Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Regionçuluq toxumu səpənlərə tutarlı cavab – Araşdırma

Regionçuluq toxumu səpənlərə tutarlı cavab – Araşdırma

Naxçıvan həmişə Azərbaycan siyasi palitrasında lokomotiv rolunu oynayanlardan olub. Amma ən çox haqsızlığa məruz qalanlar da məhz sıravi naxçıvanlılar olub.
Ötən ilin payızında kimlərinsə sifarişi ilə (əslində sifarişçi də, kuklaoynadanlar da bəllidi) bəzi nadanların və maddi maraq naminə birilərinin kuklası rolunu oynayanların Naxçıvana qarşı növbəti ləyaqətsizlik simfoniyasına şahidlik etdik. Eyni mərkəzdən təlimat alan bu kuklalar hakimiyyətin müxtəlif qanadlarında təmsil olunan naxçıvanlıların siyahısını dərc edir, elə təsəvvür yaradırdılar ki, sanki 1969-cu ildən bəri hakimiyyətdə yalnız naxçıvanlılar təmsil olunub, bu müddət ərzində pis nə baş veribsə, hamısına naxçıvanlılar cavabdehdirlər.


Əlahəzrət fakt isə tamam başqa şey deyir. Məsələn, biriləri Dövlət Gömrük Komitəsində yüksək vəzifədə çalışan naxçıvanlıların (əslində nehrəmlilərin) şişirdilmiş siyahısını verir, gömrükdə baş verən bütün qanunsuzluqlara görə yalnız naxçıvanlıları hədəf göstərir, digər regionlardan olan soydaşlarımızın nəzərində bizi monstr olaraq qələmə verirdilər. Hətta bu yaxınlarda yaxın hesab etdiyim bir dost qıp-qırmızı üzümə deyir ki, Səfər Mehtiyev təkcə Nehrəm kəndindən 36 nəfərə general rütbəsi verib!
Xülasə, araşdırma aparıb Gömrük Komitəsində yüksək vəzifə tutan (polkovnik və general rütbəsi daşıyan) 24 nəfər qeyri-naxçıvanlının siyahısını paylaşdım. Və qeyd etdim ki, onlar hamısı Səfər Mehdiyevlə birlikdə bu sahədə baş verən bütün çatışmazlıqlara və qanunsuzluqlara cavabdehlik daşıyırlar. Dedim ki, onların hamısının əli çirklidi – eynilə Səfər Mehdiyev kimi.


Məni qınadılar. Dedilər regionçuluq etmə.
A balam, mən deyirəm Səfər də korrupsionerdi, onun bakılı, yardımlılı, gürcüstanlı, gəlbəcərli müavini də. Amma siz… Nə isə…
Sonra SOKAR-dan yazdılar. Dedilər ki, SOKAR koridorlarında Naxçıvan ləhcəsində danışırlar. Rövnəq Abdullayevin 13 müavininin siyahısını verdim, biri də naxçıvanlı deyil. Daha 20 yüksək vəzifə sahiblərinin siyahısını verdim, hansılar ki, Naxçıvanla yaxından-uzaqdan əlaqələri yoxdu. Yenə qınadılar məni. Dedilər Rövnəq korrupsioner deyil? Cavab verdim ki, yekəsindəndi, ancaq 13 vitse-prezident də onunla birlikdə eyni məsuliyyəti daşıyırlar. Amma kimsə onların üstünə getmədi, çünki naxçıvanlı deyillər.
Sonra yazmağa başladılar ki, 1969-cu ildən bəri Baş Prokurorluq, DİN, MTN, Bakı Universiteti, KP MK aparatı və sairə daima naxçıvanlıların nəzarətində olub. 1969-cu ildən bəri vəzifədə olmuş nazirlərin, baş prokurorların, katiblərin, rektorların siyahısını verdim – içərilərində tək-tük naxçıvanlı var. Bu da yetmədi, dediklərini dedilər: ölkəni bu günə salan naxçıvanlılardı!


Sonra başladılar ki, niyə həmişə naxçıvanlılar başqa yerlərdə vəzifə tutublar, deputat seçiliblər, ancaq digər regiondan olanlar Naxçıvanda yüksək vəzifə tutmayıb, deputat seçilməyiblər. Təbii ki, bu iddiaları da yalandır. Araşdıracağıma və faktları ortaya qoyacağıma söz verdim.
Sonra bəzi dostlar irad tutdular ki, enerjini nədən bu işlərə sərf edirsən? Onu da irad tutdular ki, bu iddialara qarşı çıxış etmək məsələnin həlli deyil, əksinə regionçuluğu daha da qızışdırmaqdı. Məsləhət gördülər ki, araşdırmaları dayandırım, çünki bu, insanları qıcıq edir. Razılaşmasam da, məsləhəti qəbul etdim və araşdırmalarımı dayandırdım.
Bu gün nə görsəm yaxşıdı? İşdən yorğun-arğın nahar fasiləsinə gələndə bilgisayarımı açdım, səhifəmə girdim və gördüm ki, İsmayıl Kəsəmənli adlı biri məni Həbib Müntəzir adlı birinin bir paylaşımına tag edib, həm də ironiyasını büruzə verərək. Oxuyub gördüm ki, yenə köhnə havanı çalıb-oynayırlar. Özü də mənə “enerjini bu cür şeylərə sərf etmə”, “sənin araşdırmaların problemi həll etmir, əksinə, digər regionların nümayəndələrində qıcıq yaradır” deyib analiz və təhlillərimi dayandırmağımı məsləhət görənlərin böyük əksəriyyətini Həbibin səhifəsində gördüm. Hamısı da “heyrət” smayliki ataraq başlayıblar müzakirəyə. Belə ikiüzlü, riyakar, xəbis niyyətli insanların təmsil olunduğu cəmiyyətə Səfər də çoxdur, Rövnəq də.


Qayıdaq Həbibə. Mən onu çox yaxşı tanıyıram, hətta atası onu mənim qədər tanıya bilməz. Həbibin aldığı nəfəsi, hətta nəfəsliyi də bilirəm. Bu paylaşımı niyə etdiyini də anlamamaq üçün gərək mən İsmayıl Kəsəmənli olam.
Sözsüz ki, o, iribuynuzlu oliqarx-məmur, korrupsioner Səfər Mehdiyevdən 3-5 manat xərclik qoparmaq istəyir. Bunu onun paylaşımdakı şantajından da görmək mümkündü.
Etsin, mənə nə, oğlumun çomağına kimi!
Amma Naxçıvanı öz marağı üçün malzəmə etməsin!
İki gözünü oyub, ovcuna qoyaram!
Unutmasın, mən onun əməllərini Tinsohbeti.com-u yaratdığı vaxtdan bilirəm. Almaniyadakı səfirliyimizdə onun paraverənini tanıyıram, orada əsil vətənpərvər oğulları necə döydürdüyünü bilirəm. Əli Həsənova, Eldar Mahmudovun gədələrinə necə kuklalıq etdiyini bilirəm. Getsin pulunu qazansın, Səfərin və ətrafındakı digər korrupsioner nehrəmlilərin anasını ağlatsın. Amma səhifəsində bir daha ümumi olaraq Naxçıvanı hədəf göstərərsə, lağlağılıq edərsə… gerisini yazmayım.
Bir qədər ehtirasa qapıldığım üçün bu sətirləri oxuyan hər bir dostumdan, dəyərli Azərbaycan övladından üzr diləyərək araşdırmalarımı qaldığım yerdən davam etdirirəm.
Bir çoxları mənə irad tuturdu ki, Heydər Əliyev erası başlayan gündən – 14 iyul 1969-cu ildən bəri hakimiyyət daima naxçıvanlıların nəzarətində olub. Bir çox strateji postlar daima naxçıvanlılara tapşırılıb. Bunun yanlış olduğunu əvvəlki paylaşımlarımda (ötən ilin sentyabr-noyabr aylarında) sübut etmişəm. İndi isə növbəti iradlarını cavablayıram. Bu irad ondan ibarət idi ki, bəhs olunan dövrdə, “Heydər Əliyev erası” adlandırdıqları dövrdə digər regionlarda naxçıvanlılar yüksək vəzifələrə gətirilir, deputat seçdirilir, ancaq bunun əksinə yol verilmirdi. Yəni, bir bakılı, bir gəncəli, bir qubalı Naxçıvanda vəzifəyə gələ bilməz və deputat seçilə bilməzdi. Mənim ortaya qoyduğum faktlar bu iddianı tamamilə puç edir. Buyurun tanış olun:

1) İbrahimov Hacıağa Xəlil oğlu – 1961-ci ilin mart ayından 1970-ci ilin mart ayına qədər (bəhs olunan eranın başlanğıcına qədər) Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin I Katibi vəzifəsini tutub. Elə düşünülməsin ki, Heydər Əliyev hakimiyyətə gələn kimi onu Naxçıvandan uzaqlaşdırıb. Əksinə, daha yüksək vəzifəyə – Azərbaycan KP MK katibi vəzifəsinə irəli çəkilib. Bakı şəhərində anadan olub;


2) Hüseynov Aslan Ağahüseyn oğlu – 1970-1975-ci illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin I Katibi olub. Salyan rayonunda anadan olub;
3) Mustafayev Nurəddin Elyaz oğlu – 1983-1988-ci illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin I Katibi vəzifəsini tutub (Qərbi Azərbaycanlıdı);


4) Hacıyev Zülfi Saleh oğlu – 1982-1988-ci illərdə Naxçıvan MSSR Nazirlər Sovetinin sədri vəzifəsini tutub. Qərbi Azərbaycanın Basarkeçər rayonunun Böyük Məzrə kəndində doğulub;


5) Usubov Ramil İdris oğlu – 1987-1989-cu illərdə Naxçıvan MSSR-in, 1993-1994-cü illərdə Naxçıvan MR-in Daxili İşlər naziri vəzifəsini tutub. Xocalıda anadan olub;


6) Həsənov Eldar – 1985-1990-cı illərdə Naxçıvan MSSR-in Nəqliyyat prokuroru vəzifəsini tutub Ağdam rayonunda doğulub, əslən şuşalıdı;


7) İbişov Ağamməd – 1986-1990-cı illərdə Naxçıvan MSSR-in baş prokuroru olub, həmçinin Naxçıvan MSSR Ali Sovetinin deputatı idi. İmişlidə doğulub;


8) Mirzəyev İsfəndiyar – bizim generasyon zamanı Naxçıvan MSSR DTK-nın sədri vəzifəsini tuturdu (Gürcüstan doğumludu);


9) Ələkbərov Əsgər Ələkbər oğlu – 1988-1992-ci illərdə Naxçıvan MR Daxili İşlər nazirinin müavini və nazir vəzifəsini icra etmişdir. Qərbi Azərbaycanın Masis rayonundandır;


10) Əlizadə Məmməd Əli oğlu – 1955-1960-cı illərdə Naxçıvan MSSR DTK-nın sədri olub. Zəngəzur, Qaraca kəndi;


11) Zamanov Abbas Məmmədtağı oğlu (Tamerlan Qarayev və Rasim Musabəyovun qaynatası) – 1962-1969-cu illərdə Naxçıvan MSSR DTK-nın sədri olub, sonradan Azərbaycanın Baş Prokuroru vəzifəsinə yüksəldilib, Bakı şəhərində doğulub;


12) Hüseynov İlhüseyn Pirhüseyn oğlu – 1960-1962-ci illərdə Naxçıvan MSSR DTK-nın sədri, Balaxanı qəsəbəsində doğulub;


13) İmranov Nəriman Şamo oğlu – 1984-1986-cı illərdə Naxçıvan MSSR DTK-nın sədri olub, Basarkeçər, Şişqaya kəndi;


14) Sarıyev Allahverdi Mustafa oğlu – 1976-1981-ci illərdə Naxçıvan MSSR DTK-nın sədri olub. Naxçıvanlı deyil, ancaq doğum yerini dəqiqləşdirə bilmədim;


15) Xəlilov İnayət Hidayət oğlu – 1986-1989-cu illərdə Naxçıvan MSSR DTK-nın sədri olub, Böyük Qarakilsə rayonu (Kirovakan), Arçut kəndi;


15) Zeynalov Arif Məmmədhəsən oğlu – 1987-ci ildə DTK sədrinin müavini olub, Hacıqabulda doğulub;


16) Nəbiyev Yusif Mustafa oğlu – 1970-1979-cu illərdə baş nazir olub, Qərbi Azərbaycan doğumludu;


17) Sultanov Ələddin Camal oğlu – 1980-1981-ci illərdə Naxçıvanda baş prokuror olub, Gəncədə doğulub;


18) Hüseynov Məhərrəm Mirzə oğlu – Ali Məhkəmənin sədri olub, Bakı doğumludu;


19) Yusifzadə Ağababa Əsgər oğlu – Ali Məhkəmənin sədri olub, Quba doğumludu;


20) Musayev Hüseyn Məmməd oğlu – Naxçıvan MSSR-in baş naziri olub, şamaxılıdı;


21) Qarayev Yelmar Fərman oğlu – Naxçıvanda baş prokuror olub. Ağdamda doğulub.

Bəhs edilən dövrdə (Heydər Əliyev erasında) Naxçıvandan Azərbaycan SSR Ali Sovetinə və SSRİ Ali Sovetinə, həmçinin Xalq Deputatlar Qurultayına seçilən deputatların içərisində də xeyli sayda qeyri-naxçıvanlı olub. Adlarını təsbit etdiyim xalq deputatlarının siyahısı ilə tanış olun:

1) Behbudov Rəşid Məcid oğlu – 7-11-ci çağırış SSRİ Ali Sovetinin deputatı, Bakı şəhəri;


2) İsmayılov Tofiq Kazım oğlu – SSRİ Xalq Deputatlar Qurultayının üzvü, SSRİ Xalq Deputatı, İsmayıllı rayonu, Basqal kəndi;


3) Rzayev Yunis Qəhrəman oğlu – iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, Qərbi Azərbaycanın Basarkeçər rayonunda doğulub;


4) Hacıyev Saleh Hilal oğlu – iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, Bərdədə doğulub;


5) Sultanov Şəmsəddin Qurban oğlu – Azərbaycan SSR Ali Sovetinin deputatı olub, Bakıda doğulub;


6) Abbasəliyev Sabit Qasım oğlu – 1975-82-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Marneulinin Quşçu kəndində doğulub;


7) Həsənov Çingiz Kərim oğlu – X çağırış Azərbaycan SSR Ali Sovetinin deputat. Zəngəzur doğumludu;


8) Quliyeva Zəhra Tahir qızı – VIII və IX çağırış SSRİ Ali Sovetinin deputatı. Bakı şəhəri;


9) İbrahimov Mirzə Əjdər oğlu – X və XI çağırış SSRİ Ali Sovetinin və Xalq Deputatları Qurultayının deputatı. VII və VIII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı. Əslən Cənubi Azərbaycandandı;


10) Bağırov Abbas Məmməd oğlu – VIII və IX çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, Meğri rayonu, Aldərə kəndi;


11) Hüseynov Aslan Ağahüseyn oğlu – VIII və IX çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, Salyan rayonundandı;


12) Salahov Tahir Teymur oğlu – VII və VIII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı. Bakılıdı;


13) Qasımov İmran Haşım oğlu – IX çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, Bakı;


14) Süleymanov Ələkbər Bağır oğlu – IX çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, Bakı;


15) Yusifzadə Ziya Məmədiyya oğlu – IX çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, Şəkidə doğulub;


16) İbrahimbəyov Rüstəm Məmmədibrahim oğlu – Xalq Deputatlar Qurultayının üzvü. Bakılıdı, əslən Şamaxıdandı;


17) Kərimov Cahangir Abbas oğlu – XDQ deputatı, Bakılıdı;


18) Paşazadə Allahşükür Hümmət oğlu – XDQ deputatı, Lənkəran doğumludu.

Riyakar və ikiüzlü siyasi dəllalların “Heydər Əliyev era”sının başlanğıcı adlandırdıqları 1969-cu ilə qədər də Naxçıvanda ən yüksək vəzifələr tutan və xalq deputatı seçilən xeyli sayda qeyri-naxçıvanlılar olub. Məsələn lənkəranlı Məmmədov Xurşid Bayramqulu oğlu, qazaxlı Yusifov Yusif Niftalı ağa oğlu, İsmayıllı rayonunun Basqal kəndindən İsmayılov Kazım Mirheydər oğlu (Tofiq İsmayılovun atası), bakılı Rəhmanov Həsən Əlipaşa oğlu, Cəbrayıl rayonunun Qaraqollu kəndindən Mehdiyev Mehdi Adıgözəl oğlu, ağdamlı Vəlibəyov Bahadır Qasım oğlu, Balaxanı kəndindən Rəhimov Ağaverdi Hacı Yarəli oğlu, bakılı Tağıyev İbrahim Tağı oğlu müxtəlif vaxtlarda Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin I Katibi vəzifələrini tutublar.


Cəbrayıl rayonunun Qoçəhmədli kəndindən Məmmədxanov Məmədxan Məmmədxan oğlu Naxçıvan MSSR Nazirlər Kabinetinin sədri olub. Salyanın Xolqarabucaq kəndindən Mikayılov Ağababa Cəbrayıl oğlu isə Naxçıvan MSSR Ali Məhkəməsinin sədr müavini postunu tutub. Şuşalı Rzayev Şükür Həbib oğlu baş prokurorun köməkçisi olub. Göyçaydan Əkbərov Seyfulla Əkbər oğlu Naxçıvan MSSR-in baş prokuroru kimi yüksək vəzifədə işləyib.
Şamaxılı Əliyev Mahmud İsmayıl oğlu I çağırış, şuşalı Hacıbəyov Üzeyir Əbdülhüseyn oğlu I və II çağırış, şamaxılı Axundova (Bağırbəyova) Sona Əbdül qızı (Vəli Axundovun həyat yoldaşı) II çağırış, şuşalı Vəlixanova Sara İbrahim qızı III çağırış, Qusarın Ükür kəndindən Əbilov Mahmud Əbdülrza oğlu III və IV çağırış, bakılı Ələsgərov Ələkbər Hacıağa oğlu VI şağırış SSRİ Ali Sovetinin Naxçıvandan deputatları seçiliblər.

Dəyərli dostlar, elə düşünülməsin ki, hakimiyyətdə olan naxçıvanlılara qarşı haqqına deyilən fikirlərə qarşı çıxıram. Əsla! Nə elə bir niyyətim var, nə də gələcəkdə belə bir şey ola bilər. Bəli, mən də hər kəs kimi həm Rövnəq Abdullayevin, həm Səfər Mehdiyevin, həm Vilayət Eyvazovun və digər naxçıvanlı məmurların qanunazidd hər hərəkətinin qarşısındayam. Hətta çoxlarından daha çox buna qarşı mübarizə aparmışam, indi də aparıram, gələcəkdə də aparacam. Ancaq bu mövzuda əksəriyyət onlara qarşı ona görə çıxır ki, onlar naxçıvanlıdı. Həm də istənilən bir korrupsioner naxçıvanlı məmurun əməllərini bütöv bir regiona yamaq etmək məkrin və qərəzin nümayişidi. Bax, mən buna qarşıyam. Mənimçün bütün korrupsionerlər eyni bezin qırağıdı, fərq etmir o naxçıvanlıdı, bakılıdı, ya gəncəlidi.


Hamınıza bəllidi ki, Rövnəq Abdullayev bu gün Azərbaycan mətbuatının ən az yarısını satın alıb. Kiminə 50, kiminə 100, kiminə 150 min verib satın alıb. Bu satılanların mütləq əksəriyyəti qeyri-naxçıvanlıdı. İstəsəniz hamısının adlarını da çəkərəm, kimə nə qədər verilib, kim verib onu da deyərəm. Bilirəm ki, çoxlarınız bunu bilirsiniz, amma susmağa üstünlük verirsiniz. Bəs, onu da bilirsinizmi ki, regionçuluq söhbətinin gündəm mövzusu olmasında bütün regionlardan olan korrupsionerlər hamısı maraqlıdı?
Çıxış yolu regionçuluğu qızışdırmaq və antiregionçuluq üzərində siyasət qurmaq deyil. Çünki bu ölkədə regionçuluq deyə bir siyasət yoxdur artıq. Bu ölkədə tayfabazlıq var, traybalizm siyasəti yürüdülür. Adicə bir JEK müdirindən nazirə qədər hamı ətrafına öz qardaşını, əmisioğlunu, dayısıoğlunu, bacanağını, manitasının qardaşını və s yaxınlarını yığır. Bunu naxçıvanlı Rövnəqlə Səfər də edir, kəlbəcərli Cavid Qurbanov da edir, bakılı da edir, şəkili də edir, gəncəli də edir, ucarlı da edir, türkü də edir, talışı da edir, ləzgisi, kürdü də edir. Bunu hamı edir. Bax, hamılıqla, sistemli şəkildə bu siyasətə qarşı çıxmaq lazımdı – tayfabazlığa, traybalizmə qarşı mübarizə aparmaq lazımdı.

Fərəməz NOVRUZOĞLU,

Azinforum.az

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …