Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Pelosinin Ermənistan səfərinə kədərlənmək yox, sevinmək lazımdır!

Pelosinin Ermənistan səfərinə kədərlənmək yox, sevinmək lazımdır!

Adını demokrat qoyan, əslində isə böyük əksəriyyəti Qərb və ABŞ-dakı fondlardan maliyyələşən bizim bəzi siyasətçilər ABŞ-ın yüksən vəzifəli şəxsi Nensi Pelosinin Ermənistana etdiyi səfəri İlham Əliyevin xarici siyasətdəki böyük uğursuzluğu kimi qələmə verməyə çalışırlar.

Çox vacib nüans bundan ibarətdir ki, bu təqdimatı edənlər nədənsə, Nensinin ABŞ rəsmisi olmaqla yanaşı, həm də ermənilərin böyük hamisi funksiyasını daşıyan bir siyasətçi olduğunu qeyd etmirlər. Əslində, belə kritik məqamda Nensinin timsalında ABŞ-ın Ermənistana bu şəkildə dəstək ifadə etməyə məcbur qalması elə İlham Əliyev siyasətinin böyük uğurudur.

Çünki sular durulur. Əvvəl neytrallıq göstərməyə çalışan ABŞ indi açıq şəkildə Ermənistanın yanında olduğuna dair mövqe sərgiləyir. Onsuz da biz bunları bilirdik, lakin uzun illərdən bəri ABŞ-ın balans imitasiyası Vaşinqton üçün manevr imkanlarını özündə saxlayırdı.

Tərəflər və tələblər bəllidir. ABŞ və Qərb Azərbaycandan Minsk qrupunun bərpasını, gələcək danışıqların özünün siyasi impotensiyasını sübut edən bu formatda aparılmasını və Qarabağdakı ermənilərə status verilməsini tələb edir. Rusiya isə Ermənistanı məcbur edir ki, məhz onun vasitəçiliyi ilə 10 noyabr tarixli bəyanatında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin.

Bura əsasən Ermənistan-Azərbaycan sərhəddinin demarkasiya və delimitasiyasi, Zəngəzur dəhlizi ilə bağlı işlərin yekunlaşması və bütün bunların fonunda Sülh Sazişinin imzalanması aiddir. Rusiya prezidenti Vladimir Putin Özbəkistanın ev sahibliyi etdiyi ŞƏT-in tədbirinfə keçirdiyi mətbuat konfransında baş verən son hadisələrlə bağlı ona verilən suala maraqlı cavab verdi. Dedi ki, sərhəddə baş verənlərin Qarabağa heç bir aidiyyəti yoxdur. Faktiki olaraq, Azərbaycanın addımlarına haqq qazandırdı.

Bəzi liberallarımız kimi “Azərbaycan Ermənistanın suverən ərazisinə hücum edib” ifadəsini işlədib, bizi tənqid etmədi. Bəllidir ki, Azərbaycan da Ermənistanla olan danışıqlarda Qarabağla bağlı mövzunun müzakirəsinə şərait yaratmır. Aksenti daha çox iki suveren dövlət arasındakı problemlərə yönəldir. Deməli, ABŞ və Qərbdən fərqli olaraq, Rusiya bu prosesdə öz seçimini edərək, Azərbaycanın mövqeyini dəstəkləyir.

Biz anoloji münasibəti 44 günlük savaşda da gördük. Azərbaycanın müharibədə qalib gəlməsini şərtləndirən əsas amillərdən biri də bölgəyə ciddi hərbi-siyasi təsir rıçaqları olan Rusiyanın neytral qalması oldu. Bu gün Ermənistanın sərhəddəki hücum postlarını darmadağın edib, təhlükəsizlik məqsədilə özünə bufer zona yaradan və Göyçə gölünə, Cermuk şəhərinə vizual nəzarəti təmin edən Azərbaycanı KTMT adı altında Rusiya yola verirsə, deməli, bunun arxasında Ordumuzun gücü ilə yanaşı, həm də İlham Əliyevin uğurlu xarici siyasəti dayanır.

Nensinin Ermənistana gəlişini bizim üçün faciəyə çevirən siyasətçilərə bir sualım var: uzun illər Ermənistan açıq şəkildə Rusiyanın for-postu olmaq siyasətini yürüdəndə Pelosinin vətəni olan ABŞ keçmiş Qarabağ problemi ilə bağlı Ermənistana hansı təzyiqləri etdi? Yalnız tərəflərin məsuliyyətini eyniləşdirən bəyanatlarla kifayətlənmədimi?

Bu baxımdan , Pelosinin Ermənistana etdiyi səfər və səsləndirdiyi bəyanatlar bölgə və onun tərkib hissəsi olan Azərbaycan uğrunda mübarəzədəki oyunçuların əlindəki kartları tam şəkildə açıb ortaya qoydu. Belə olanda dünya ermənilərinə nənəlik etmək missiyasını ezərinə götürən Pelosinin İrəvan səfərinə kədərlənmək yox, əksinə sevinmək lazımdır.

Məhəmmədəli Qəribli,

Azinforum.az

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …