Cümə , Noyabr 27 2020
Ana səhifə / Manşet / “Oliqarxlar gizlicə islahat prosesini sabotaj etməyə çalışırlar” – Elxan Şükürlü

“Oliqarxlar gizlicə islahat prosesini sabotaj etməyə çalışırlar” – Elxan Şükürlü

Elxan Şükürlü: “Onlar özləri ortaya çıxmayacaqlar, ancaq gizlicə hakimiyyətə müxalif partiyalarla separat danışıqlara, sövdələşmələrə, informasiya və maliyyə ötürmələrinə başlayacaqlar”

“Hakimiyyətdəki kadr əvəzləmələri və yerdəyişmələri Prezident İlham Əliyevin 2016-cı ildə Konstitusiyaya edilmiş dəyişikliklərlə başlatdığı, 2018-ci ilin Prezident seçkiləri ilə davam etdirdiyi reformalar strategiyasının ən önəmli tərkib hissəsidir və daxildən, kənardan nə qədər müqavimətlə qarşılansa da, sistemli və ardıcıl xarakter daşıyır”.Bu fikirləri AYNA-ya açıqlamasında Strateq.az saytının rəhbəri, politoloq Elxan Şükürlü deyib.

O, hesab edir ki, neft gəlirlərinin 2014-cü ildən aşağı düşməsi iqtisadiyyatı neftdən asılı olan Azərbaycanda sürətli islahatların aparılmasını zəruri etsə də, ölkənin Qarabağ kimi probleminin varlığı hakimiyyəti bu islahatları tədrici və daha ehtiyatlı ssenarilərlə həyata keçirməyə vadar edib.

Prezident İlham Əliyev yaxşı başa düşür ki, 1993-2003-cü illərdə atasının, 2003-cü ildən bəri isə özünün prezidentliyinin Azərbaycan xalqının tarixi yaddaşında daim xoş ovqatla xatırlanması, qalıcı olması üçün ölkənin qarşısında duran bir nömrəli problemi – Qarabağ məsələsini Azərbaycanın maraqlarına uyğun şəkildə həll etməlidir. Ancaq bu, qısa zamanda həll ediləcək problem deyil və əlverişli geopolitik şəraitin yetişməsini gözləmək, məhz həmin andan yararlanmaq gərəkdir. Bu müddətdə isə kənar müdaxilələrlə görülən işlərin yarımçıq qalmaması üçün hakimiyyətdə qalıcılığın olması təmin edilməlidir. Çünki qəfil hakimiyyət dəyişikliyi həm indiyədək görülən işləri yarımçıq qoyar, həm də təzə hakimiyyət bütün təqsirləri, o cümlədən Qarabağla bağlı hansısa arzolunmaz şərtlərlə sülh müqaviləsinin imzalanmasının gərəkliliyini köhnə hakimiyyətin üzərinə yıxar”, – deyə ekspert bildirib.

E.Şükürlünün fikrincə, 2016-cı ilin aprel hadisələrindən dərhal sonra Konstitusiyaya dəyişikliklərin ortaya çıxması da, məhz Prezident İlham Əliyevin Qarabağla bağlı strategiyasında ləngimə olmaması üçün daxildə sürətli islahatlara başlamaq zərurətindən qaynaqlanıb: “Bilirsiniz ki, yeni Konstitusiya ilə həm Prezident səlahiyyətləri 5 ildən 7 ilə qaldırıldı, həm də icra hakimiyyətini gücləndirmək məqsədiylə yeni təsisat olan vitse-prezidentlik institutu yaradıldı. Bununla Prezident İlham Əliyev bir tərəfdən xarici güclərin ölkənin daxilində seçki dövrünə planlaşdırdıqları ssenariləri pozmuş oldu, o biri tərəfdən də yeni Konstitusiyanın qəbulu ilə ölkədə sürətli islahatlara başlamaq üçün, bir növ əlverişli hüquqi baza əldə etdi”.

“Prezident İlham Əliyevin Birinci vitse-prezident vəzifəsinə həyat yoldaşı Mehriban Əliyevanı gətirməsi və hakimiyyət komandasında son 1 il içərisində ciddi kadr dəyişikliklərinə başlaması isə, aparacağı islahatları xaricdən asılı oliqarxiyanın müxalifətlə birləşərək sabotaj etmək risklərini önləmək məqsədi daşıyır. Qərb dünyası müsəlman Şərqində qadın liderin varlığına və hakimiyyətdə təmsilçiliyinə islahatlara başlamaq üçün çox böyük üstünlük kimi baxır. Biz Pakistanda Benəzir Buhutto və Türkiyədə Tansu Çillər nümunəsində Qərb dünyasının bu ölkələrdə islahatlara necə böyük ümidlə yanaşdığını, ancaq daxildən onlara qarşı necə bir müqavimətin təşkil edildiyini də yaxşı görmüşük. İndi Prezident İlham Əliyev də ölkə içində və xaricdə islahatçı imici ilə tanınan, həyat yoldaşı Mehriban Əliyevanı Birinci vitse-prezident təyin etməklə və tədricən dövlət aparatında onun islahatçı komandasının mövqeyini gücləndirməklə, faktiki olaraq, bir tərəfdən hakimiyyətin qalıcılığını təmin etmiş olur, kənar güclərin müdaxiləsini önləyir, o biri tərəfdən də Qərbə mesaj vermiş olur ki, o, islahat aparmaq istəyində tam səmimidir”, – politoloq vurğulayıb.

“Fikir verirsinizsə, dəyişdirilən kadrların əksəriyyəti sovet nomenklaturasının, sovet idarəetməsinin ən təcrübəli təmsilçiləridir. Bu kadrlar yeni dövrlə, müasir tələblərlə ayaqlaşa bilmirlər. Zaman isə bizdən daha çevik idarəetmə tələb edir. Ancaq, dediyim kimi, tarixi təcrübə göstərir ki, islahatlar həmişə içdən müqavimətlə qarşılaşır. Əvvəlki mövqe və imtiyazlarının itirilməsiylə barışmayanlar əlaltdan, gizlicə islahat prosesini sabotaj etməyə çalışırlar. Diqqət yetirdinizsə, Prezident İlham Əliyev son iqtisadi müşavirədə bunu açıq şəkildə dilə gətirdi. Odur ki, biz bundan sonra da oliqarxiyanın Prezidentin islahat siyasətini sabotaj etməyə cəhd göstərəcəyini gözləməliyik. Böyük ehtimalla, onlar özləri ortaya çıxmayacaqlar, ancaq gizlicə hakimiyyətə müxalif partiyalarla separat danışıqlara, sövdələşmələrə, informasiya və maliyyə ötürmələrinə başlayacaqlar. Hesab edirəm ki, Milli Şuranın bu ilin əvvəlindən – yanvar ayının 19-dan üzübəri başlatdığı aksiyalar, yeni müxalif hərəkatların yaranması və s. buna hesablanıb”, – o, qeyd edib.

Şükürlünün qənaətincə, islahatları sabotaj cəhdlərinin bundan sonra güclənmək riski böyük olsa da, İlham Əliyev geri çəkilməyəcək: “Prezidentin son çıxışları açıq göstərir ki, o, təhlükələrin bütün istiqamətlərini və mənbələrini bilir, qətiyyən də geri çəkilmək niyyətində deyil, əksinə, başlatdığı prosesi tamamlamaq əzmindədir. Üstəlik, bu ilin iyunun 20-də Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyindəki qəfil dəyişikliklərlə, faktiki olaraq, güc strukturlarını daha da gücləndirib, belə demək olarsa, islahatları sabotaj etmək istəyənlərin zərərsizləşdirilməsi üçün önləyici tədbirlər alınıb”.

“Kimsə başqa fikrə düşəcəksə, qarşısı anında qətiyyətlə alınacaq. Hətta mən hesab edirəm ki, Milli Şuranın 19 oktyabrdakı icazəsiz aksiyasına polisin sərt münasibəti həm də bununla bağlı idi…“- deyə Şükürlü bildirib

Həmçinin oxuyun

Məşhur iş adamının “Karmen”i yenə aranı qatdı – Şirkəti ermənilərə un göndərib?

Sabiq deputat, tanınmış iş adamı Əsabil Qasımovun adı yenidən mətbuatın gündəmindədir. Bu dəfə onun adı …