Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Manşet / Prezidentin ad günüdür

Prezidentin ad günüdür

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. ” Azinforum.az ” xəbər verir ki, dövlət başçısının 59 yaşı tamam olur.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. “Heydər Əliyevin neft strategiyası”nın həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. Həmin tarixdən indiyədək YAP-ın sədridir.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib. Baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib. O, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73% səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.

2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54% səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 2013-cü il oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.

2018-ci ilin aprelin 11-də Azərbaycanda növbəti prezident seçkisi keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev 86.03 faiz səslə yenidən Azərbaycan Respublikasının prezidenti seçilib. Aprelin 18-də and içən prezident İlham Əliyev səlahiyyətlərinin icrasına başlayıb.

2019-cu ildə Azərbaycanda islahatlar daha dərin xarakter daşıyıb. Dövlət idarəçiliyi sistemində köklü islahatlar və kadr dəyişiklikləri aparılıb ki, bu da Azərbaycanın uğurlu ölkə kimi gələcək inkişafını təmin edəcək. Bunların ardınca beşinci çağırış Milli Məclis buraxıldı və yeni parlament seçkiləri təyin edildi.

İyunun 18-də Azərbaycan Prezidenti İlham Əliyev əhalinin rifahının yüksəldilməsi məqsədi ilə icra edilən dövlət siyasətinin davam olaraq növbəti sosial paketi təsdiqləyib. Reallaşdırılan iri sosial paket 4,2 milyondan çox insanın büdcəsinə müsbət təsir göstərdi. Minimum əmək haqqı iki dəfə, minimum pensiya 70 faiz artıb. Məcburi köçkünlər üçün müavinətlərdə də mühüm artım qeydə alınıb.

2020-ci il Prezident, Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü və strateji hədəflərə yönələn siyasətin ən parlaq zirvəsi oldu. 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımız düşməndən azad edildi, ərazi bütövlüyümüz təmin olundu, xalqımızın 30 illik Vətən həsrətinə son qoyuldu. Prezident İlham Əliyev bu böyük qələbəsi ilə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Vətən Müharibəsi Xalq-Prezident birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. O cümlədən, 50-dən artıq siyasi partiya Prezident İlham Əliyevlə bir, həmrəy olduğunu bəyan etdi. Bu, ölkəmizdə vətəndaş həmrəyliyinin, ümummilli məsələlərdə müxalifət-iqtidar münasibətlərinin bir kənara qoyulması ilə yanaşı, Prezident İlham Əliyevin milli maraqların qorunmasına xidmət edən prinsipial mövqeyinin, tutduğu düzgün yolun dəstəklənməsi idi. Dövlətimizin başçısı Vətən müharibəsinin gedişində nəyi nə zaman etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Mövqeyindən bir addım belə geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında yalnız bir şərt qoydu – Torpaqlarımızdan rədd olub getmək.

Prezident İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində erməni hərbi birləşmələrini torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və müqəddəs bayrağımız işğaldan azad edilmiş Qarabağ torpaqlarında ucaldıldı. Qarabağın ürəyi, tacı olan Şuşamız tarixi sahibinə qayıtdı. 44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər döyüşlə işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd düşməndən təmizləndi.

Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdilər.

Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanı cənginə almış COVİD-19 bəlası ilə səmərəli mübarizə aparmağı bacardı. Bu mübarizədə dövlət başçısı insanların sağlamlğını və xalqın rifahını əsas götürərək bu istiqamətdə sistemli tədbirlər həyata keçirdi. O cümlədən, ölkə iqtisadiyyatının dayanıqlığını təmin etmək və pandemiya nəticəsində baş verə biləcək böyük itqisadi geriləmənin qarşısını almaq məqsədilə iqtisadi dəstək paketi icra olundu və bu gün də icra olunmaqda davam edir. Bunun nəticəsində bu gün Azərbaycan pandemiyadan ən az zərər görən ölkələrdən biridir. Azərbaycan eyni zamanda pandemiya ilə qlobal mübarizəyə də mühüm dəstək verdi, 30-a yaxın ölkəyə humanitar yardım etdi və BMT Baş Assambleyasının COVİD-19-la mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsinə nail oldu.

Bütün qeyd olunan nailiyyətlər onu göstərir ki, başa çatmaqda olan il ərzində Azərbaycanın mövqeləri həm dünya siyasi arenasında, həm də ticari-iqtisadi münasibətlər baxımından daha da möhkəmləndi. Azərbaycanın beynəlxalq nüfuzu daha da gücləndi və bunun sayəsində tərəfdaşlar ölkəni güclü, müstəqil və etibarlı oyunçu kimi qəbul edir.

Heç şübhəsiz ki, Azərbaycanın əldə etdiyi uğurlar, tarixi qələbəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir.

Həmçinin oxuyun

Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – Fotofakt

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Baku Electronics” MMC (VÖEN – …