Bazar , Oktyabr 25 2020
Ana səhifə / Manşet / Reketçilik və jurnalistika – uyğunsuz iki sahəni bir-birinə calamağın aqibəti…

Reketçilik və jurnalistika – uyğunsuz iki sahəni bir-birinə calamağın aqibəti…

Məlum olduğu kimi , “Reallıq.info” adlı saytın rəhbəri Rəhimov İkram Rafiq oğlu Dövlət Təhlükəszilik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanıb və onun barəsində müvafiq maddələrlə cinayət işi açılıb. DTX-nın yaydığı rəsmi bəyanatda bildirilir ki, Azərbaycan Respublikasının vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb, dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb: “Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınmışdır. İkram Rəhimov 26 oktyabr 2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilmişdir”.

Sosial şəbəkələr və aparıcı KİV-lərdə gedən ictimai müzakirələrdən və yayılan rəsmi məlumatdan bəlli olur ki, İkram Rəhimov məlum cinayət əməllərini tək törətməyib. Onun öz ətrafında “jurnalistlərdən” ibarət cinayətkar şəbəkə yaratdığı bildirilir. Ölkədə cəmiyyət – media münasibətlərinin tənzimlənməsində önəmli və nüfuzlu qurum sayılan Azərbaycan Mətbuat Şurasının adından yayılan bəyanatda da İkram Rəhimov və onun dəstəsinin əməllərindən bəhs olunur. Həmin bəyanatda qeyd olunur ki, “Reallıq.info” və digər saytların rəhbəri olan İkram Rafiqoğlu kimilərinin jurnalist adı ilə ayrı-ayrı vətəndaşlara, idarə, müəssisə və təşkilatlara yanaşmasındakı “damokl qılıncı” obrazını heçə endirmək bu üsul və vasitələrin əsl jurnalistika prinsipləri baxımından yolverilməzliyini, demokratik cəmiyyət quruculuğuna zidd təmayüllərini isbatlamaqdır: “…İkram Rafiq oğlu Rəhimov “Reallıq.info” və digər informasiya saytları yaradaraq, nəinki Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini, çoxlu sayda digər şəxsləri hədəfə alırdı. Şura “Reallıq.info”nun fəaliyyətindəki forma və metodların hüquqi prizmada dəyərləndirilməsinin vacibliyini məqbul saydığından ona qarşı ən sərt ölçü tədbirini seçmiş, adını özünün “qara siyahı”sına daxil etmişdi. Lakin İ.Rafiqoğlu heç bir halda bundan nəticə çıxarmamış və yarıtmaz fəaliyyətini davam etdirmişdir. İ.Rəhimov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı irəli sürülən ittihamlar Şuraya “Reallıq.info”nun fəaliyyəti ilə bağlı daxil olmuş çoxsaylı şikayət məktublarının motivləri ilə tam uyğunluq təşkil edir. Əminik ki, aparılacaq istintaq araşdırmaları əsl həqiqətləri üzə çıxaracaq” .

Həbs edilən İkram Rəhimovla bağlı yayılan məlumatlardan məlum olur ki, onun fəaliyyəti yalnız reketliklə kifayətlənməyib, o hətta ölkənin nüfuzuna və informasiya təhlükəsizliyinə xələl gətirən əməllərin də yiyəsi olub. Bu baxımdan maraqlıdır, reket jurnalistika ilə bağlı görülən tədbirlər, götürülən hüquqi ölçülər ölkənin informasiya təhlükəsizliyinin təmin olunması üçün nə dərəcədə önəmlidir?

“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirdi ki, İkram Rəhimovun jurnalistika ilə uzlaşmayan fəaliyyətilə bağlı onlarda çoxdan məlumat olub: “Biz onunla bağlı Mətbuat Şurasında bir neçə dəfə müzakirə aparıb lazımi qərarlar vermişik. Etdiyimiz bütün xəbərdarlıqlardan ciddi nəticə çıxarmadığı üçün, sonda onun adını “qara siyahıya” salmışıq. İkram kimilərin fəaliyyəti bütün cəmiyyətə təhdid sayılıb. Onun ətrafında toplaşan Nia.az və digərləri kimi elə saytlar var ki, onlar doğrudan da reketlik fəaliyyətilə məşğul olublar. Bu şəbəkə vasitəsilə onlar insanları təhqir və şantaj edirdilər. Belə üsullarla onlar öz çirkin niyətlərinə çatmaq istəyirdilər. Bu adam hətta onu doğru yola dəvət edənlər barədə də ən təhqiredici yazılar dərc edirdi. Onun bu sayaq fəaliyyətinə bizlər də tuş gəlmişik. Hesab edirəm ki, İkram Rafiqoğlu və onun rəhbərlik etdiyi reket şəbəkə ilə bağlı hüquq-mühafizə orqanlarının çıxardığı qərar doğrudur. Əminəm ki, aparılan araşdırmalar nəticəsində onun daha hansı əməllərin sahibi olduğu da üzə çıxacaq. Hesab edirəm, onun əməlləri həm də müəsissə və təşkilatlar üçün potensial təhlükə mənbəyinə çevrilmişdi. Bu kateqoriyalı adamlara qarşı mənəvi terror etməklə o, öz şəxsi maraqlarını təmin etmiş olurdu. Bu şəxsin ən böyük cinayətlərindən biri budur ki, o, jurnalistika ilə heç bir əlaqəsi olmayan, həbsdən yenicə çıxan şəxslərə belə jurnalist vəsiqəsi verirmiş. Biz bu cür halların olmasını Sabirabad rayonundan daxil olan şikayət zamanı araşdırıb ortaya çıxardıq. Həmin vəsiqələr bizə təqdim olunanda gördük ki, hamısında İkram Rafiqoğlunun imzası var. Düşünürəm ki, onun bu cür fəaliyyəti araşdırılarkən daha ciddi məqamlara işıq salınacaq. Hətta onun Azərbaycanı istəməyən qüvvələrin əlində alətə çevrildiyi də öz təsdiqini tapa bilər. Anti-Azərbaycan qüvvələr tərəfindən idarə olunan bu adam sayt yaratmaqla ölkəmizin nüfuzdan salınması prosesində də yaxından iştirak edib. İkram Rafiqoğlunun törətdiyi əməllərin özü deyilənləri təsdiq etmiş olur. Yəqin ki, istintaq bu detalları daha dərindən araşdırmış olacaq. Qeyd etmək istəyirəm ki, bu tip şəbəkənin fəaliyyəti ölkənin informasiya təhlükəsizliyi üçün də ciddi problemlər yaradır. Belələrinin vaxtında ifşa edilib məsuliyyətə cəlb olunması bizim informasiya təhlükəsizliyimizin təmin olunması baxımından da önəmli və vacibdir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Prezident “Fox News”a müsahibə verdi – Tam mətn

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib. Azinforum.az müsahibəni …