Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Manşet / Partiya sədri: “Mən hansısa deputatın kirayədə qaldığına inanmıram”

Partiya sədri: “Mən hansısa deputatın kirayədə qaldığına inanmıram”

Məlum olduğu kimi, son bir neçə gündə bütün diqqətlər cəbhəyə yönəlib. Səbəbsiz deyil. Çünki yağı düşmən yenidən təxribatlara əl atıb. Bu dəfə cəbhənin Laçın və Kəlbəcər istiqamətində dövlət sərhədimizi pozmağa çalışıb. 

Qısa da olsa, lokal müharibə vəziyyəti hökm sürdü. Ordumuz düşmənə layiqli cavab verdi. Həmin qanlı döyüşlərdə ordumuz 7 şəhid verdi, 10 yaralımız oldu. Bu günlər ərzində sosial şəbəkələrdə yalnız şəhidlərin fotoları, erməniləri lənətləyən, ordumuzu alqış edən postlar daha çox paylaşılırdı. Çox maraqlıdır ki, bizim parlament belə məqamda yığışıb büdcə müzakirəsi aparıb. Başa düşürük, bu da lazımdır. Ancaq belə həlledici məqamda, hər halda, daha öncə sərhədlərimizdəki vəziyyyətin müzakirəsini, ondan çıxış yollarının axtarılmasını planlaşdırmaq olardı. Ən təəccüblüsü isə budur ki, həmin müzakirə zamanı deputatlar özlərinə əlavə imtiyazlar tələb etməkdən belə utanmayıblar. Hətta deputatlardan biri, bəzi millət vəkillərinin evinin olmadığını əsas gətirərək, onlara verilən kirayə haqqının artırılmasını tələb edib. Sən demə, bu kateqoriyadan olan dputatlara dövlət büdcəsindən 220 manat kirayə haqqı da verilirmiş.

Sərhədlərimizdə qanlı döyüşlərin getdiyi, vətəndaşlarımızın şəhid olduğu, yaralandığı bir məqamda millət vəkillərinin belə məzmunda müzakirə aparmasını nə dərəcədə doğru və məntiqli saymaq olar?

  • “…Ermənilər Azərbaycan hərbçilərinə prinsipial müqavimət göstərmək iqtidarından məhrumdur” 

Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunu məntiqsizlik yox, bir eyib kimi qiymətləndirir: “Mən sonuncu parlament seçkilərində namizəd olmuşam. Həmin parlamentin necə formalaşdığını, kimlərin orada təmsil olunduğunu yaxşı bilirəm. Çoxu da özlərini buraxmağa səs verənlərdi ki, yenidən gedib parlamentdə oturublar. Mən düşmən ölkə ilə paralellərin aparılmasının qəti əleyinəyəm. Ancaq sizin dediyiniz tarixdə Ermənistan parlamenti də toplantı keçirib. Görün onlar nəyi müzakirə edib, biz nəyi? Buradan bir daha görünür ki, deputatlar, bəzi məmurlar xalqdan tam ayrı düşüblər. Onların real həyat tərzi ilə xalqın əsas təbəqələrinin yaşayışı arasında ciddi disbalans var. Görün, deputatlar özünə nə tələb edir? Kirayə haqqı. Mən hansısa deputatın kirayədə qaldığına inanmıram. Çünki Azərbayan balaca yerdi, hamı-hamını gözəl tanıyır. Deputaların aldığı əmək haqqı çox yüksəkdir. Niyə onlar buna qane olmurlar ki, hələ kirayə pulu, yaxşı maşın da tələb edirlər? Bu dövlət üçün canını fəda edən, hazırda ehtiyac içində yaşayan adamların səsi çıxmır, bunlar hər gün özlərinə əlavə imtiyaz istəyirlər. Bundan əvvəl xəbər yayıldı ki, Milli Məclisin deputatları öz həyatlarını 103 min 920 manata sığorta edirlər. Hərbçinin həyatını isə cəmi 11 min manata sığorta edirik. Deputatlar niyə hərbçilərlə bağlı məsələni yox, özlərinin “problemlərini” qabardırlar? Dünən bilmişəm ki, şəhidin ailəsinə icra başçısı 2-3 kilo qənd və çay göndərib. Bu nə münasibətdir? Məhz belə anlarda deputatların və məmurların ortaya qoyduğu mövqe bütün dünyadakı azərbaycanlılarda narahatlıq yaradır, qıcıq doğurur. Buna görə də, bu parlementin buraxılıb, yeni seçkilərin keçirilməsini partiya olaraq tələb edirik. İndiki parlament nəyə qadir olduğunu açıb ortaya qoymuş oldu”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …