Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Manşet / Rusiya Azərbaycanda hansı müxalifət partiyaları ilə işləyir?

Rusiya Azərbaycanda hansı müxalifət partiyaları ilə işləyir?

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Komsomolskaya pravda”ya verdiyi müsahibəsi zamanı sensasiyalı fikirlər səsləndirib.
Onun sözlərinə görə, postsovet məkanında işləyən bütün qeyri-hökumət təşkilatlarının komandalarının arxasında böyük pullar dayanır: “Bu təşkilarların əksəriyyətinin arxasında ABŞ Dövlət Departamentinin Beynəlxalq İnkişaf Agentliyi (USAID – red.) dayanır. Həmin qurum sözügedən təşkilatların donorudur. Bütün bu beynəlxalq və demokratik institutların arxasında ya ABŞ-ın Respublikaçılar Partiyası, ya da digər təşkilatlar durur”.

Bununla belə, Rusiyanın xarici siyasət idarəsinin rəhbəri bütün siyasi qüvvələrlə işləməyin gərəkli olduğunu etiraf edib: “Bizim bunu etməməyimiz düzgün olmazdı. Biz hamı ilə işləyirik, özü də təkcə Cənubi Qafqazda deyil, postsovet məkanının digər hissələrində də. Biz bütün sistemli müxalifətçilərlə işləyirik. Lakin sistemsiz və yeraltı müxalifətlə işləmirik. Düşünürəm ki, bu, düzgün hərəkətdir”.
Müsahibədə səslənən fikirlərdən aydın görünür ki, Lavrov Rusiyanın da postsovet məkanında olan müxalif qüvvələrlə ciddi işlər apardığını gizlətməyib. Lakin bu xüsusda sistemli müxalifətlə işlədiklərini, sistemsizlərlə isə münasibət qurmadıqlarını bəyan edib. Lavrovun bu fikrinə necə izah vermək olar? O, əməkdaşlıq etdikləri sistemli müxalifət deyəndə nəyi nəzərdə tutur?

Azərbaycanda fəaliyyət göstərən müxalifətyönümlü Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Lavrov sıradan bir Rusiya məmuru deyil və bu səbəbdən də onun fikirlərini ciddiyə almaq lazımdır:

“Lavrovun Azərbaycana səfərlərinə fikir versəniz, ən kritik və mühüm məqamlara təsadüf edir. Biz indiyə kimi dəfələrlə bunun şahidi olmuşuq. Bu nəticəyə gəlmək olar ki, Kremlin Azərbaycanla bağlı siyasətinin yürüdülməsində ən ciddi məsləhətləşmələri məhz Lavrov aparır. Onun hazırda belə bəyanatla çıxış etməsi də Rusiyanın hazırkı administrasiyasının mövqeyindən irəli gəlir. Mən də hesab edirəm ki, rəsmi Moskva keçmiş SSRİ ölkələri ilə yanaşı, həm də bütün dünyada öz siyasətini israrla yürüdür. Son dövrlər Fransada baş vermiş hadisələrdə Rusiya izi axtarılır. İki “FSB” əməkdaşının dünya mətbuatında fotoları yayılıb. Skripalın zəhərlənməsi işini də buna misal çəkə bilərik. Xorvatiyadakı prezident seçkiləri zamanı Rusiya xüsusi xidmət orqanları əməkdaşlarının həbsi də sübuta yetirilmiş faktdır”.

Partiya sədrinin sözlərinə görə, keçmiş SSRİ məkanında Rusiyanın yürütdüyü siyasət daha sərt və ciddidir:

“Çünki buranı öz nəzarət sahələri kimi qəbul edirlər. Ona görə də həm iqtidar, həm də müxalifətlə işbirliyində olurlar. Moldovadakı prezident seçkilərində rusiyameylli siyasətçinin qalib olması, Ukraynada Yanukoviçin hakimiyyətə gətirilməsi və ya İvanişvilinin Gürcüstanda qalib elan olunması ilə bağlı hadisələrin hamısı Rusiyanın köməyilə həyata keçirilib. Bu məqamda Rusiya həmin ölkələrdəki müxalif qüvvələrlə işləyib. Çünki həmin yerlərdəki hakimiyyətlər Rusiyanın istəyilə formalaşmamışdı. Hazırda Latviyada çox ciddi ruspərəst bir siyasi qüvvənin formalaşdırılmasına təşəbbüslər göstərilir. Azərbaycana gəldikdə isə, hakimiyyətlə Rusiyanın çox sıx əlaqələri var. Yəni indiki Azərbaycan hakimiyyəti Rusiyanın maraqları ilə ziddiyyət təşkil etmir. Hətta mən deyərdim ki, bəzi məqamlarda bizim hakimiyyət Kreml tərəfindən müdafiə də olunur. Ona görə də burada sistemli müxalifətə Rusiya ciddi dəstək vermir”.
VİP sədrinin sözlərinə görə, Azərbaycanın bir sıra tanınmış müxalif partiyalarının Moskva ilə təmas qurmasından da faktlarla danışmaq olar: “Yadınızdadırsa, 2013-cü il prezident seçkiləri zamanı ölkənin çox ciddi müxalif qüvvələri Moskvanın ortaya atdığı layihə ətrafında birləşdilər. Söhbət həmin vaxt yaradılan “Milli Şura”dan gedir. Hətta İsa Qəmbər 2013-cü ilin sentyabr ayında mətbuata açıqlama verərək deyib ki, biz Moskvanın layihəsini Azərbaycan layihəsinə çevirə bildik. Bu da qurumun təsisçilərindən birinin ətrafında birləşdikləri layihənin Moskvanın dəst-xətti ilə yaradıldığını sübut edən ən ciddi dəlildir. Bəlli olur ki, Moskva lazım olanda Azərbaycanın strukturlaşmış müxalifətilə də işbirliyində olmağı bacarır”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

İnam Kərimovun Dövlət Toxum Fondunda baş verənlərdən xəbəri varmı? – FAKTLAR

Dövlət Toxum Fondu Kənd Təsərüfatı Nazirliyinin tabeliyində olan onlarla qurumlardan biridir.Əsasnaməsinə görə Fond ölkədə kənd …