Şənbə , Fevral 27 2021
Ana səhifə / Manşet / “Ölkə başçısı son çıxışı ilə sübut etdi ki, Şuşanın gələcəyi də əmin əllərdədi”

“Ölkə başçısı son çıxışı ilə sübut etdi ki, Şuşanın gələcəyi də əmin əllərdədi”

Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) tərəfindən Şuşada tikiləcək məktəbin layihəsi ən qısa zamanda tam hazır olacaq. Bunu Bakıda səfərdə olan MHP sədrinin müavini Mevlüt Karakaya mətbuat üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, hazırda məktəbin layihəsi üzərində işlər davam etdirilir: “Bu gün Bakıda bir neçə məktəbi gəzdik. Təhsil naziri ilə görüşümüz zamanı müəyyən qeydlər apardıq. Bu qeydləri məktəbin layihələndirilməsi zamanı nəzərə alacağıq. Məktəbin layihəsi ən qısa zamanda hazır olacaq. Şuşanın atmosferinə uyğun bir şəkildə məktəb tikiləcək”.

Qeyd edək ki, Şuşada aparılacaq yenidənqurma işlərinin çox həssaslıqla və qədim şəhərin atmosferinə uyğun aparılacağı ilə bağlı fikri Prezident İlham Əliyev verdiyyi son müsahibəsində bildirib: “…Şuşanın ərazisinin ölçüsü 300 hektardır. Mən qoymamışam ki, bir dənə daş daş üstə qoyulsun. Çünki birinci təhlil aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik, necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm, mütəxəssislər deməlidir, biz indi cəlb etmişik. Misal üçün, Xurşidbanu Natəvanın sarayı necə bərpa edilməlidir? Çünki onun bir divarı var, qalan divarlar uçub. Hansı formada o bərpa edilməlidir? Onu yenidənmi eyni stildə qalan o uçan hissəsi tikilməlidir, yaxud da ki, elə formada tikilməlidir ki, oraya gələn görsün ki, bax bu, buradan dağılıb, oradan sökülüb. Bu suala mənim cavabım yoxdur, çünki mən mütəxəssis deyiləm və indi müxtəlif şirkətlər, yerli, xarici şirkətlər məşğul olurlar artıq bu işlərlə. Şuşada biz ancaq və ancaq tarixi binaları bərpa etməliyik, mən belə hesab edirəm. Ondan sonra “xruşşovkalar”la bağlı, indi qabaqlamaq istəmirəm, mənim fikrim var ki, onların bir çoxu oradan yığışdırılmalıdır. Onların yerində, yəqin ki, müasir 4-5 mərtəbəli yaşayış binaları tikilməlidir, ancaq yenə də mən sadəcə olaraq öz fikirlərimi bölüşürəm, amma necə olacaq, onu mütəxəssislər deyəcək, memarlar, tarixçilər, şuşalılar özləri, onlar necə bu şəhəri görmək istəyirlər, çünki bu onların şəhəridir. Yoxsa bütün bunlar, işlər, bu işlər kənarda qala-qala biri durur ki, mən filial açıram, biri deyir ki, mən zastava açıram, biri deyir ki, mən fövqəladə hallar açıram. Vallah, adam söz tapmır. Mən söz tapmışam, onlara elə söz demişəm ki, onlar o sözü unutmayacaqlar. Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa işləri ilə bağlı görüləcək işlərə mütləq ictimai nəzarət olmalıdır. Olmasa, bax bilin, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək. Mən indi o biri məsələni də demək istəyirəm. Mən indi müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər dikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı şəkildə və əsaslı şəkildədir. Mən əminəm ki, buna biz nail olacağıq. Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma eyni zamanda elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin”.

Göründüyü kimi, MHP rəsmisi də tikəcəkləri məktəbi Şuşanın ruhuna uyğun şəkildə  layihələndirəcəklərinə söz verib. Demək olar ki, Şuşa ilə bağlı aparılan yenidəqurma işləri Prezidentin müəyyənləşdirdiyi tezis üzrə aparılacaq.

Əslən Şuşadan olan tarixçi alim Səyyar Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, cənab Prezidentin Şuşa ilə bağlı etdiyi çıxış onda və bütün şuşalılarda böyük qürur hissi yaradıb: “Şuşa çox qədim və özünəməxsus füsünkarlığı ilə seçilən şəhərdir. Onun ruhunu incitmək olmaz. Gördünüz ki, o 28 il işğalda qalsa da, öz əzəmətini itirmədi. Mən inamıram ki, ölkə başçısı “Əziz Şuşa, sən azadsan” deyəndə, əslən Şuşadan olan kimsə ağlamadı. Ölkə başçısı son çıxışı ilə sübut etdi ki, Şuşanın gələcəyi də əmin əllərdədi. Orada qoyulacaq hər bir daşa belə nəzarət var. Təbiidir ki, Şuşa hamı üçün əzizdir. Ancaq onun da imkanları məhduddur. Elə etməliyik ki, şəhərimiz tarixi gözəlliyini itirməsin. Mən çox rahatam ki, artıq bu məsələ birbaşa ölkə başçısının nəzarətindədir. Biz kortəbii şəhərsalmanın törətdiyi fəsadları görürük. Tarixi şəhərimizlə bağlı bunu təkrar edə bilmərik. Əminəm ki, Şuşa bütün dünyanın diqqət mərkəzində olacaq. Böyük turist axını həmin şəhərə olacaqsa, biz ikiqat məsuliyyətli olmalıyıq. Türkiyənin MHP-sinin Şuşada məktəb tikmək istəyi normal təşəbbüsdür. Çox sevindiricidir ki, partiyanın rəsmisi məktəbin tikintisinin Şuşanın atmosferinə uyğun aparılacağı ilə bağlı fikir bildirib. Bu bir daha sübut edir ki, cənab Prezidentin  Şuşa ilə bağlı tövsiyələri  hamı tərəfindən nəzərə alınır”.

Alimin sözlərinə görə, yaxın zamanda hamımız Şuşanın əzmətini öz gözlərimizlə seyr edəcəyik: “Tələskənlik lazım deyil. Hər şey plana uyğun aparılır”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Prezident Ermənistandakı hadisələrə münasibət bildirdi

Bu gün Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük …