Ana səhifə / Manşet / Prezidentin “SİMBİOZ”a tərs şilləsi… – Aydın QULİYEV

Prezidentin “SİMBİOZ”a tərs şilləsi… – Aydın QULİYEV

Ölkəmizdə çap mediasına dövlətin zəruri sayılan maliyyə dəstəyinin yeni mərhələsi başladı. Günümüzdə medianın əsas müzakirə mövzusu, demək olar ki, budur. Hər kəs araşdırır, nələrin necə dəyişdiyini, hansı perspektivə doğru getdiyini təyin etməyə çalışır. 2009-cu ildən başlayan şərti birinci mərhələdə dövlətdən maliyyələşən qəzetlərin sayı ilə indiki mərhələdəki qəzetlərin sayı arasında fərq, sözsüz ki, var və bu ilk baxışdan nəzərə çarpan ən böyük formal dəyişiklikdir.

İlk mərhələdə KİVDF gündəlik, həftəlik, günaşırı olmaqla 33 çap mediasına maliyyə dəstəyi verirdi, aprelin 1-dən başladılmış şərti ikinci mərhələdə 25 qəzet qaldı. Ən əsas məsələ odur ki, şərti dövrləşdirmədən asılı olmayaraq dövlətimiz və onun adından şəxsən Prezident çap mediasının maliyyələşdirilməsini davam etdirmək iradəsini bir daha ortaya qoydu. Say azalması isə kənar təsirlərlə yox, bəzi KİV orqanlarının fəaliyyəti ümumiyyətlə dayandırmaq barədə könüllü seçimləri, habelə bəzi media orqanlarının spesifik sahə təyinatları ilə bağlıdır. Əsas odur ki, çap mediasının dövlətdən maliyyələşdirilməsi davam edir və gələcəkdə bu prosesə KİVDF-nin xəttilə elektron-internet medianın da maliyyələşməsinin əlavə ediləcəyi kimi çox real perspektiv də var.

Çap mediasına dövlət adından Prezidentin maliyyə dəstəyinin yeni mərhələdə davam etdirilməsi təkcə bu proseslə bağlı olan qəzetlər üçün yox, bütün cəmiyyət və dövlətçilik üçün maraqlı strateji məsələdir. Yəni məsələyə  “qəzet rəhbərləri olaraq maliyyə dəstəyi aldığımız üçün bu prosesi dəstəkləyirik” kimi bəsit təfəkkürlə yanaşmaq olmaz. On minlərlə oxucunun və bütün cəmiyyərin marağında olan bir prosesin içindəyik.

Hədəfləri çoxşaxəli, yaxın və uzaq olan, vacib dövlətçilik və tarixi əhəmiyyət daşıyan Böyük Proses…

Açıq deyək ki, bu prosesin dayanmasını istəyənlər də var idi. Onlar ən müxtəlif arenalarda – dövlətdə, siyasi müstəvilərdə, mühacirət kəsimində olmaqla indi də var və hərəsi öz işində, öz niyyətlərindədir. Sadəcə ona görə keçmiş zamanda danışdıq ki, onların lap son günlərə qədər göstərdikləri nəhayətsiz çabalar baş tutmadı. Onun baş tutması media-dövlət, media-cəmiyyət həmrəyliyinin hansısa dərəcələrdə ziyan görməsi kimi arzuolunmaz bir mənzərənin ortaya çıxmasını şərtləndirə bilərdi.  Beləliklə, ölkə Prezidentinin çap mediasına yeni prinsiplərlə, yeni mərhələdə maliyyə dəstəyini davam etdirmək qərarı ilk olaraq “mediaya dövlətin maliyyə dəstəyi özünü doğrultmur” deyən ağızlara tərs şillə effekti kimi özünü göstərdi və bunu, hansı kateqoriya üzrə olmasından asılı olmayaraq, dövlətin maliyyə dəstəyinin içində olan hər bir qəzet rəhbəri dəyərləndirməli, sonrakı fəaliyyətində də gündəlik olaraq nümayiş etdirməlidir. Heç bir xüsusi tezis, ya antitezis icad etməyə ehtiyac yoxdur. Bir vaxtlar mətbuatımızdan “autsayder” edilmiş bəzi keçmiş media rəhbərlərinin və xaricdə “antimillilərə” çevrilmiş şəxslərin onlara verdiyi dəstəyin birgə hədəfi bu idi – “dövlət mediaya dəstəyi dayandırsın”. Bu hədəfə nail olmağın taktiki üsulu isə ortaya “qəzetlərə dövlət dəstəyi özünü doğrultmur” kimi gurultulu “ideya tullamaq” oldu. Dövlətin mediaya dəstəyi özünü necə doğrultmur ki, bu gün Azərbaycan mediasının əli də, gözü də, ayağı da bir vaxtlar hamının yaxşı tanıdığı və eyni zamanda heç də yaxşı tanımadığı bəzi əcnəbi fondların, səfirliklərin qapısından yığışıb?!

Mediamızın tarixdə heç vaxt indiki qədər güclü olmadığını necə görməmək olar? “Dövlət medianın, media isə dövlətin yanında olduğu üçün güclüdür” kimi çox sadə izahı olan məsələni ora-bura çəkmək ancaq qərəzlilərin, bədxahların işi ola bilər. Dövlətçiliyin yanında olmayan medianın nəinki güclü, heç mövcudluğunu belə saxlaya bilmədiyini görə bilməzmisiniz?! “Doğrultmur” deyənlər çox yaxşı bilirlər ki, bu gün cəmiyyətimizin mütləq həlledici çoxluğunun Prezidentin və dövlətçiliyin yanında olması səbəbsiz deyil və ya asanlıqla əldə olunmayıb. Bunu görmək onlara, sadəcə, lazım və maraqlı deyil. Cəmiyyətimizin mütləq çoxluqla “bir zindana vurması”, əvvəla, Prezidentin sabitliyə yönəlik sosial-iqtisadi siyasəti və xarici siyasət kursu ilə bağlıdır, sonra onun, xüsusilə ictimai-siyasi, ideoloji-təbliğat işi ilə bağlı komandasının ağıllı və zəhmətkeş fəaliyyət göstərməsi ilə bağlıdır, “və sair” adı ilə sıralamanı davam etdirsək, məlum bir mərtəbədə çox təsirli və effektli faktor kimi media gəlir. Mən, əlbəttə, “cəmiyyət ona görə Prezidentin yanındadır ki, media Prezidentin və dövlətçiliyin yanındadır” kimi çox iddialı və tam ehtivalı olmayan yekə tezislə çıxış etmək istəmirəm. Ancaq əminəm ki, medianı ən müxtəlif mülahizələrlə dövlətin dəstəyindən ayırmaq istəyənlərin uzaq strateji hədəfi “cəmiyyətin mütləq çoxluğunu” Prezidentdən, dövlətçilik mövqeyindən ayırmaqdır. Bir anlığa medianın dövlət dəstəyindən məhrum olduğu, məhrum edildiyi, ya da bu bağlılığın hər hansı səbəbdən qırıldığı vəziyyəti göz önünə gətirmək çətin deyil. Nə baş verəcək? İlk sırada, sadəcə qəzetlərin bir çoxu mövcudluğunu itirəcək, qəzetlərin öz elektron versiyasının gücü ilə internet-sosial şəbəkələrə tənzimləyici və pozitiv yönəldici, neqativləri az da olsa neytrallaşdırıcı təsir imkanları itiriləcək, ölkədə ictimai rəyin informasiyalarla idarə edilməsi kimi müstəsna dövlətçilik işini hər kəsin – dostun da, düşmənin də maneəsiz fəaliyyət göstərdiyi, hər cür ilan, əqrəb zəhəri damızdırdığı elektron məkanın ixtiyarına buraxacağıq. Nəhayət, az da olsa, öz mövcudluğunu saxlaya biləcək qəzetlərin öz elektron resursu ilə birgə ən müxtəlif siyasi partiyaların təsiri altına düşəcəyini də bura əlavə etsək… sonrasını heç proqnoz etməyə dəyməz. Tək bunu deyək ki, qəzetlərin müxtəlif siyasi partiyaların orbitində fırlandığı mərhələni Azərbaycan çoxdan arxada qoyub və bunun ümumi inkişaf, təhlükəsizlik və əminamanlıq baxımından hansı fəlakətləri törət(mə)diyini hər kəs xatırlayır. Güman ki, bütün bunlardan sonra mediaya dövlət dəstəyini guya özünü doğrultmayan bir institut kimi hədəfə alanların necə təhlükəli, dağıdıcı mövqedə olduqlarını başa düşmək çətin olmaz. Əfsus ki, bu təhlükəli mövqeni dəstəkləyən, hətta zaman-zaman bu məqsədlə Prezidentin baxışlarına və siyasətinə də təsir göstərmək üçün məqam gözləyən bəzi kəmfürsət dövlət məmurlarının olduğu da eşidilir. Ancaq mediada tam fərqli düşüncə və reaksiya var.

KİVDF-nin yeni mərhələdə üç kateqoriya üzrə qəzetlərə maliyyə dəstəyi mexanizminin media tərəfindən anlayışla qarşılandığı göz qabağındadır və bu səbəbsiz deyil. Media, xüsusilə birbaşa maliyyələşmə prosesinin içində olan qəzetlər media-dövlət birliyinin ölkəmizdəki sabitlik üçün nə qədər önəmli olduğuna çox ayıq baxır. Mətbuata dövlət dəstəyini hədəfə alan bəzi beynəlxalq qurumların, qərəzdən açıq milli düşmənçiliyə adlamış bəzi dönük mühacirlərin və onların sırasında yer almış bəzi mənfəətpərəst daxili “PERSONALARIN” möhkəm olmayan “SİMBİOZ”u əməlli-başlı zərbə aldı – Prezidentin sayəsində…

Yeni mərhələdə hansı qəzetin hansı kateqoriyada olmasının həyata keçirilən missiya baxımından prinsipcə heç bir fərqi yoxdur. Gündəlik, günaşırı və həftəlik qəzet buraxan hər kollektiv və hər baş redaktor bir böyük missiyanın eyni dərəcədə məsul aparıcıları və daşıyıcılarıdır. Bu missiya dövlətçiliyimizin ən müasir salnaməsini yazmaq, yazılı medianı tarixi kökləri olan böyük milli-mənəvi sərvət kimi yaşatmaq və sabitliyin müstəsna şərti olan cəmiyyət-dövlət vəhdətinə dəstək verməkdir. Başqa sözlə desək, gündəlik, günaşırı və həftəlik qəzet rəhbərləri olaraq, eyni missiyanın YÜKÜ altındayıq.

Qəzetlərin yeni prinsiplərlə maliyyələşməsinin hazırda hərəkətə gəlmiş yeni mərhələsinin dövlətçilik, peşəkarlıq və sahəvi inkişaf baxımından başqa əhəmiyyətli cəhətləri də var. Yeni mexanizm həvəsləndirici və hamını sabaha yönləndirici potensiala malikdir. Hələlik üç aylıq dövrə hesablanıb. Kateqoriyalar, rəsmən də deyildiyi kimi, mütləq və daimi xarakter daşımır, kateqoriyalar üzrə hər bir qəzetin yeri məlum prinsiplər əsasında gələcəkdə dəyişə də bilər. Beləliklə, yeni mexanizmin qəzetlər üçün saxladığı perspektivlər baxımından böyük daxili gücü var. Bu mexanizm daim qəzetlərə üzdə olmaq, irəli getmək üçün sağlam rəqabət atmosferi yaradacaq.

Aydın QULİYEV

Həmçinin oxuyun

Sabiq icra başçısı Novxanıda dəyəri milyonla ölçülən “obyekt” tikdirdi – FOTO

Novxanın çimərliyində dəyəri bir neçə milyonla ölçülən möhtəşəm otel, restoran, spa mərkəzi tikilib. “Mariana Trench” …