlu silsilə yazıları da məhz biz yazmışıq. Daim diasporumuzun üzləşdiyi problemlərə diqqət ayırmışıq. Maraqlıdır ki, bu yöndə canfəşanlıq etmək istəyən və müəyyən mənada bizə ağıl verməyə cəhd edən adamların diaspor quruculuğu, onun təbliğində zərrə qədər də əməyi olmayıb. Belələrinə hətta şirəyə yığışanlar da demək olar. Harada yeni təşkilat, pul iyi varsa, həmin adamları məhz orada görməyə artıq alışmışıq. Bu izahatı ona görə verdik ki, bizim bu mövzuya yanaşmamızı bir daha başqa səmtə yozmağa cəhd etməsinlər. Müşahidələrimiz nəticəsində bu qərara gəlirik ki, sanki dünyanın müxtəlif ölkələrində diaspor qurumlarının yeni təşkilatlanması prosesinə cəhdlər nəzərə çarpır. Təqdir olunası prosesdir. Çünki söhbət hansısa yeni diaspor qurumu və ya dərnəyinin yaranmasından deyil, çox əhəmiyyətli çoğrafiyalarda diaspor qurumlarımızın konsolidasiyasına olunan cəhdlərdən gedir. Bizim üçün ən maraqlı olan budur ki, bu proseslər məlum istiqaməti kurasiya etməyə məsul olan Diaspor İşləri üzrə Dövlət Komitəsinin iradəsi kənarında baş verir. Çox xahiş edirik, kimsə bizə “yanılırsınız” deməsin. Çünki hadisələri obyektiv analiz etməyə qadirik. Niyə bu sözü Ukrayna ilə bağlı söyləmirik? Orada da güclü və bir-birilə antoqonist mövqedə dayanan diaspor qurumlarımız vardı. Dövlət Komitəsinin rəhbərliyində baş verən dəyişiklikdən sonra müşahidə etdik ki, Fuad Muradovun bir neçə dəfə həmin ölkəyə səfər etməsi, diaspor liderləri ilə keçirdiyi görüşlər öz bəhrəsini vermiş oldu. Nəticədə bizim hamımızı sevindirən bir hadisə baş verdi. Bütün diaspor qurumlarımız umu-küsünü bir tərəfə qoyaraq, Ukrayna Azərbaycanlılarının Radası adlı qurumda birləşdilər. Tədbirdə Diaspor Komitəsinin rəhbərliyi də iştirak etdi. Yəni bu işdə Azərbaycan dövlətinin dəstəyi və xeyir-duası açıq hiss edildi. Ancaq Rusiyada baş verən son prosesdə, nədənsə, biz səfirlik əməkdaşlarımızın, hansısa dövlət rəsmisinin və ən başlıcası isə Diaspor Komitəsinin nümayəndələrinin iştirakını görmədik. Hər halda, bu sualla Füzuli Məmmədovun yeni təşkilatının rəhbərliyində təmsil olunan şəxslərə müraciət etmək kimi haqqa sahib olduğmuzu bilib, onlara sorğu etdik. Rusiyada yaşayan tanınmış diaspor fəalı və yeni təşkilatın əsas funksionerlərindən olan Mirkazım Seyidov bizə açıqlamasında bildirdi ki, komitə bu işi dəstəkləyir, hətta dövlət qurumunda təmsil olunan bir nəfərin onlara xeyir-dua verməsi də qeyd edildi. Sonradan bizimlə əlaqə saxlayan Mirkazım müəllimin danışığından belə başa düşdük ki, komitədən ona zəng vurub bu məsələdə onların adını hallandırdığına görə irad bildiriblər. Maraqlı sual yaranır: görəsən niyə? Əslində, bu suala cavabı elə Diasporla İş üzrə Dövlət Komitəsi özü cavablandırıb. Rusiyada yaşayan azərbaycanlıların yeni diaspor təşkilatının yaradılması ilə bağlı suala qurum rəsmisinin verdiyi cavabda mövzuya bir qədər ehtiyatlı yanaşıldığı hiss edilir. Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı deyib ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar və onları birləşdirən təşkilatlar son dövrlərdə fəaliyyətlərini mərkəzləşdirməyə və kollegial qərarlar qəbul etməyə üstünlük verirlər. O vurğulayıb ki, ötən ildən başlayaraq bir sıra ölkələrdə azərbaycanlıların koordinasiya şuralarının yaranması və Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbər şəxslərinin də onların yığıncaqlarına dəvət olunması təqdirələyiqdir: “Hazırda yaşadığı ölkədən asılı olmayaraq, soydaşlarımızın təşkilatlanması prosesi davam edir və genişlənir. Bu günlərdə Rusiyada yaşayan azərbaycanlıların və bir sıra diaspor təşkilatlarının yeni bir qurumda birləşməsi də soydaşlarımızın bu yöndə olan təşəbbüslərindən biri kimi qiymətləndirilir”. Hər halda, bu münasibətdən də görünür ki, yeni qurumun yaradılmasını əlaqədar dövlət qurumu soydaşlarımızın öz təşəbbüsü kimi dəyərləndirir. Analogiya aparsaq görərik ki, elə Rusiyanın özü və başqa ölkələrdə yaradılan böyük diaspor təşkilatlarının təqdimatında biz dövlət qurumlarının bir qədər isti münasibətinin şahidi olmuşuq. Belə olan təqdirdə, maraqlı suallar meydana çıxır. Əgər komitə bu işi soydaşlarımızın öz öhdəsinə buraxıb və qurum rəsmilərinin həmin tədbirlərə dəvətini normal qəbul edirsə, onda niyə bəzi ölkələrdəki tədbirlərdə iştirakı məqsədəuyğun saymır? Qeyd edək ki, Rusiyanın ardınca, diasporumuzun konsolidasiyası istiqamətində başqa bir çoğrafiyada da komitənin iradəsindən xaric proseslər start götürüb. Mərkəzi Almaniyada yerləşən Dünya Azərbaycanlıları Assambleyası və mərkəzi İsveçdə yerləşən Dünya Azərbaycanlıları Milli Birliyi Təşkilatı tərəfindən “Dünya Azərbaycanlıları Milli Birliyə Doğru” forumunun keçirilməsinə qərar verilib. Bildirilir ki, forumun keçirilməsi ilə bağlı qərar hər iki təşkilatın idarə heyətində müzakirə edilib və bu fikir dəstəklənib. Forumun keçiriləcəyi yerlər arasında müzakirə olunan ölkələr Avstriya, Almaniya, İsveçrə və Belçikadır. Bununla yanaşı, təkliflər arasında digər ölkələr də var. Bu günlərdə yayımlanacaq geniş açıqlamada yer və tarixlə bağlı məlumat veriləcək. Dünyaya səpələnmiş soydaşlarımızın vahid qurum ətrafında təşkilatlandırılması, Azərbaycanın işğala və təcavüzə məruz qalması ilə bağlı beynəlxalq qurumları məlumatlandırmaq, bir çox ölkənin təşkilat təmsilçiləri ilə münasibət quraraq dünyada sülhün təbliği istiqamətində iş aparmaq forumda müzakirə olunacaq əsas mövzular sırasındadır. Foruma 30-a yaxın ölkədən 200-ə yaxın nümayəndə heyətinin qatılacağı gözlənir. Hər halda, dünyadakı Azərbaycan diasporunda maraqlı proseslərin getdiyinə şahidlik edirik. Amma Diaspor Komitəsi bu işlərdə gözə dəymirsə, deməli, ortada hansısa müəmma var…

Məhəmmədəli QƏRİBLİ,

“Bakı-Xəbər”

Həmçinin oxuyun

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar – TƏFƏRRÜAT

Aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb. Belə ki, Dövlət Gömrük Komitəsinin …