Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Qarabağ əlili Sahil Babayevdən nə istəyir?- “Mənə qüsurlu mənzil veriblər” + VİDEO

Qarabağ əlili Sahil Babayevdən nə istəyir?- “Mənə qüsurlu mənzil veriblər” + VİDEO

Qarabağ müharibəsi əlili Əliyev Samir Təşkilat oğlu üzləşdiyi haqsızlıqla bağlı Azinforum.az vasitəsilə əmək və əhalinin sosial müdafiəsi nazir Sahil Babayevə müraciət etmək qərarına gəlib. Şikayətçi bildirir ki, 1994-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə yaralanandan sonra, Bakı şəhərində mənzil növbəsinə yazılıb:

“Uzun müddətdən sonra, 2015 – ci ilin oktyabr ayının 18-də mənə dövlətimiz tərəfindən Abşeron rayonu ərazisindəki “Binəqədi gənclər şəhərciyi”ndən 3 otaqlı mənzil verildi. Hazırda mən həmin şəhərcikdə bina 19, mənzil 58-də yaşayıram. Evi təhvil alanda, çox bərbad vəziyyətdə idi. Amma sənədləşmədə tam təmirli mənzil kimi qeyd edilirdi. Girdim baxdım ki, döşəmənin lakı belə yoxdur. Evə qoyulan santexnika vasitələrinin hamısını yenisi ilə əvəz etdim. Binada qaz olmadığı üçün, sayğac da qoyulmamışdı. Onun quraşdırılması üçün MTK-nın sədri məndən 350 manat pul istəyirdi. Mən getdim ƏƏSMN-də Natiq Əzizovun qəbuluna. Yalnız ondan sonra mənim sayğac problemimi həll etdilər. Mənzildə aparılan tikinti zamanı sərf olunan elektrik enerjisinin pulunu da mənə ödətdirdilər”.

Müharibə əlilinin sözlərinə görə, o, 2015-ci ildəndir ki, müxtəlif insatnsiyalara şikayət edir, amma problemi həllini tapmır:

“Səlim Müslümovun dövründə bütün rəhbər işçilərin qəbulunda oldum. Yeni rəhbərliyin zamanında elə bildim ki, problemim həllini tapacaq. Bu yaxınlarda hətta nazir müavinin də qəbulunda oldum. Yalnız şirin vədlər eşidirəm. Təəssüf ki, bunlar da məni “yola verirlər”. İstədiyim budur ki, cənab Prezidentin mənə bağışladığı evdəki qüsurlar aradan qaldırılsın. Maddi imkanım olsaydı, özüm edərdim, amma bilin ki, təqaüdlə dolanan adamam, buna gücüm çatmır. Nazirliyin nümayəndələri hətta gəlib mənim mənzilimə baxış keçirib, qüsur aktı da tərtib ediblər. Həmin qüsur aktında qeyd edilir ki, mənzilin 1039 manatlıq təmirə ehtiyacı var. Mən cənab nazirdən xahiş edirəm ki, bu məsələni şəxsi nəzarətinə götürsün və mənim mənzilimdə olan qüsurların aradan qaldırılmasına köməklik etsin”.

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …