Ana səhifə / Manşet / Rəssam Ülviyyə Həmzəyevanın rənglər dünyası – FOTO

Rəssam Ülviyyə Həmzəyevanın rənglər dünyası – FOTO

Yaradıcılıqda özünəməxsus üslubu ilə fərqlənən Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyevanı hələ tələbəlik illərindən tanıyıram. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakultəsinin təsviri incəsənət ixtisasının tələbəsi ikən 2001-ci ildə Universitetin ərazisində soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidənin müəllifi kimi ilk uğuruna imzasını atmışdı. Magistr təhsili aldıqdan sonra təsviri incəsənət və rəsmxət kafedrasının baş müəllimi kimi fəaliyyətə başlayır. Fəaliyyəti dövründə onlarla tələbəyə sənətinin sirlərini öyrədən gənc rəssam gecəsini gündüzünə qataraq bir-birindən maraqlı əsərlərini yaradır. Rəssamlıq sənətinə olan marağı, sevgisi gözəl əsərlərin müəllifi kimi ona tamaşaçı rəğbəti qazandırır.

 

Ülviyyə xanım bu sənətin pillələrində irəliləməyinin səbəbini belə izah edir: “Mən Azərbaycanın gözəl və qədim şəhərlərindən biri olan Naxçıvanda anadan olmuşam. Mənim atalarım bu qədim torpaqda yaşamış, mənim xoşbəxt uşaqlığım burada keçmişdir. Ənənələrlə, mifoloji deyimlərlə dolu olan bu qədim diyar mənim yaradıcılığıma stimul verib. Naxçıvanda yaşayan insanlar bizim yüksək və başıqarlı dağlarımız kimi, nəcib və qürurludurlar. Mən qürur duyuram ki, böyük memarlar, musiqiçilər, rəssamlar, müdrik sərkərdələr bu müqəddəs torpaqlarda yaşayıb yaradıblar. Naxçıvan dahilər beşiyidir. Bu gün mənim rəssam olmağımda gözəl təbiətimizin, təmiz ətirli havamızın, valideynlərimin və yaxşı insanların böyük əməyi vardır. Gün bitdiyində səhərin açılmasını səbirsizliklə gözləyirəm. Bir yuxu gördüyümdə tez bir parça kağız və ya kətan üzərində xatırlamağa tələsirəm. Mənim əsərlərim, düşüncələrim və istəklərimdə heç bir boşluq yoxdur. Məkan mənim “boşluğum” ilə doludur. Mənə aid olan incəliklər, simvollar, fraqmentlər, nümunələr, semiotika, mənim mistik dilim, göydən gələn səs – bunlardır mənim “boşluğum”. Simvolların, naxışların, rənglərin, musiqinin dili – bu mənəm, bu mənimdir, bu məndədir”-, deyir Ülviyyə Həmzəyeva.

 

Yaşamaq yaratmaq əzmi ilə çalışan rəssam ilk fərdi sərgisini 2000-ci ildə açmağa nail olur. Hələ tələbə ikən. İlk fərdi sərgisi uğurlu alınan rəssamın fərqli üslubu sənətsevərlərdə maraq oyatmışdı. Bundan ruhlanan rəssam müxtəlif illərdə Bəhruz Kəngərli adına Sərgi salonunda və Azərbaycan Rəssamlar İttifaqı V.Səmədova adına sərgi salonunda əsərlərini nümayiş etdirir. Sonra o özünün rənglər dünyası ilə 2006-cı ildə Türkiyə Respublikası Fırat Universitetinin və 2009-cu ildə Van Universitetinin sərgi salonundakı tamaşaçılarını tanış edir.
Bir-birinin ardınca uğur və tamaşaçı rəğbəti qazanan rəssamın yaradıcılığı janr əlvanlığı ilə diqqəti çəkir. Öz üzərində davamlı işləməsi, sənətinə olan sonsuz sevgisi onu peşəkar rəssam kimi yetişdirir, eyni zamanda Ülviyyə xanım ictimai işlərdə fəallığı ilə tanınır. 2008-ci ildə Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı, 2009-cu ildə isə Azərbaycan Respublikasının Əməkdar Rəssamı fəxri adına layiq görülür. Azərbaycan Rəssamlar İttifaqının və UNESCO – nun Beynəlxalq İncəsənət Assosasiyasının üzvü seçilir.

“Mәn öz ölkәmi, Azәrbaycanı hәdsiz sevirәm, doğulduğum Azərbaycanımızın qәdim vә gözәl şәhәrlәrindәn biri olan Naxçıvansız qala bilmirәm. İşimlə əlaqədar bir neçə ölkələrdə olmuşam. Lakin harda oluramsa olum, Naxçıvana qayıtmağa tələsirəm. Hәr kәsin bu hәyatda bir missiyası var. Mənim də missiyam bir rәssam kimi borcumu yerinә yetirməkdir. Yaradıcılığımda əsasən, həyat fəlsəfəsini əks etdirməyə çalışıram. Azərbaycanın və digər xalqların mifologiyasına, nağıllarına daha çox müraciət edirəm. Rəssam fantaziyasının həddi-hüdudu yoxdur. Fantaziyalarım isə tükənməzdir. Yaradıcı insan öz düşüncələrini yerində istifadə etməyi bacarmalıdır”,- deyən Ülviyyə Həmzəyevanın əsərləri sərhədləri aşaraq beynəlxalq miqyaslı festivallarda nümayiş olunur. Müxtəlif illərdə ABŞ-da Avrasiya Konfransı, ABŞ Dünya Ticarət Birliyi, Şimal-qərbi İndiana, ABŞ Calumet “Purdue” Universiteti, ABŞ Təşəbbüskarlar Ticarət Sərgisində, Ərzurumda “Türk Şöleni” Beynəlxalq Türk Festivalında, Aşqabadda “ Azərbaycan Mədəniyyəti Günləri”ndə, Tbilisidə, Çində, Lissabonda keçirilən beynəlxalq sərgilərdə iştirak edən rəssamın əsərləri həmçinin ABŞ-ın Lonq Ayland şəhərinin məşhur göydələninin fasadında lazer effekti ilə sərgilənir.

 

2014-cü ildə Portuqaliyanın paytaxtı Lissabonda keçirilmiş VIII Dünya İncəsənət Festivalında “Unikal Milli Orijinallıq” nominasiyası üzrə ən yüksək mükafata layiq görülür.
Gərgin əməyin bəhrəsi kimi qısa zamanda böyük uğurlara imza atan Ülviyyə Həmzəyevanın yaradıcılığını yazıçı, Spiker Art Bizness İnstitutunun direktoru Carolyn Edlund belə səciyyələndirir: “Ülviyyə Həmzəyevanın rəsmlərinin janrını müəyyən etmək elədə asan deyil. O quaş və kətan üzərində yağlı boya ilə işləyir. İlk baxışdan onun əsərləri müasir alleqoriyalar kimi görünür, harda ki təsviri görmək kifayət etmir. O həm də başa düşülməlidir. Eyni zamanda, onun əsərləri Azərbaycan sənətinin qədim ənənələri ilə dərin əlaqəlidir. Xalçaların, miniatürlərin və qədim petrogliflərin nümunələrini xatırladan rəsm əsərləri, əfsanələr və nağılların fantastik personajlarını canlandırır.
Onun tarixi dəqiqliyi əks etdirən dünyagörüşü, müəlliflik hüququ ilə qorunan müasir qrafika texnikalarında “toxunmuş” qədim simvolizmə diqqət yetirin. Onun “fəlsəfi əsərləri” çox maraq doğurmuş və ona geniş bir izləyici auditoriyası qazandırmışdır”.
2011 ci ildə ABŞ – ın Californiya şəhərində çap olunan “Beynəlxalq müasir ustadlar” kitabında Ülviyyə Həmzəyevanın yaradıcılığı haqqında məlumat verilmiş, əsərləri çap edilmişdir.

 

Ülviyyə Həmzəyeva 2011-ci ildən Naxçıvan MR Rəssamlar Birliyinin sədridir. Rəssamın emalatxanası da burdadır. Emalatxanada Ülviyyə xanımın fırçasından çıxmış onlarla əsər var. Əsərlərində bir istilik, səmimiyyət duyulur, milli ruh vardır. İlk baxışda mürəkkəb görünür. Ona görə bu əsərlərə baxmaq üçün diqqətini mütləq toplamalısan. “Xilaskar”, “Avesta”, “Naxçıvan etüdləri”, “Naxçıvan-bəşəriyyətin beşiyi”, “Fövqəltəbii əlaqələr”, “Mistik Misir”, “Paralel həyat”, “Üzeyir Hacıbəyli”, “Kuzə qız”, “Bəhruzsayağı”, “Balaca İlknur”, “Səssizliyin rəngləri”, “Portuqaliya” və onlarla digər qeyri- adi, mistik, incə zövqlə işlənmiş əsərləri insanı düşündürür. Diqqət kəsildikcə qarşında yeni dünya açılır-bu Ülviyyə xanımın rənglər dünyasıdır. Bu dünyadan millilik, qədimilik, mifologiya və həyat fəlsəfəsi süzülür. “Əsərlərimdə yaratdığım qəhrəmanlar həyatdan götürülmüş personajlardır. Boşluğu sevmirəm, onu simvollarla, naxışlarla doldurmağa çalışıram. Əsərlərimə rənglər, naxışlar vasitəsilə gözəllik qatıram”,-deyir Ülviyyə Həmzəyeva. Rəssam emalatxanası da kitabxana kimidir. Hər əsər özlüyündə bir kitabdır, sənə tarixindən, dünənindən, bu günündən, milli dəyərlərindən xəbər verir. Ülviyyə xanımın da qəlbinin hərarətinin, dünyaya baxışının, duyğu və düşüncələrinin məhsulu kimi ərsəyə gələn əsərlərinə seyrçi kimi baxıb yanından ötmək olmur.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev rəssamın yaradıcılığını belə ümumiləşdirir: “Ülviyyə Həmzəyevanın zəngin yaradıcılığı rənglərin dili ilə yazılmış “bədii həqiqətlər məcmusu”na bənzəyir. İldən-ilə rəssamın palitrasında yer almış rənglərin işığı artdıqca, yaradıcı təcrübəsi çoxaldıqca bu fani dünya ona daha sirli-soraqlı, daha maraqlı görünüb. Bu da ona mövzu və süjetlərin alt qatına nüfuz etməyə, orada “gizlənən” mənəvi-fəlsəfi qatı aşkarlamağa imkan verib. Odur ki, ildən-ilə ərsəyə gətirdiyi əsərlərin qarşısında tamaşaçı seyrçi kimi yox, müsahib kimi dayanır, onunla dialoqa girir… Əgər onun müxtəlif mövzuları və janrları əhatə edən dünyaya baxışının məziyyətlərini vurğulamalı olsaq, onda öncə əsərlərindəki bədii şərhin özünəməxsusluğunu vurğulamaq lazımdır. Ülviyyə xanım bununla da çox qısa zaman kəsiyində bütün yaradıcıların arzusunda olduğu sənətkar “mən”ini təsdiqləmişdir, desək, yanılmarıq”.

 

Bir qadın üçün həm incəsənətlə məşğul olmaq, həm ana kimi övlad tərbiyə etmək heç də asan deyil. Deyirlər, incəsənət qurban tələb edir. Lakin Ülviyyə xanım həm gözəl ana kimi, millət vəkili kimi, həm də bir rəssam kimi öz missiyasını şərəflə yerinə yetirir. Ülviyyə Həmzəyeva IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. 2015-ci ildən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələn Ülviyyə Həmzəyeva müasir Azərbaycan rəngkarlığında öz imzasını təsdiqləyib. Bir çox beynəlxalq və ölkəmiqyaslı incəsənət festivallarının iştirakçısı və müsabiqələrin qalibi olan Ülviyyə Həmzəyeva 2013-cü ildə “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib.
Bu gün Ülviyyə Həmzəyevanın əsərləri fərdi kolleksiyalarda, muzeylərdə və bir sıra mədəniyyət ocaqlarında saxlanılır. Hələ o fırçasının gücü ilə sərhədləri aşaraq Azərbaycanı, doğma Naxçıvanımızı neçə-neçə beynəlxalq sərgilərdə təmsil edəcək. Gənc rəssamların yetişməsində öz əməyini əsirgəməyən Ülviyyə xanımın ailəsində də bir rəssam böyüyür: bu onun qızı İlknur Əlizadədir.

 

Ruhiyyə Rəsulova
Naxçıvan Televiziyasının baş redaktoru,

xüsusi olaraq Azinforum.az üçün

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …