Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Qalmaqallı jurnalist niyə regionlararası antipatiya toxumu səpir?

Qalmaqallı jurnalist niyə regionlararası antipatiya toxumu səpir?

Jurnalist Fuad Abbasov kirayə ev axtararkən “xoşagəlməz”  halla rastlaşması ilə bağlı bir təbliğat kampaniyasına start verib. 

Bu barədə jurnalist öz  şəxsi “Instagram” hesabında paylaşım edib. Evi icarəyə verən maklerlə  söhbətinin səs yazısını paylaşan jurnalist gözlənilməz cavabla qarşılaşdığını bildirir. “Biz qarabağlıya kirayə ev vermirik” deyən makler Fuadı xeyli təəccübləndirib. Jurnalist həmin danışığın səs yazısını da paylaşıb. Əslində belə bir addımın məhz tanınmış jurnalist tərəfindən atılması xeyli sual doğurur. Çünki biz çox nadir hallarda görmüşük ki, maklerlər evi kirayəyə verəndə kiminsə regional mənsubiyyəti ilə maraqlanır. Onların maraqlandıqları əsas məsələ evi götürəcək şəxsin ailəli və ya subay olması, əgər tələbələrdirsə, evdə qızların və ya oğlanların qalacağı ilə bağlı olur. Yəqin Fuad kimi jurnalist yaxşı bilir ki, onun apardığı bu təbliğat çox həssas olan regionlararası  münasibətlərin gərginləşməsinə yönəlmiş ola bilər. Təsadüfi deyil ki, mövzu ilə bağlı aparılan ictimai müzakirələrdə qeyd edilir ki, Fuad bu hadisəni qəsdən quraşdırıb. Bir anlıq götürək ki, hansısa makler Fuada belə bir sözü həqiqətən deyib. Daima  sinəsinə döyüb Azərbaycan fədaisi olduğunu deyən jurnalistə yaraşarmı ki, belə lazımsız təbliğatı ilə ölkədə regionlararası münasibəti qızışdıran bir fəaliyyət ortaya qoysun? Bütün bu suallara aydınlıq gətirmək üçün jurnalist Fuad Abbasovun özü ilə əlaqə saxladıq. Onunla olan söhbətimizi təqdim edirik.

– Kirayə ev axtaranda xoşagəlməz halla rastlaşmağınızla bağlı paylaşım edib, səs yazısı yayıbsınız. Hansı əmlak bürosu ilə danışıbsınız?

– Bəli, belə hal olub. Ancaq hansı büro ilə danışdığımı bilməmişəm.

– Sizə doğrudanmı kirayə ev lazımdı, yoxsa mövzu ilə bağlı jurnalist araşdırması aparırdınız?

– Düzünü deyim ki, kirayə evlə bağlı problemim də yoxdu. Yəni elə bir halda deyiləm ki, kimsə mənə evini kirayə verməsin. Sadəcə olaraq, bu işlə məşğul olanların “qarabağlılara ev vermirik” ifadəsini ictimailəşdirməyə qərar verdim ki, onlar ayılsınlar. Bilsinlər ki, indi 25 il əvvəlki vəziyyət deyil. Yəni Qarabağdan gələn qaçqın girdiyi evdən çıxmasın. Mən ev sahiblərini də başa düşürəm ki, onların fikirində qarabağlılar belə qalıb. Əgər bir adam min manat verib iki aylıq ev kirayələmək istəyirsə, ona evə girib çıxmamaq lazım ola bilməz. Təəssüf ki, “qarabağlı girdiyi evdən çıxmaya bilər” kimi stereotip hələ də yox olmayıb. Qoy bilsinlər ki, qaçqınların böyük hissəsi yerləşib. Dövlət onlara yaxşı və ya pis də olsa ev verib. Belə fikirdə qalmaq yaxşı deyil.

– Yəni hesab edirsiniz ki, sizə evin verilməməsində hallandırılan regional səbəb siyasi deyil,  başqa amillə bağlıdır?

– Böyük  bir ehtimalla, burda mənəvi, siyasidən çox iqtisadi səbəb var. Ola bilsin ki, hansısa ev sahibi və ya makler belə halla rastlaşıb. Onun əlində bir mənəvi, etik səbəbi də var. Mən burda başqa bir yanaşma da görürəm. Bəlkə də demək istəyirlər ki, qarabağlı ev istəyirsə, getsin torpağını alsın.

– Biz kirayə bazarında ev axtaranlara başqa sualların verildiyini bilirik. Nədənsə, kimin haralı olması ilə bağlı ona kirəyə ev verilməməsi ilə illk dəfədir rastlaşırıq. Bəlkə burda hansısa piar məqsədiniz var?

– Mənim özüm də bunu çox qəribə qarşıladım. Çünki adətən biz Moskvada gördük ki, “qarabalalara ev vermirəm” ifadəsi çox işlənir. Yəni daha çox bizi nəzərdə tutub bunu deyirdilər. İndi də Bakıda görürük ki, burda da qarabalaları qarabağlılarla əvəz edib, onlara ev vermirlər.

– Siz kifayət qədər təcrübəli jurnalistsiniz. Yəqin bilirsiniz ki, bu cür təbliğatınızla ölkəmizidəki təhlükəsizlik mühitinə xeyirdən çox ziyan vermiş olursunuz. Ola bilməzdi ki, regional münasibətlərin qızışdırılması komponentləri olan paylaşımı etməyəsiniz?

– Əlbəttə ki, etməmək olardı. Sizinlə razıyam. Onda vəziyyət olduğu kimi də davam edəcəkdi. Maklerlər, ev sahibləri “qarabağlılara ev vermirik”  kəlməsini işlətməkdə davam edəcəkdilər. Bunu mən ictimailəşdirəndən sonra, ən azından  belə tendensiya azalacaq. Hamı sussa da olmur axı. Kimsə bunu deməlidir, ya yox? Önsuz da bizim cəmiyyətdə yerlibazlıq, qohumbazlıq var. Biz jurnalistlər belə halları mütləq yazmalıyıq.

– Bu mövzu ətrafında gedən polemikalardan görürük ki, hətta bu səhnənin sizin tərəfinizdən məqsədli təşkil edildiyi qənaətində olanlar da var. Buna münasibətiniz necədir?

– Mənim paylaşımımda həmin elanı verən maklerin adı və telefonu qeyd edilib. Kim inanmırsa, zəng vurub maraqlana bilər. Hətta maklerin özü yazıb ki, onluq olan məsələ deyil, tələbi ev sahibi qoyub.

– Sizin paylaşımızdakı maklerin danışdığı ləhcə də  maraqlı gəldi bizə. Oxşar naxçıvanlı ləhçəsində danışırdı. Bəlkə elə bu amili əsas götürüb məsələni ictimailəşdiribsiniz ki, rezonans böyük olsun…

– Mənim üçün maklerin hansı ləhçədə danışması elə də böyük rol oynamır. Çünki makler əmrə bağlı adamdır. Ona nə deyiblərsə, həmin tələbi irəli sürür.

– Axı bu həm də bir regionun güya digər regionun insanlarına antipatiya bəslədiyi qənaətini də hasil edə bilər. Elə deyilmi?

– Məgər indiyə qədər bu istiqamətdə münasibətlər gərgin olmayıb?

– Şəxsən biz bunu müşahidə etmirik…

– Bilirsiniz, biz jurnalist kimi məhz belə problemləri gündəmə gətirməliyik ki, insanlara ayrıseçkilyə yönəlik amillərə son qoyulsun. Azərbaycanda hələ xanlıqlar dönəmindən kimin haralı olmasına böyük önəm verilib. Mən bu problemi dilə gətirməklə çoxlarının deyə bilmədiyi mövzuya toxunmuşam.

Görəsən Fuad bəy Moskvada qarabağlılara öz dediyi kimi pis münasibət olduğunu görəndən sonra niyə Bakıda da qarabağlılara pis münasibət olduğunu gündəmə gətirmək və araşdırmaqda maraqlı olub?

Məhəmmədəli QƏRİBLİ, “Bakı-Xəbər”

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …