Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Manşet / Qarabağ zəfərini təmin etmiş gənc nəsil fiziki və mənəvi inkişafın örnəkləri kimi…

Qarabağ zəfərini təmin etmiş gənc nəsil fiziki və mənəvi inkişafın örnəkləri kimi…

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı ölkəsinin, yaşadığı cəmiyyətin, xalqının inkişaf göstəricisidir. Çünki istənilən uşaq hansı mühitdə böyüyürsə, gələcəkdə məhz o mühitdə görüb-götürdüklərini nümayiş etdirir. Bu anda ümummilli lider Heydər Əliyevin yaddaşlardan çıxmayan, hər zaman dilimizdə əzbər olan “Gənclər bizim gələcəyimizdir” kəlamı yada düşür. 

Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətləri də məhz mərhum prezident Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Onun tərəfindən bu istiqamətdə həyata keçirilən uğurlu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilir. Dövlət başçısının söylədiyi “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikri ölkədə həyata keçirilən yüksək siyasətin əsasını təşkil edir. Ölkə başçısı respublikamızda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində sərəncamlar imzalayır, bu kontekstdə mühüm tədbirlər görülür. Bununla yanaşı, ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün mühüm addımlar atılır. Görülən işlər bunu deməyə əsas verir ki, bu sahə ölkəmizin əsas prioritetlərindən biridir.

  • Biz bunun ən bariz  nümunəsini 44 günlük Vətən savaşında gördük…

Bəli, ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi tərbiyəsi vacib məsələ olduğuna görə, dövlətimiz bu istiqamətdə gərəkən bütün mühüm tədbirləri görüb və görməyə davam edir. Bu cür tədbirlərin vaxtında görülməsi təbi olaraq, uşaq və gənclərin vətənpərvərlik şüurunun formalaşmasına, torpağa məhəbbət və sədaqət hissinin oyanmasına, vətəndaşlıq borcunun, vətənin maraqlarının müdafiəsinə aid Azərbaycan Konstitusiyasında təsbit olunmuş qanunları düzgün yerinə yetirmələrinə çox yaxşı hazırlıqdır. Uşaq və gənclərdə təlim- tərbiyənin bu cəhələri, onların eyni zamanda şəxsiyyət kimi formalaşmasına, dünya görüşünün inkişafına, sosial fəallığının yüksəlməsinə yaxşı təsir edir. Biz bunun  ən bariz  nümunəsini 44 günlük Vətən savaşında gördük. Həmin müharibədə  gənclərin iştirakına ən dolğun qiyməti Prezident İlham Əliyev verib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırdıqdan sonra müraciətində bunları  deyib: “Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq. Mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq”.

Prezident deyib ki, siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını torpaq uğrunda fəda etdi: “Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik”.

  • Tarixi zəfər, digər amillərlə bərabər, həm də Azərbaycanda düzgün gənclər siyasəti aparılmasının iftixar doğuran nəticəsidir

Göründüyü kimi, Prezident 44 günlük müharibədə əldə olunan zəfərdə gənclərin rolunu xüsusi vurğulayır. Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva “Bakı-Xəbər”lə bu mövzu ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, ötən ilin payızında 44 günlük zəfər yürüşümüzün ön cərgələrində məhz vətənpərvər oğullarımız gedib: “Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlarımızın 30 illik erməni işğalına son qoyaraq, ərazilərimizi azadlığına qovuşduran Milli Ordumuzun özəyini məhz gənclər təşkil edir. Vətənin bütövlüyü uğrunda mübarizədə canından, qanından keçən şəhidlərimizi sonsuz ehtiramla yad edir, qazilərimizin qəhrəmanlıq nümunələri ilə qürur duyuruq. Əsgər, gizir və zabitlərimiz bir daha millətimizi dünyaya döyüşkən, haqqı nahaqqa verməyən, öz dövlətçiliyini qorumağa qadir bir xalq kimi tanıdıblar.

Düşmənin acı məğlubiyyətini rəsmiləşdirən tarixi 10 noyabr bəyanatından bir gün sonra Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü zamanı Azərbaycan gənclərinin hünərini yüksək qiymətləndirib, qələbənin bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanıldığını bir daha təsdiqləyib: “Bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Bəli, tarixi zəfər digər amillərlə bərabər, həm də Azərbaycanda düzgün gənclər siyasəti aparılmasının iftixar doğuran nəticəsidir. Bu siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub. Ümummilli Lider həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyir, qeyd edirdi ki, Azərbaycanın gələcəyi məhz gənclərə bağlıdır. Gənclər və İdman Nazirliyinin yaradılması, vətənpərvər oğlan və qızlarımızın layiqincə təşkilatlanması, ölkəmizdə Gənclər Gününün təsis olunması, “Dövlət gənclər siyasəti haqqında” fərmanın imzalanması, nəhayət, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Qanunun qəbulu məhz ulu öndərin adı ilə bağlıdır.

Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə təsdiq edib. Ölkə rəhbəri kimi fəaliyyətinin ilk dövründə – 2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditlərinin verilməsi barədə dövlət başçısının fərman imzalaması gənclərə gündəlik qayğı göstəriləcəyinin ilk sorağı idi. Sonra dövlət başçısının müvafiq sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan edildi və gənclərin ölkə həyatındakı fəallığı xeyli artdı. Bələ əlamətdar tarixləri sadalamaqla bitməz. Ən əsası budur ki, ölkədə yürüdülən düzgün gənclər siyasətinin bəhrəsini  digər sahələrdə olduğu kimi, Vətən müharibəsində də gördük”.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Həmçinin oxuyun

Gənclər və İdman Nazirliyinin seçki saxtakarlığı: qanunsuzluğu kim edib? – FOTO

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya seçkilər zamanı saxtakarlıq edilib.Belə ki, iyulun 17-də baş …