Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Qulu Məhərrəmli: “Mənim düşüncəmə görə, media heç kimlə və heç nə ilə rəqabət aparmalı deyil”

Qulu Məhərrəmli: “Mənim düşüncəmə görə, media heç kimlə və heç nə ilə rəqabət aparmalı deyil”

Son illər Azərbaycanda bir çox sahələri əhatə edən köklü islahatlar həyata keçirilir. Lakin bəzi istiqamətlərdə islahatların dərinləşdirilməsinə, yeniliklərə daha çox ehtiyac duyulur. Belə sahələrdən biri də mediadır. Kütləvi informasiya vasitələrinin dövrün tələbləri ilə ayaqlaşa bilməməsi, müasir trendlərdən geri qalması, habelə müşahidə edilən xaotik hallar bu sahədə islahatları qaçılmaz edir. Artıq kəmiyyət deyil, həm də keyfiyyət dəyişikliklərinə ciddi ehtiyac yaranıb.

Etiraf edək ki, medianın durumu ürəkaçan deyil, illərlə tətbiqinə cəhd edilmiş yeniliklər, müəyyən fəaliyyət prinsipləri özünü doğrultmayıb. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar fonunda medianın köhnə ənənələrlə davam etməsi mümkünsüz görünür. Bu mənada, ölkəmizdə davam etdirilən islahatlar dalğasının media sahəsini əhatə etməsi birmənalı şəkildə qaçılmazdır.

Ölkə başçısının bu yaxınlarda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə KİVDF-nin əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsinin yaradılması ilə bağlı imzaladığı fərmanı islahatlar dalğasının başlanğıcı hesab etmək olar. Hesab edilir ki, medianın fəaliyyətinin şəffaflaşdırılmasına, azad rəqabət mühiti və reklam bazarının inkişafı üçün addımlar atılmasına, mediada hökm sürən mənfi tendensiyanın aradan qaldırılmasına ehtiyac var. Çox maraqlıdır, mediada azad rəqabət mühitini necə formalaşdırmaq olar və bunun üçün hansı addımlar atılmalıdır?

Media eksperti, professor Qulu Məhərrəmli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, mediada azad rəqabət mühiti anlayışları faktiki olaraq bir-birinə zidd anlayışlardı: “Mənim düşüncəmə görə, media heç kimlə və heç nə ilə rəqabət aparmalı deyil. Onun rəqabəti yalnız media dəyərlərinə münasibətdə ola bilər. Məlumatları nə dərəcədə dəqiq və operativ verir, fəaliyyətində media dəyərlərini üstün tutur və bununla başqasından fərqlənirmi? Amma bunun özü də rəqabət deyil. Sadəcə, media prinsiplərinə riayət etmə anlamına gəlir. Medianın başqa ciddi  problemləri var ki, onlarla ciddi məşğul olmalıyıq. Azad rəqabət mühiti ilə bağlı məsələni çox önə çəkmək medianın ciddi inkişafı üçün heç bir əhəmiyyət kəsb etmir. Bizim üçün önəmli olan məsələ keyfiyyətli media anlayışını qabartmaqdır.  Media bütün dünyada gücə çevrilib. Bunun da paradoksu odur ki, bir çox hallarda media öz dəyərlərindən və prinsiplərindən uzaqlaşır. Bu, Avropada da elədir, bizdə isə vəziyyət daha pisdir. Biz medianın fəaliyyətində araşdırmaların aparılması, əsaslı faktlara söykənərək ciddi tənqidlər verməsi, ictimai rəyə təsirinin hansı dərəcədə olması baxımından qiymət verməliyik. Medianın problemləri dediyim amillərlə bağlıdır”.

Ekspertin sözlərinə görə, media və reklam tamamilə başqa mövzudur: “Medianın  iqtisadi dayaqları satışdan  və reklamdan asılıdır. Təəssüf ki, indiki yazılı mediamız üçün hər iki məsələ problemlidir. Satış məntəqələri daralıb. Satışdan pul qazanan qəzet təsəvvür etmirəm, çünki tiraj da azdır. Son 10 ildə dövlət tərəfindən yazılı mediaya dəstək olmasaydı, heç bir qəzet ayaq üstə dayana bilməzdi. Biz fikir  veririrk ki, azad bazar subyektləri olan şirkətlər də özlərinin reklam büdcəsini əhəmiyyətli dərəcədə kiçildib. Bu baxımdan da medianın problemlərinə kompleks yanaşma tələb olunur”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI…

Bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni layihəsi – DOST TV – …