Bazar , Noyabr 29 2020
Ana səhifə / Köşə Yazarları / Prezidentin məntiqinə inanaq, yoxsa Zahid Orucun elan etdiyi sorğunun nəticəsinə?

Prezidentin məntiqinə inanaq, yoxsa Zahid Orucun elan etdiyi sorğunun nəticəsinə?

Noyabrın 12-sində Sosial Tədiqatlar Mərkəzinin (STM) sədri, millət vəkili Zahid Orucun keçirdiyi brifinqə baxdım. Diqqətimi həmin tədbirdən, daha doğrusu Zahid Orucun elan etdiyi sorğu nəticələrindən vacib bir məqam çəkdi.

Hörmətli Zahid Oruc oktyabr ayının əvvəlində məcburi köçkünlərin sıx məskunlaşdığı Qobu qəsəbəsində 500 nəfər respondent arasında keçirdiyi sorunun nəticələrini elan edərkən bildirdi ki, rəyi soruşulanaların 82 faizi bu qənaətdədir: “Ermənistan işğal etdiyi ərazilərin böyük hissəsini ona görə abadlaşdırmayıb ki, oradan nə vaxtsa çıxacağını bilib”.

Zahid Orucun Qobudakı köçkünlərə istinadən elan etdiyi nəticələrlə qəti razı deyiləm. Zahid Orucun elanından belə nəticəyə gəlmək olar ki, Ermənistan Qarabağa ciddi yatırım etməyib. Prezident müharibənin getdiyi dönəmdə xarici mediaya verdiyi müsahibələrdə dəfələrlə Ermənistanın 30 il ərzində Qarabağda hansı səviyyədə mühəndis – istehkam qurğularının yaratdığına diqqəti yönəldib.

Təbiidir ki, bu qurğuların yaradılmasına da külli miqdarda vəsait lazımdır. Ermənistan Qarabağda müvəqqəti qalmaq istəyirdisə, onda bu qədər xərci niyə çəkirdi? Zahid Orucun Mərkəzi deyə bilər ki, biz abadlığa qoyulan puldan danışırıq, müdafiə məqsədilə qurulan istehkamlara edilən yatırımdan yox.

Onda isə yenə cənab Prezidentə istinad etməyə məcburam. Yəqin ki, cənab Prezidentin dilindən xüsusi intonasiya ilə, bir neçə dəfə səsləndirilən bu ifadəni hamı eşidib: “Nə oldu, Paşinyan, bəs Cəbrayıla yol çəkirdin…” İndi biz, Prezidentin məntiqinə inanaq, yoxsa Zahid Orucun keçirdiyi soruğuya?

Zahid müəllim razılaşar ki, yol infrastrukturu abadlığın yaradılmasında ən mühüm amildir. Ermənistan orda qalmağı düşünmürdüsə, onda niyə milyonlarla xərc çəkib, Dağlıq Qarabağı Ermənistanla birləşdirən üçüncü yolu çəkirdi? Mən hələ ikinci yolun çəkilişi, onun əsaslı təmirindən, Laçın və Kəlbəcərdə xaricdən gətirinlən ermənilər üçün tikilən modern kəndlərdən danışmıram.

Yəqin ki, Zahid müəllim ötəri də olsa, qədim Azərbaycan şəhəri olan Şuşada tikilən hündürmərtəbəli binların nümayiş olunduğu videoları görə bildi. Bunlar abadlığa xərclənən pullar deyilsə, bəs nədir? Qismət olsa, gedib keçmiş Dağlıq Qarabağ və onun ətraf rayonlarında Ermənistanın apardığı və uzun müddətə hesablanan abadlıq işlərilə daha yaxından da tanış olmaq imkanına da sahib olar.

İndi mən bilmirəm, Prezidentin məntiqinə və gördüklərimə inanım, yoxsa ölkənin strateji beyin mərkəzi rolunu oynayan STM-in sorğusundan çıxarılan nəticələrə?

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

Həmçinin oxuyun

Respublika Veteran Təşkilatında QALMAQAL – Qurumu qoçu dəstəsi işğal edib?

Qarabağ savaşı iştirakçısı kimi Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının(RVT) üzvüyəm. Arabir …