Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / “Qaçqınkomun” mətbuat xidməti jurnalistlərə nədən yazmağı öyrətmək istəyir…

“Qaçqınkomun” mətbuat xidməti jurnalistlərə nədən yazmağı öyrətmək istəyir…

Bu günlərdə mətbuatda bəzi büdcə təşkilatlarına dövlət satınalmaları xəttilə alınan bahalı avtomobillərin siyahısı dərc edilmişdi. Siyahıda adı və əhəmiyyəti geniş ictimaiyyət üçün o qədər də böyük məna kəsb etməyən qurumlar var. Məsələn, Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi üçün alınan iki xidməti avtomobilə 106 min 200 və 72 min 700 manat olmaqla, cəmi 200 min manata yaxın pul ödənilib. Yaxud Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsis etdiyi “Təhlükəli Tullantılar” MMC-yə 140 min manat qiyməti olan 1 ədəd “Toyota Land Kruiser” avtomobili alınıb.

Böyük ehtimalla, həmin avtomobillər sözügedən qurumlara rəhbərlik edənlərin xidməti maşınlarıdır. Hansı ki, hələ 2016-cı ilin yanvar ayında Azərbaycan Prezidenti məmurlara Naxçıvanın Avtomobil Zavodunda (NAZ) istehsal edilmiş avtomobilləri tövsiyə etmişdi. Bir tərəfdən ölkə rəhbərliyi səviyyəsində idarəetmə aparatının təkmilləşdirilməsi, xərclərin azaldılması tapşırığı, digər tərəfdən də əhalinin vergiləri və neft gəlirləri hesabına formalaşan büdcəyə münasibətdə bu israfçılıq və bər-bəzək, komfort, lüks həyat yarışı doğrudan da paradoks yaratmış olur.

Təəssüf ki, bu kontekstdə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin də adına rast gəlirik. Təqdim edilən rəsmi siyahıdan görünür ki, komitəyə ötən il 179 min 444 manat qiymətində bir ədəd “BMW 740 Lİ” markalı xidməti avtomobil alınıb. Xatırladaq ki, ötən il “Qaçqınkom”un rəhbərliyi dəyişdirildi və sədr vəzifəsinə deputat Rövşən Rzayev gətirildi. Bu təyinatdan əvvəl uzun illər həmin quruma rəhbərliyi Əli Həsənov edib. Sözügedən qurumdan biz islahat gözlədiyimiz halda, belə bir maraqlı mənzərə ilə üzləşirik. Qeyd edək ki, “Qaçqınkom”un yeni rəhbərliyi tərəfindən yol verilən bu fakta sadə əhalinin münasibəti birmənalı olmayıb. Sosial şəbəkələrdə məcburi köçkünlərin problemi ilə məşğul olmalı olan qurumun bu cür addımlarına birmənalı olaraq mənfi reaksiyalar verilib. Sözügedən dövlət qurumu mediaya verdiyi açıqlamada rəhbərliyə yeni avtomobilin alındığı ilə bağlı yayılan xəbərləri təkzib etməyib. Bildirilən münasibətdən belə aydın olub ki, qurumun köhnə rəhbəri olan Əli Həsənov vəzifədən gedəndə özü ilə xidməti avtomobilini də apardığı üçün, yeni rəhbərlik özünə xidməti avtomobil almağa məcbur olub. Çox maraqlı suallar meydana çıxır. Niyə vəzifəsi dəyişilən məmur özü ilə xidməti avtomobilini də aparır? Hətta bu hərəkət baş veribsə, yeni rəhbərlik hansı səbəbdən məhz dəyəri çox baha olan yeni avtomobildə gəzməyə üstünlük verib?

Bütün bu suallara cavab almaq üçün Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin İctimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyevlə əlaqə saxladıq. İbrahim müəllim sualımızı eşidən kimi bizə maraqlı “məsləhət” verdi: “Mən bugünkü Azərbaycan KİV-lərindən bilirsiniz hansı yanaşmanı gözləyirəm? Bir var axara düşüb getmək, bir də var taleyüklü məsələlərlə maraqlanmaq. Bu gün Azərbaycanın taleyüklü məsələsi məcburi köçkünlərlə bağlıdır. Mənim təmsil olunduğum komitənin adından da görünür ki, biz həmin təbəqənin problemi ilə dərindən məşğul olan qurumuq. Bu gün və sabah biz yeni istifadəyə verilən şəhərciklərə məcburi köçkün ailələrini yerləşdirəcəyik. Niyə jurnalistlər bu cür işləri işıqlandırmaq istəmirlər? Yalnız sensasiya dalınca qaçırlar? Bu, 25 ildir ki, olduqca acınacaqlı vəziyyətdə yaşayan ailələrin taleyidir. İndi onlara gözəl mənzillər verilir. Gəlib, bu hadisələrin, həmin ailələrin necə sevindiyinin şahidi olmaq lazımdır. Olmaz ki, belə mövzulardan yazasınız?”

İbrahim müəllimin nəzərinə çatdırdıq ki, hansı mövzudan yazmaqla bağlı seçimi bizim redaksiyanın özü müəyyən edir. Dağlıq Qarabağ problemi, onun siyasi həlli perspektivləri və məcburi köçkünlərin problemləri, onlara göstərilən dövlət qayğısı ilə bağlı mövzuda isə əminliyi ilə deyə bilərik ki, bizim qəzetdən çox yazan KİV bəlkə də yoxdur. Onu da əlavə edək ki, “Bakı-Xəbər”in son bir ildəki saylarını ötəri də olsa izləmək kifayətdir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin yeni rəhbəri Rövşən Rzayevin fəaliyyətinə, keçirdiyi islahatlara nə qədər yer ayırmışıq. Komitədən gələn bir press-reliz diqqətdən kənarda qalmayıb. Rövşən Rzayevin həftəlik qəbulları, əcnəbi diplomatlarla görüşləri, qaçqınlarla ünsiyyətləri barədə saysız yazılar dərc etmişik, qəzetin daimi işlək saytında vermişik. Bir sözlə, bizi subyektivlikdə suçlamaq insafsızlıqdır. Biz yaxşını da görürük, neqativi də, həm də neqativlərə dostcasına məhrəm və islahedici xoş niyyətlə yanaşmaq bizim iş üsulumuzdur.

Konkret sualımıza gəldikdə isə, bu da Azərbaycan üçün taleyüklü əhəmiyyət kəsb edir. Ola bilər ki, bu məsələyə yanaşma tərzində bizimlə İbrahim müəllimin baxışları haçalanır, buna da təbii yanaşırıq. Ancaq dövlət qurumlarında israfın, idarəetmənin şişirdilməsinin qarşısının alınması bizim yox, ölkə başçısının qoyduğu tələbdir. Bu baxımdan da məhz məcburi köçkünlərin adı ilə bağlı olan bir qurumda bir xidməti avtomobilə fantastk məbləğdə pulun xərclənməsinin səbəbini aydınlaşdırmağı biz özümüzün şərəfli jurnalist borcu sayırıq və burada qanunsuz nəsə görmürük. Sonda İbrahim Mirzəyev bizə bildirdi ki, bu məsələ ilə bağlı hər hansı əlavə açıqlama verməyə zərurət görmür. Bundan əvvəl açıqlanan mövqelərinin üstündə dayandıqları üçün, həmin açıqlamanı qurumun rəsmi mövqeyi olaraq qəbul edə bilərik. 

Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, ötən il dövlət başçısının apardığı struktur islahatları və mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlərin təyinatı çərçivəsində Baş nazirin müavininin, eyni zamanda, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin səlahiyyətlərini yerinə yetirməsinə xitam verilib, Dövlət Komitəsinə yeni sədr təyin edilib: “Bu zaman xidməti avtomobilin Baş nazirin müavininin istifadəsində qalması və yeni təyin edilmiş sədrin xidməti avtomobillə təmin olunmasına zərurət yaranması nəzərə alınaraq, yeni avtonəqliyyat vasitəsinin alınması üçün Maliyyə Nazirliyi tərəfindən mövcud qaydada dövlət vəsaiti ayrılıb. Xidməti avtomobilin alınması mövcud qanunvericilik əsasında həyata keçirilib. Xidməti avtomobilin markası seçilərkən onun respublikamızın mərkəzi icra hakimiyyəti orqanlarının istifadəsində olan avtonəqliyyat vasitələrinin markasına uyğunluğu əsas götürülüb”.

Bu rəsmi açıqlamadan hətta belə nəticəni çıxarmaq olar ki, sanki həmin avtomobil quruma “məcburi qaydada” verilib. Hər halda, qənaət məqsədilə ondan imtina edib, daha ucuz avtomobillə əvəzlənməsini tələb etmək də olardı. Bəzi dövlət qurumlarında artıq bu təcrübədən yararlanırlar. Xüsusilə də yerli istehsal olan avtomobillərdən məmurların xidməti maşın kimi istifadə etməsi halları çoxalıb. Hər halda, yaxşı nümunə olduğu üçün, yararlanmaq lazımdır.

Qeyd edək ki, Baş nazirin müavini Ə.Həsənovun köməkçisi Ramin Talıblı da yayılmış məlumata aydınlıq gətirib. Onun dediyinə görə, Ə.Həsənov komitə sədri olarkən Nazirlər Kabinetinə məxsus xidməti avtomobildən istifadə edib: “10-AA-203 dövlət nömrə nişanlı, 2012-ci il buraxılışlı, BMV markalı və hazırda Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənovun xidməti istifadəsində olan nəqliyyat vasitəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə məxsusdur.

Əli Həsənov, həmçinin, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edən dönəmdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə sözügedən nəqliyyat vasitəsi müvəqqəti olaraq Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə xidməti istifadə üçün verilmiş, sonradan isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə komitənin balansından çıxarılaraq Nazirlər Kabinetinə geri qaytarılıb”.

Nəticəni oxucular özləri çıxarsın…

Məhəmmədəli QƏRİBLİ 

“Bakı-Xəbər”

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …