Bazar , Yanvar 24 2021
Ana səhifə / Manşet / Paşinyan Naxçıvanda 11 min hektar mövqe itirdiklərini etiraf etdi – “bunlar məndən qabaq fevralda baş verib”

Paşinyan Naxçıvanda 11 min hektar mövqe itirdiklərini etiraf etdi – “bunlar məndən qabaq fevralda baş verib”

Məlum olduğu kimi, cari ilin ilk rübündə Azərbaycan Ordusu Naxçıvan istiqamətində ciddi hərbi uğura imza atdı. Şərur rayonunun ərazisində olan Günnüt kəndi və onun ətrafında olan strateji yüksəkliklərə tam nəzarət ordumuzun əlinə keçdi.

Bu əməliyyat nəticəsində Azərbaycan Ordusu 11 min hektar əraziyə nəzarəti ələ keçirdi. Çox maraqlıdır ki, Ermənistan tərəfi bu məlumatları daim təkzib edirdi. Hətta Ermənistanda keçirilən parlament seçkilərinin təbliğat mərhələsində Nikol Paşinyan məhz Naxçıvanla sərhəd istiqamətinə yaxın olan rayonlarda bildirmişdi ki, Azərbaycanın mövqe irəliləyişi həqiqəti əks etdirmir. Ancaq seçki başa çatandan sonra, iki gün əvvəl Paşinyan Azərbaycan Ordusunun Naxçıvandakı uğurunu etiraf etmiş olub. N.Paşinyan Azərbaycan hakimiyyətinin Naxçıvan Muxtar Respublikası və Ermənistan arasındakı sərhəddə 11 min hektarın azad olunması haqda bəyanatını belə şərh edib: “Naxçıvan istiqamətində baş verən mövqe hərəkətlərinin 95%-i fevral-may aylarında olub. Əgər nəsə olubsa da, məhz həmin aylarda olub”. Göründüyü kimi, Paşinyan dolayısı ilə faktı etiraf edir, ancaq öz üzərindən atmağa çalışır və elə tarix deyir ki, onun hakimiyyətə gəlişini əhatə etməsin. Naxçıvan istiqamətindəki məğlubiyyətin Paşinyan tərəfindən etiraf edilməsi erməni təbliğatının növbəti ifşası sayıla bilərmi?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov  “Bakı-Xəbər”ə  bildirdi ki, əslində, Paşinyanın bu cür mövqe sərgiləməsi və belə bir açıqlama ilə çıxış etməsini etiraf da saymaq olar:“Bilirsiniz ki, Naxçıvanda aparılan əməliyyatla bağlı şayiələr dolaşmayıb. Bununla əlaqədar Azərbaycanın rəsmi qurumlarının məlumatları yayılıb. Hətta bu günlərdə ölkə başçısı da ordumuzun Naxçıvandakı uğurlu əməliyyatından danışdı. Bütün bunlar onu deməyə əsas verir ki, məlumatın dəqiq olmasına zərrə qədər də şübhə ola bilməz. Ermənistan həmin məlumatları ilk cəhdən təkzib etməyə çalışdı. Amma özlərini ifşa etdilər. İndə elə zamandır ki, nəyisə yalan söyləmək və ya baş verəni gizli saxlamaq olmaz. Bunun ömrü çox az çəkər. Çünki informasiya texnologiyaları yüksək səviyyədə inkişaf edib. Mənim yaxşı yadımdadır ki, Günnüt kəndi ətrafında aparılan uğurlu əməliyyatdan sonra ermənilərin özləri həmin ətrafdakı kəndlərdən reportaj hazırlayıb vermişdilər, orada təhlükəsizliklərindən narahat olduqlarını bildirirdilər.  Bizim jurnalistlər də həmin ərazidən kifayət qədər reportajlar hazırlayıb”.

Ekspertin sözlərinə görə, bu, elə irihəcmli əməliyyatdır ki, onun ətrafında yalanla manipulyasiya etmək mümkün deyil: “Biz Ermənistandan bu cəhdin necə uğursuz alındığını gördük. Əgər Paşinyanın verdiyi birinci açıqlamanın tarixinə diqqət yetirsək görərik ki, o zamanlar üçün bu cür açıqlama daxili auditoriyaya hesablanmışdı və Ermənistanda gedən proseslər elə həddə idi ki, hər hansı ehtiyatsız söylənmiş fikir ictimai qıcığı gücləndirər və hadisələri sonu məlum olmayan məcraya yönəldə bilərdi.

İndiki halda verilən açıqlamanı isə etirafdan daha çox Paşinyanın öz rəqiblərini küncə sıxmaq cəhdi kimi qəbul etmək doğru olardı. Söylənilən fikirlərdə tarixə nəzər salsaq, Paşinyan məsuliyyəti daha çox özündən əvvəlki hakimiyyətin üzərinə atmış olur ki, bu da mövcud vəziyyətdə onunla keçmiş hakimiyyət arasındakı münasibətləri əks etdirir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Mirkazım Seyidov Şəhidlər Xiyabanını ziyarət edib – VİDEO/FOTOLAR

Böyük Dayaq Partiyası Təşkilat Komitəsinin sədri, tanınmış diapsor lideri Mirkazım Seyidov 20 yanvar – Ümumxalq …