“Bizə demişdilər ki, əgər cəsəd tam aşkar olunmasa, pilotun bir ayağını dəfn edək”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında iyulun 24-də qəzaya uğramış
MiQ-29 hərbi təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad
Atakişiyevin cəsədinin tapılmasına münasibət bildirən hərbiçinin
qayınatası, politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynlinin sözlərinə görə, həlak olmuş pilotun ayağının biri
axtarışların ilk günü tapılıbmış: “Polkovnik-leytenant Rəşad
Atakişiyevin nəşi bu gün səhər tapılıb. Cəsədi təxminən tanımaq olurdu,
amma cəsəddə deformasiyalar var idi. Təyyarə düşəndə “preslənib”. Kreslo
çox möhkəm hazırlandığından, pilotun oturduğu kabinə demək olar ki,
dağılmayıb. Onun əzalarının da müəyən hissələri tapılıb. Açığı, Rəşadın
ayağının biri axtarışların ilk günü tapılmışdı. Bizə demişdilər ki, əgər
cəsəd tam aşkar olunmasa, pilotun bir ayağını dəfn edək. Buna qəti
etiraz etdikdən sonra axtarışlar daha ciddi surətdə aparıldı və bu gün
cəsəd tapıldı”.
Qabil Hüseynli qeyd edib ki, Rəşad Atakişiyev katapultdan istifadə etməyib: “Əgər etsəydi, kreslo tapılmazdı”.
Məlumata görə, pilot Rəşad Atakişiyevlə vida mərasimi sabah Müdafiə
Nazirliyinin Tədris Mərkəzində keçiriləcək və hərbçi İkinci Fəxri
Xiyabanda dəfn ediləcək.
