Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / “Necə vermişəm, elə də tapıb balamı mənə qaytarsınlar…” – Video

“Necə vermişəm, elə də tapıb balamı mənə qaytarsınlar…” – Video

“Bizə balalarımızı versinlər, necə balamı vətən üçün vermişəm, vətən oğullarımızı, mənim balamı da tapıb mənə versinlər. Balam məni çox yandırır”.
Bunu Naxçıvanda itkin düşdükdən sonra ötən gün Ermənistanda saxlanılan ikinci Azərbaycan əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundova Toplum TV-yə deyib.
Ş.Axundova oğlu barədə bir xəbər almaq ümidilə gözlədiyini deyib:
“Müdafiə Nazirliyinə, Qızıl Aypara Cəmiyyətinə müraciət etmişik. Hər iki oğlanın atası Naxçıvana gedib. Deyirlər, gözləyin. Amma mən anayam, məni heç kim başa düşmür ki, mən 6-7 gündür gözləyirəm. Mənə heç olmasa, bir kəlmə ipucu versinlər ki, o uşaq hardadır, necədir, sağdırmı, yaşayırmı? Bəlkə, mənim uşağımın başına nəsə gəlib. Mən anayam, bilməliyəm, buna haqqım var. Mən öz əlimlə əsgərliyə övlad göndərmişəm”.
Hüseyn Axundov Mehdiabad qəsəbəsində yerləşən evlərində doğulub. Anası deyib ki, övladlarını qonşuların etdiyi yardımlar hesabına böyüdə bilib:
“Mən çox çətinliklə, bu daxmanın içində qonşuların, yaxşı insanların yardımı ilə böyütmüşəm. 11 ildə bu dörd uşağı hansı əziyyətlə böyütmüşəm bütün qonşular bilir”.

Qeyd edək ki, 13 aprel tarixində sosial şəbəkələrdə Hüseyn Axundovun işgəncə altında olduğunu əks etdirən foto və videolar yayılıb. Ermənistan Müdafiə Nazirliyi itkin hərbçilər Aqşin Bəbirovun 10, Hüseyn Axundovun isə 13 aprel tarixində əsir götürüldüklərini təsdiqləyib.

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …