Çərşənbə axşamı , İyul 5 2022
Ana səhifə / Manşet / Ömürlükdən əfv edilən Şəmsi Səmədzadə islah olubmu?

Ömürlükdən əfv edilən Şəmsi Səmədzadə islah olubmu?

İki gün əvvəl, Prezidentin imzaladığl əfv Sərəncamı ilə ömrlük həbsdən azad edilən iş adamı Şəmsi Səmədzadə ilə bağlı paylaşılan xəbərlər rekord qırır.

Onun Qobustan türməsinin qapısında verdiyi ilk müsahibəsindən bir hissəni “Tik-Tok” kanalımızda paylaşdım. Buyurub statistikaya baxa bilərsiniz. İki günə 800 minə yaxın baxış var. 2300 paylaşım olub, 1400 şərh yazılıb.

Bu iki günə olan statistikadır. Rəqəmlər daha da artacaq və izlənmənin milyonu keçəcəyinə qəti şübhə ola bilməz. Qeyd edim ki, məlum müsahibə digər sosial şəbəkələrdə də baxış rekordu qırır. Müsahibəyə yazılan şərhlərin analizindən sonra bu postu paylaşmağı özümə borc bildim.

Müşahidəm göstərir ki, xəbəri izləyənlərin böyük hissəsi Şəmsi Səmədzadəni tanımır və nəyə görə həbs edildiyini də bilmir. Digər böyük bir qism insan onu məhz Qərbi Azərbaycalı olduğuna görə, sırf regional amillərə əsaslanaraq müdafiə edir və bunu açıq da yazır. Hətta onu regionun igid oğlu, lideri kimi vəsf edənlər də az deyil.

Başqa bir qrup isə onun Zakir Qaralov tərəfindən şərlənərək həbs edildiyi qənaətindədir. Diqqətimi Şəmsi Səmədzadəni az da olsa tənqid edən şərhlər də çəkdi. Bu qismdən olan şərhlərdə yazılır ki, “Rezonans” verilişini izləyəndən sonra, bu adama dərin hörmətimiz vardı, bu müsahibəsini görəndən sonra onun barəsində olan fikirləri tam dəyişib.

Mən Şəmsi Səmədzadənin niyə, hansı ittihamlara görə həbs edildiyini, rəsmi ittihama görə hansı qətlinin sifarişçisi kimi qeyd edildiyini gözəl və detallarına qədər bilirəm. Zakir Qaralovun da xirtdəyə qədər cinayətin içində olduğunu da əminliklə deyə bilərəm. Bu iki şəxsin arasında bir prinsipin yaşandığını da inkar etmirəm.

Ancaq Zakir Qaralov o qədər də böyük ürək və cəsarət sahibi deyildi ki, əslən Qərbi Azərbaycandan olan, Heydər Əliyevin şəxsən tanıdığı bir iş adamını heç nədən şərləyib, ona ömürlük həbs cəzası verdirmək kimi riskə getsin.

Şəmsi bəy türmədə olanda ”Rezonans” verilişinə verdiyi müsahibədə yazıq, zavallı, günahını etiraf edən obrazında, əməlindən peşman kimi danışır. Ancaq əfvdən sonra verdiyi ilk müsahibəsində isə gür-gür güruldayır, daha doğrusu hamıya meydan oxuyurdu, hətta kifayət qədər siyasi məzmunlu bəyanatlar da səsləndirdi.

Onun bir neçə ifadəsinə fikir verək. Deyir ki, o, Zakir Qaralovun sifarişi ilə həbsi edilib. Onu həbsdə olduğu dönəm Heydər Əliyev və İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi perioda təsadüf edir. Əgər bu hadisə Şəmsi bəyin iddia etdiyi kimi olubsa, onda əfv edilən şəxsin sərt ittihamları həm də ölkənin keçmiş və indiki rəhbərliyinə ünvanlanmış olur. Belə çıxır ki, ölkədə bu illər ərzində tam hüquqi “bespredel” olub və rəhbərlik də buna göz yumub.

Sonra deyir ki, ermənilər Qarabağa işğal dönəmində Azərbaycana necə zülm etdilərsə , bunlar da mənim ailəmə elə zülm etdilər. Bunlar, yəni kim? Çox ağlır ittihamdır! Bundan sonra Şəmsi Səmədzadə açıq şəkildə mənsub olduğu regionla bağlı tərifli epitetlər söyləyir, müəyyən adlar çəkirək, az qala özünü bir regionun lideri kimi təqdim edir.

Əminəm ki, Şəmsi Səmədzadənin Prezidentə yazdığı əfv müraciəti çox qısa və lokanik olub. O, bu ərizəni 99 faiz belə yazıb: “Cəbab Prezident, etdiyim cinayət əməlinə görə çox peşmanam, xahiş edirəm məni əfv edəsiniz”. Axı , bu məzmunla verilən ilk müsahibədəki pafoz qətiyyən bir-birinə uyğun gəlmir.

Sizi əmin edirəm ki, bu gün Şəmsi Səmədzadəni hətta onu tanımayan adamların gözündə qəhrəmana çevirən heç də onu mələk kimi günahsiz olmağı yox, özünün və ətrafının maddi imkanıdır. Bu gün ömürlükdə yatanlar içərisində bütün parametrlərinə görə azad olunmağa Şəmsi Səmədzadən qat-qat artığına layiq olan adamlar var. Konkret adlar çəkib, polemikanı qızışdırmaq istəmirəm.

Ancaq onların təbliğ olunmağa, səslərini ölkə rəhbərliyinə çatdırmağa Şəmsi kimi pulları olmadığına görə, azadlıq kimi şirin neməti dada bilmirlər. Mən qətiyyən Şəmsi Səmədzadənin azad olunmasına etiraz etmirəm. Şükür olsun ki, ailəsinin içinə qayıdıb.

Ancaq bilin əfv kimi humanist addımın başlıca parametri şəxsin islah olunduğuna dair rəyin verilməsindən keçir. Özü də Şəmsi kimi məhbusla bağlı bu rəy çox böyük önəm daşıyır. Görünən budur ki, Şəmsi Səmədzadə ilə bağlı bu rəyi kim yazılı və ya şifahi veribsə, yanılıb. Onun ilk bəyanatları bunu deməyə tam əsas verir!

Əminəm ki, onun son müsahibəsi Prezident qabağına qoyulsa, bir çox qaranlıq mətləblərə aydınlıq gələr. Şəmsi Səmədzadənin ilk müsahibəsi mənə sabiq səhiyyə naziri Əli İnsanovun türmədən çıxanda vetdiyi ilk müsahibəni xatırlatdı. Aralarındakı pafos və digər məqamlar çox bənzərdi.

Azərbaycan praktikasında görmüşük ki, belə kateqoriyadan olan adamlar əfvdən sonra kameralar önündə çox az danışır. Nitqin də məzmunu adətən belə olur: “ Bu humanist addıma görə , cənab Prezidentə minnətdatam”. Sonra da gedib Ümumilli Liderin məzarını ziyarət edir. Özü də bu müsahibə ənənəvi televiya kanallarının kameraları önündə veriıir.

Şəmsi bəy həmin televiziyalara deyilən məzmunda müsahibə verib çıxandan sonra isə ona tam başqa kameralar tuşlanmışdı və o, həmin kameralar önündə daha çox və səmimi danışdı. Hətta deyərdim ki, üstündən sükutla keçdiyimiz bir çox lazımsız fikirlər də işlətdi. Allah bir də yolunu oralara salmasın, doğmalarının gözü aydın olsun!

Məhəmmədəli Qəribli

Həmçinin oxuyun

Partiya sədri: “Ya yeni müharibə yaxındadır, ya da Naxçıvan muxtariyyəti ləğv ediləcək”

“Ölkənin quru sərhədlərin tam bağlanmasının hələlik ancaq iki mümkün səbəbini görürəm: ya yeni müharibə yaxındadır, …