Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Oğlu polisdən və Akademiyadan xaric olunan ata nazir Vilayət Eyvazova müraciət etdi

Oğlu polisdən və Akademiyadan xaric olunan ata nazir Vilayət Eyvazova müraciət etdi

Əslən Naxçıvan MR-in Şərur rayonunun Siyaqut kəndindən olan – Talıbov Asəf Bahadur oğlu Azinforum.az vasitəsilə daxili işlər naziri cənab Vilayət Eyvazova müraciət edərək, oğlunun rastlaşdığı haqsızlıqdan danışıb və xahiş edib ki, bu işə əncam çəkilməsində ona köməklik edilsin:


“1990-cı ildə Sədərək döyüşlərinin iştirakçısı olmuşam. 29.11. 1985-ci il doğumlu oğlum – Talıbov Orxan Asəf oğlu keçmiş polis işçisi olub. 2005 -ci ildə polis orqanlarına qəbul edilib. 2012-ci ildə nümunəvi xidmətinə görə Polis Akademiyasına göndərilib.

Nizami Rayon Polis İdarəsin post – patrul xidmətində işləyib. 2016-cı ildə ictimai asaişi pozduğuna görə bir nəfəri saxlayaraq, barəsində tədbir görülməsi üçün 23-cü polis bölməsinə aparıb. Aparılan araşdırmadan sonra, həmin vaxt bölmənin rəisi işləyən Nəsib Məmmədov oğlumun təqdim etdiyi şəxsi buraxıb. Bu işdən həmin vaxt Nizami Polis İdarəsinin rəisi olan Nöfəl Məhərrəmovun da məlumatı olub.

Sən demə, oğlumun bölməyə gətirdiyi adam polis işçisi olub. Sonra həmin adam şikayət edib ki, onu bölmədən rüşvət müqabilində buraxıblar. Ancaq maraqlıdır ki, bu yöndə aparılan araşdırmaların sonunda həmin adamı buraxmaq səlahiyyəti olan bölmə rəisi Nəsib Məmmədov deyil, mənim oğlum cəzalandırılıb.
Onu “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” maddəsi ilə işdən və eyni zamanda oxuduğu Polis Akademiyasından xaric ediblər.

Bütün bu yaşananlar, mənim arzularımı puç edib. Səhətimə ağır təsir göstərib. Hazırda ağır yataq xəstəsiyəm. Oğlum ailəlidir, onu heç yerdə işə götürmürlər. Cənab nazirdən xahiş edirəm ki, məni qəbul etsin. Əminəm ki, bu iş nazirə olduğu kimi məruzə edilsə, haqq-ədalət öz yerini tapar, nəticədə oğlum işinə bərpa olunar və təhsilini davam etdirər”.

Azinforum.az olaraq bu mövzuya aydınlıq gətirmək üçün , DİN Mətbuat Xidməti ilə əlaqə saxladıq. Bizə bildirdilər ki, belə hallarla bağlı şikayətlərin araşdırılma müddəti 5 ildir. Ümidvarıq ki, cənab nazir müstəsna hal kimi bu işi öz nəzarətinə götürüb, onun obyektiv araşdırılmasını təmin edəcək.

Azinforum.az

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …