Ana səhifə / Manşet / Qədim, ulu – bu günsə, cavan Naxçıvan- tarixi diyarda ilk dəfə olan jurnalist yazır…(FOTOLAR)

Qədim, ulu – bu günsə, cavan Naxçıvan- tarixi diyarda ilk dəfə olan jurnalist yazır…(FOTOLAR)

Azərbaycanın bu qədim, dilbər guşəsi olan Naxçıvanla bağlı məqalələrimdə onu da yazmışam ki, heç vaxt Naxçıvanda olmamışam. Arzum isə bu qədim odlar diyarında olmaq idi. Tale elə gətirdi ki, mən bu müqəddəs torpağı da görməli oldum. Naxçıvanda fəaliyyət göstərən jurnalist həmkarlarımın dəvəti ilə bu arzum da reallaşdı. Ancaq  açıq etiraf edim ki, Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan torpağına təyyarə ilə getməyim məni çox məyus etdi. Doğrudur, təyyarə ilə gedişdə də insanlar üçün hər cür şərait yaradılıb. İstər Bakı Hava Limanında, istərsə də Naxçıvanda, demək olar ki, hər şey insanların rahatçılığına hesablanıb. Lakin məsələ ondadır ki, niyə məhz bu gün öz doğma torpağımıza getmək, bu qədər çətin və ağırdı. Tarixinmi, Sovet rejimininmi, yoxsa özümüzünmü günahımızdı… Ancaq bir təsəllimiz və ümidimiz var – vaxt gələcək bu qədim diyara dəmir yolu da, avtomobil yolu da olacaq, bağlanan yollar açılacaq.., o gün uzaqda deyil, bu, mütləq olacaq… Mən buna inanıram.

…Naxçıvan hava limanındayam. Sözün açığı, buradakı qayda-qanun məni heyran elədi. Sakitçilik, hər yanda səliqə-səhman, eyni rəngə boyanmış taxsilər, eyni geyimdə olan, həm də səliqə-səhmanla geyinmiş sürücülər.., hara gedirsən, hardan gəlirsən, hara aparaq, nə verərsən ? – bu sualı heç birindən eşitmirsən, ancaq “xoş gəlmisiniz” sözündən başqa. “Saat meydan”ındakı otelə gəlirəm. Otelin 15-20 gündür açılış olub dedilər. İnsanlar üçün hər cür şəraiti ilə seçilən otel elə ilk baxışdan göz oxşayırdı. Həyətindəki geniş meydançası, fəvvarəsi – axşamlar burada istirahət edənlərə xoş ovqat bəxş edir. Bir-birindən maraqlı musiqi proqramları, gənclər, məktəblilər üçün keçirilən bilik yarışmaları bəyaz gecələrə xüsusi rövnəq verir… Şəhər o qədər təmizdir və yaşıllığa qərq olub ki, insan baxdıqca öz heyətini gizlədə bilmir. Yalnız ürəyindən, qəlbindən bir istək, bir arzu keçir – var olsun quran, yaradan, yaşadan əllər. Var olsun belə bir gözəlliyi insanlara bəxş edən kəslər. Bir də ki, kaş bu gözəllik bütün şəhər və qəsəbələrimizdə olaydı… Şəhər sanki insana bir rəssam tablosunu, gözəllik guşəsini xatırladır. Sakitlik, hər kəs öz işində, küçədə səliqə-səhman, insanlar isə bu səliqə və səhmana, qayda-qanuna sanki öz evi qədər riayət edir… Burada küçə qanunu hamı üçün adi vətəndaşdan tutmuş, nazirə qədər eynidir. Bu şəhərdə bir ictimai qınaq da var. Hər hansı qaydaya istəsən belə əməl etməyəsən, onu heç vaxt bacarmazsan, buna sənin vicdanın belə yol verməz. Belə gözəlliyin ritmini pozmaq ən azından günah olardı.

Onu da qeyd edim ki, iri şəhərlərimizdəki – eləcə də Bakıda yaşanan sıxlıq, bir-birinin içərisinə girən binalar, yerli-yersiz maşın “moyka”ları, mağazalar, səliqəsiz, plansız tikilən ticarət obyektlərinə Naxçıvanda rast gəlmək mümkün deyil – hər binanın həyəti yaşıllığa qərq olunub…

Naxçıvanda şəhər sıxlığı ona görə yoxdur ki, kəndin şəhərə daşınmasından söz gedə bilməz. Bu problemi Muxtar Respublikanın rəhbərliyi vaxtında qarşısını alıb. Şəhərdə olan bütün infrastruktur rayon mərkəzlərindən ucqarda belə yaradılıb; məktəb binaları, uşaq bağçaları, kitabxana, ticarət obyektləri, gözəllik salonları, bir sözlə, şəhərdəki kimi hər şey. Kəndlinin bəhanəsi qalmayıb şəhərə qaçsın. Bu qlobal problem böyük “ustalıqla” öz həllini tapıb. Yol boyu xırda bir tullantıya rast gəlmək, səliqəsiz, yerində olmayan nəyi isə görmək qeyri-mümkündür…

Naxçıvana qədəm basan hər kəs dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin Mərkəzində ucaldılmış möhtəşəm abidəsini ziyarət etməyi özünə bir vətəndaşlıq borcu hesab edir. Heydər Əliyevə Azərbaycan, Naxçıvan nə qədər əziz idisə, o da naxçıvanlılar üçün bir o qədər əziz və müqəddəsdir. Heydər Əliyevə qucaq açan naxçıanlıları bu diyarın ən çətin, ən ağrılı günlərində Heydər Əliyev qoruya bildi, düşmənin Naxçıvanla bağlı arzusunu gözündə qoydu. O çətin, ağır günlərdə, işığın, qazın olmadığı dövrdə odun peçinin istisi, qədim çırağın işığında həm özü, həm də naxçıvanlıları soyuqdan, donmaqdan, qaranlıqdan qorudu.

Abidənin yanında Heydər Əliyev muzeyi yerləşir. Bu muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılıb. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə olan sonsuz ehtiram və məhəbbətin bariz nümunəsidir. Naxçıvan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Muzeyi 10 may 1999-cu ildə 420 eksponatla fəaliyyətə başlayıb. Muzeydə hazırda 4746 eksponat vardır. Burada ulu öndərin dünyaya gəldiyi və ilk əmək fəaliyyətinə başladığı anlarla bağlı çoxlu maraqlı eksponatlara rast gəlmək olar. Bu, həm də o deməkdir ki, dahi şəxsiyyətin zəngin dövlətçilik təcrübəsindən bəhrələnmək məhz ilk dəfə Naxçıvanda reallaşdırılıb. Hələ sağlığında canlı əfsanəyə çevrilən, öz xalqının tarixi taleyində müstəsna rol oynayan bu dahi şəxsiyyətin irsi, onun idarəçilik məktəbi bu gün də öyrənilir, zəngin təcrübəsindən bəhrələnirlər. Muzeydə görkəmli dövlət xadiminin həyatı və fəaliyyəti ilə bağlı nə varsa, ehtiramla qorunur, tədqiq və təbliğ edilir. Onun zəngin irsi və dövlətçilik təcrübəsinin öyrənilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rol oynayır. Muzeydə ümummilli liderin ictimai-siyasi fəaliyyətini öyrənmək, tədqiq və təbliğ etmək üçün mühüm işlər həyata keçirilir. Bu tarixi şəxsiyyətin həyat fəaliyyəti, keçsiyi ömür yolu, dövlətçilik təcrübəsi, əlbəttə, gənclərə, məktəblilərə bir örnək, bir həyat məktəbidir…

Muzeyin xatirə kitabında dünyanın müxtəlif xalqlarının nümayəndələrinin ulu öndər haqqında yazdığı fikirlər də maraq doğurur. Buraya gələn hər kəs muzeylə tanışlığından heyrətini gizlədə bilmir. Dahi şəxsiyyətə olan bu hörmət və ehtiram bir daha onu göstərir ki, Naxçıvanda tarix həmişə qorunur, saxlanılır, tarixə, keçmişə hörmətlə yanaşılır.

Naxçıvanda tarixi abidələr çoxdur. Bu diyara təsadüfən – “Qədim tarixi diyar şəhəri” adı verilməyib. Məsələ ondadır ki, hər bir muzey, eksponat, qədim bir daş parçası belə Naxçıvanda göz bəbəyi kimi qorunub saxlanılır, ona qulluq, qayğı göstərilir. Xan sarayı da belə abidələrdən biridir. Bu qədim mədəniyyət incisinin Azərbaycanın milli dövlətçilik tarixində tutduğu mövqe nəzərə alınaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovun 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə O, Dövlət Tarix-Memarlıq Muzeyi kimi fəaliyyətə başlayıb.

Naxçıvanın gəzməli, görməli yerləri az deyil. Burada hər qaya, hər daş sanki bir xatirədir, bir tarixdir. Naxçıvana gələn hər kəs mütləq Batabata getmək arzusunda olur. Yolumuz Batabata, dillər əzbəri olan Soyuq bulağadır.

Naxçıvançayın sahili ilə salınan rahat yolla gedirik… Getdikcə sərin bir hava axını sanki insana nəfəs verir. Yolboyu hələ ki, istinin yandıra bilmədiyi yaşıllıq dağlara tərəf bir qədər də tündləşir və rəngarəngləşirdi.

Buradakı dağ yamacları, alp çəmənlikləri sanki saysız-hesabsız naxışla süslənən yaşıl bir xalını xatırladır. Zəngin flora öz-özü ilə bir rəqabət aparır – sanki çiçəklər, şəfalı bitkilər özlərini insana daha çox göstərməyə və gözəlliyini sərgiləməyə can atır. Təbiət burada hər şeyi elə bil qəsdən, kompleks şəkildə birləşdirib. “Zor bulağ”ın üstündəki qayalıq – “Nəbi eyvanı”na qədər kələ-kötür daşlardan olsa da yaşıl Batabat “xalısı”nın gözəlliyinə kobudluq gətirmir, əksinə bu ucsuz-bucaqsız xalının yaşıllıq içində itən bir naxışına dönür. Hərdən mənə elə gəlir ki, Əlincə qalası haqqında eşitməyən, yaxud məlumatı olmayan insan tapılmaz. Təbii ki, söhbət vətəndaşlarımızdan gedir.

Tarixi qaynaqlara əsaslanan tədqiqatçılar qalanı iki min il bundan əvvələ aid edirlər. Əsrlər boyu Azərbaycan ərazisində mövcud olmuş feodal dövlətlərin məhz Əlincəqalanı strateji ərazi kimi nəzarətdə saxlamağa çalışması təsadüfi deyildir. Bu qalanın Atabəylər dövründə dövlət üçün nə dərəcədə əhəmiyyətli olduğunu Sədrəddin Əli əl-Hüseyni “Əxbar əd-dövlət əs-Səlcuqiyyə” əsərində də qeyd edir. Onun yazdıqlarından aydın olur ki, ilk Eldəniz hökmdarları dövründə İraq və Azərbaycandan yığılan bütün gəlirlər məhz Əlincəqaladakı xəzinədə toplanmışdır.

Tarixi mənbələrdə məlumat verilir ki, Əlincə XIII-XIV əsrlərdə Hülakülərin, XIV əsrin ikinci yarısında isə Cəlairilərin hakimiyyəti altında olmuşdur. XIV əsrin 80-90-cı illərində qala dünyanın ən güclü hərbi qüvvələrini məğlubiyyətə uğradan Əmir Teymura qarşı mübarizənin əsas istinadgahına çevrilmiş və 14 il mərdliklə müdafiə olunmuşdur.

Əlincə qalası milli tariximizin mübarizlik simvolu sayılsa da, bu abidə hələ çox sirləri özündə gizlədir. Uzun illər tariximizin bu səhifəsi ilə bağlı yetərli araşdırmalar aparılmayıb. Ancaq Muxtar Respublikamızda bu gün milli tariximizə, mədəniyyətimizə göstərilən diqqət Əlincəni də öz ağuşuna alıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri qeydə alınıb pasportlaşdırılarkən Əlincəqala haqqında da məlumatlar toplanmış, Azərbaycan tarixinin yeni səhifələrinin açılmasına işıq salınmışdır. Bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilmişdir.

Açıq Səma Altında Muzey

Bu muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyun tarixli Sərəncamına əsasən Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında yaradılıb. 

Muzeydə nümayiş etdirilən qoç heykəlləri, qəbirüstü abidələr, daş üzərində oymalar Azərbaycanın ən qədim inancları ilə bağlı olub. Muzeyin əsas simvolları qoç fiqurlarıdır. Qoç fiqurlarının çox hissəsi sadə qoç formasında hazırlanıb. Onların üzərində xalqımızın məişətinə, məşğuliyyətinə, incəsənətinə aid müxtəlif təsvirlər həkk olunub. Üzərində qılınc təsviri olan qoç fiqurları mərdlik və qəhrəmanlıq simvolu, at kişilik, günəş isə istilik, həyat, işıq rəmzi sayılıb. 
Qoç qədim türk xalqlarında güc, qüvvət, bolluq rəmzi hesab edilib. Bu fiqurlar ilk öncə qəbirlərə, yəni dəfn olunan şəxsin yanına qoyulub, lakin İslam dininin meydana gəlməsi ilə bu adət müvəqqəti unudulub. Sonralar Qaraqoyunlu və Ağqoyunlu tayfalarının Azərbaycanda hakimiyyəti dövründə həmin adətə yenidən qayıdılıb. Hər iki dövlətin bayraqlarındakı ağ və qara qoç təsvirlərinin olması da bu faktı sübut edir. Zaman keçdikcə bu adət qəbirlərin üzərinə qoyulan heykəllərlə əvəz olunub. 

Həmin dövrə aid qəbirdaşları üzərində, adətən, mərhumun peşə və sənətini əks etdirən bir sıra məişət və təsərrüfat əşyaları, güzgü, qayçı, xəncər təsvirlərinə rast gəlinir. Kiçik formalı memarlıq əsərləri olan sənduqələrin üzərlərində isə müqəddəs “Qurani-Kərim”dən götürülmüş ayələrdən ibarət kəlmələr həkk olunub.  

Bu gün muzeylər tariximizin hər bir səhifəsini işıqlandıran, mədəniyyətimizin ümumi yüksəlişini, milli şüurun inkişafını əks etdirən maddi-mənəvi dəyərlər xəzinəsi olmaqla, həm də Muxtar Respublikamızda turizmin inkişafında da çox böyük rol oynayır. Minlərlə turistin baş çəkdiyi muzeylər içərisində ilk yerlərdən birini tutan Açıq Səma Altında Muzey əlverişli mövqeyi, mərkəzdə yerləşməsi ilə Naxçıvana gələn qonaqların diqqətini ilk andan cəlb edir. Muzeyi hər il minlərlə tamaşaçı, xüsusilə Hindistan, İran, Türkiyə Almaniya, Avstriya-Macarıstan, İsrail, Niderland, ABŞ, Belçika, Norveç, Rumıniya, Kuba və digər xarici dövlətlərin nümayəndələri, ziyarət edir. Bu isə zəngin tarixi-mədəni irsimizin təbliği və tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Yolumuz Sədərək rayonunadır … (Ardı var)

Əkbər HÜSEYNZADƏ (Bakı-Naxçıvan-Bakı),

Xüsusi olaraq Azinforum.az üçün

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …