Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Polkovnik-leytenant Zalov formasından niyə imtina etdi?

Polkovnik-leytenant Zalov formasından niyə imtina etdi?

İsmayıl Zalov: “Sizin yazınızdan sonra istefa vermək qərarına gəldim”

Ötən saylarımızda son vaxtlar Bakıda keçirilən tədbirlərdə xüsusi uniformalı insanlara rast gəlinməsi ilə bağlı məlumat verməklə yanaşı, həm də həmin formanın hansı qurumlara aid olduğu istiqamətində araşdırma aparmışdıq.

Jurnalist araşdırması ilə bağlı tədbirlərdə həmin uniformada tez-tez görünən şəxslərin özləri ilə əlaqə saxladıq. Onların verdikləri açıqlamanı olduğu kimi yazdıq. Amma çox maraqlı proseslər bundan sonra başladı. Hiss etdik ki,  toxunduğumuz mövzu kimlərisə bərk narahat edib. Bu narahatlığı yazının müəllifi kimi mənə edilən zənglərdə, göndərilən ismarıclarda aydın sezdim. Nəhayət, həftənin qeyri-iş günü olmasına baxmayaraq, birinci yazımızda adı keçən və qeyd etdiyimiz uniformanı geyinən İsmayıl Zalovun adından yayılan bəyanatla tanış olduq. Bir neçə aztirajlı saytda yayılan həmin bəyanatda olduqca sərt notlar vardı, hətta bu mövzuya toxunanlar qeyri-peşəkarlıqda, formanın məxsus olduğu qurumun uğurlarını həzm etməməkdə günahlandırılırdı. Sitat: “…Mənim fəaliyyətim təşkilatda tam hüquqi əsaslarladır. Qanuni şəkildə və əmrlə aldığım rütbəni, geyindiyim uniformanı bəzi qara qüvvələr həzm edə bilmir. Ona görə də bu cür insanlar öz çirkin əməllərini bəzi dırnaqarası saytlarda, qeyri-peşəkar jurnalistlərin vasitəsilə yaymağa çalışırlar. Hüquq və vəzifələrimizlə tanış olmaq istəyən hər bir kəs BMT-nin üzvü İnsan Haqları Komissarlığının Paris departamentinin Mərkəzi Asiya üzrə nümayəndəliyinin Bakıda yerləşən ofisinə baş çəkə və tanış ola bilər. Biz təşkilatımızın adından bir daha bəyan edirik ki, işimizə və büromuzun adına heç bir fakta söykənməyərək ləkə gətirən, qara yaxan şəxslərin qanun çərçivəsində cəzalandırılmasını təmin edəcəyik”.

Yayılan məlumatın ilkin mənbəyi biz olduğumuz üçün, İsmayıl Zalovun adından təqdim olunan bəyantdakı bəzi məqamlara aydınlıq gətirmək istədik. Əvvəla maraqlıdır, niyə uniforma ilə bağlı aparılan araşdırma təşkilatı belə narahat edib? İkincisi, niyə bu istiqamətdə aparılan araşdırmaya təşkilatın Bakıdakı rəhbərliyi səviyyəsində deyil, məhz İsmayıl Zalov səviyyəsində aydınlıq gətirilir, özü də belə sərt tonda?

  • “Mənim iradlarımın “Bakı-Xəbər”ə heç bir aidiyyəti yoxdur”

Bəyanatın müəllifi olan İsmayıl Zalov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, onun bizim yazdığımız yazı ilə bağlı heç bir iddiası yoxdur: “Mən uzun müddətdir ki, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edirəm. Hansı saytın, qəzetin nə səviyyədə olduğunu da gözəl bilirəm. Mənim sizin yazdığınız yazıya zərrə qədər də olsun iradım yoxdur. “Bakı-Xəbər” kimi qəzeti qeyri-peşəkarlıqda günahlandırmaq üçün gərək mediadan xəbərsiz olasan. Bilirəm ki, sözügedən qəzet çox az sayda olan gündəlik qəzetlərdəndir. Mənim bəyanatımın ünvanı sizin yazını kontekstdən çıxararaq cəmiyyətə fərqli başlıqlarla təqdim edib, ağızlarına gələni yazanlardır. Bəyanatımın “Polisə Dəstək” İctimai Birliyi adından yaradılan “Facebook” səhifəsində paylaşılmasında da qeyri-adi nəsə görmürəm. Çünki mən həmin təşkilatın xarici əlaqələr üzrə sədr müaviniyəm. Sizin yazınızdan sonra mən BMT İnsan Haqları Komissarlığının Paris departamentinin Mərkəzi Asiya üzrə nümayəndəliyində daşıdığım hüquq eksperti vəzifəsindən istefa vermək qərarına gəldim. Mən ora cəmi bir ay əvvəl dəvət almışdım. Hüquqşünas adamam, getdim, nizamnamələri ilə tanış oldum. Gördüm ki, qanuni fəaliyyət göstərirlər. Bundan sonra onların təklifini qəbul etdim. Sonra gördüm ki, uniformalarla bağlı bəzi fikirlər səslənir, yazılar gedir, ona görə də həmin təşkilatda təmsil olunmaq istəmədiyimi bildirdim. Mənə vəsiqə, order və forma vermişdilər, hamısını qaytardım. Səbəbini də belə izah etdim ki, mən söz-söhbət olan yerdə qalmağı xoşlamıram. Hesab edirəm ki, mənim fəaliyyətim təmsil olunduğum “Polisə Dəstək” İctimai Birliyində daha məqsədəuyğundur. Çünki adam iki işin öhdəsindən çətinliklə gəlir”.

İsmayıl Zalov bildirdi ki, bəyanatın onun adından verilməsi heç də bütün nümayəndəliyin məsuliyyətinin onun üzərəndə olması anlamına gəlməməlidir: “Mən özümə aid olan məsələyə münasibət bildirdim. Buyursun, qurumun rəhbərliyi necə istəyir, elə də məsələyə münasibət bildirsin. Mən harda olmağıma baxmayaraq, dövlətçiliyə sadiq adamam. Hər zaman ulu öndər Heydər Əliyevin yolunun davamçısı olan cənab İlham Əliyevin  siyasətini dəstəkləmişəm, bundan sonra da dəstəkləyəcəm. Bu yolda canımdan, qanımdan keçməyə hazıram. Bir daha  deyirəm ki, mənim iradlarımın “Bakı-Xəbər”ə heç bir aidiyyəti yoxdur. Quruma təqdim etdiyim istefa ərizəsinə hələ ki, cavab verilməyib”.

“Bizdə olan məlumata görə, qurumun mərkəzi ofisi olan Fransadan bura məktub göndərilib ki, forma və vəsiqələrin verilməsi dayandırılsın, bu doğrudurmu” sualına isə Zalov cavab vermək istəmədi: “Mən bu barədə nəsə deyə bilmərəm. Çünki səlahiyyətimə aid olmayan məsələdir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …