Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Manşet / “ Naxçıvanlıları qovurlar”ı tirajlamaqla sanki içlərində hansısa bir acığı çıxarmağa çalışırlar…

“ Naxçıvanlıları qovurlar”ı tirajlamaqla sanki içlərində hansısa bir acığı çıxarmağa çalışırlar…

Bir neçə gündür ki, guya naxçıvanlıların İstanbuldan kütləvi deportasiya olunduğu ilə bağlı yalan məlumatlar tirajlanır. Məlumatın ilkin mənbəyini araşdırdıqda məlum olur ki, həmin informasiya heç bir konkret qaynağa əsaslanmır, sadəcə, fərziyə kimi ortaya atılıb.

Məsələnin ən maraqlı aspekti isə budur ki, bəzi saytlar həmin məlumatı belə başlıqla veriblər: “Naxçıvanlıları Türkiyədən kütləvi şəkildə qovdular”. Gəlin bir anlıq götürək ki, məlumat doğrudur. Bizim media öz vətəndaşını niyə bu şəkildə aşağılamalıdır? Əslində, müdafiəsinə qalxmalı olduğu vətəndaşına “qovdular” deməklə, sanki buna sevindiyi ilə bağlı mövqe ortaya qoymuş olurlar.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi azərbaycanlıların qardaş ölkədən kollektiv şəkildə deport edilməsi xəbərlərinə aydınlıq gətirib. TC-nin Bakıdakı Səfirliyinin Mətbuat Müşavirliyindən bununla bağlı “Bakı Xəbər”ə göndərilən açıqlamada deyilir: “Bəzi xəbər saytlarında Türkiyədə qeyri-leqal şəraitdə yaşayan Azərbaycan vətəndaşlarının kollektiv şəkildə deport edilməyə başlandığına dair xəbərlər dərc olunub. Həmin xəbərlər həqiqəti əks etdirmir.

Türkiyədə yaşayan azərbaycanlıların problemləri məsələsi iki gün əvvəl Vitse-prezident cənab Fuat Oktay və Baş nazir cənab Novruz Məmmədovun sədrliyilə keçirilən Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasında da müzakirə edilib və problemlərin həlli istiqamətində lazımi addımların atılması qərara alınıb”.

Naxçıvanlıların Türkiyədən kütləvi şəkildə qovulmaları ilə bağlı dezinformasiyanın yayılması hansı məqəsədlərə xidmət edə bilər?

  • Samir Adıgözəlli: “Yaxşı olardı ki, bəzi jurnalistlər sensasiya naminə belə həssas məsələ ilə manipulyasiya etməsinlər”

Əslən Naxçıvandan olan diaspor fəalı Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  şəxsən bu məlumatla maraqlanıb: “Bu xəbəri eşidən kimi narahat oldum. Türkiyə ilə bizim  yaxın münasibətlərimiz var. İstanbuldakı dostlara, orada yaşayan naxçıvanlılara zəng vurub maraqlandım. Belə bir halın olmadığını dedilər. Ən maraqlısı isə budur ki, bu məsələdə naxçıvanlılar ifadəsi xüsusilə qabardılır. Sanki belə təəssürat yaratmağa çalışırlar ki, guya naxçıvanlılara Türkiyədə Azərbaycanın digər regionlarından fərqli olan münasibət var. Türkiyə ilə bizim qardaşlıq münasibətimiz var və buna heç kim xələl gətirə bilməz. Təbii, bu, heç bir ölkənin vətəndaşına əsas vermir ki, qardaş ölkədə qanunları pozsun. Belə elementlərin olmayacağına isə kimsə zəmanət verə bilməz. Yəni ayri-ayrı qanunu pozan şəxslərə qarşı tətbiq edilən hər hansı qanuni tələbi kütləvi şəkildə bir regionun və ya ölkənin vətəndaşlarına şamil edə bilmərik. Bunu sırf təxribat xarakterli məlumat sayıram. Türkiyənin səfiri də belə məlumatların dezinformasiya olduğunu rəsmən bəyan etdi. Naxçıvanla da əlaqə saxlamışam, orada da kütləvi deportasiyanın olduğunu inkar edirlər. Yaxşı olardı ki, bəzi jurnalistlər sensasiya naminə belə  həssas məsələ ilə manipulyasiya etməsinlər”.

Samir Adıgözəllinin sözlərinə görə, heç bir əsası olmayan yalan məlumatın yazılıb tirajlanması əlbəttə ki, jurnalist əxlaqı ilə daban-dabana ziddir. Amma burada təəssüf doğuran daha ciddi məqam var. Belə bir başlıqla xəbər yaymaq hansı milli vicdana sığır? Bir media mənsubu necə ola bilər ki, öz ölkəsinə, öz xalqına qarşı bu qədər qərəzli olsun. Görəsən bu başlığı qoyub bəh-bəhlə paylaşanlar azərbaycanlı adını daşımaqdan heç utanc hiss etdilərmi? Azərbaycandan da türk vətəndaşı deport olunub və oluna bilər. Amma bunu hansısa türk xəbər saytı “iğdırlıları, qarslıları və s. Azərbaycandan kütləvi surətdə qovurlar” başlıqlı yazı dərc etməz. Türkiyə hökuməti tərəfindən tam qanuni şəkildə oturum icazəsi olmayan hansısa əcnəbi vətəndaşı (nəinki Azərbaycan vətəndaşı) deportasiya edilir. Deportasiya edilən Azərbaycan vətəndaşları Naxçıvanla sərhəd olan “Dilucu” keçid məntəqəsindən yola salınır. Bundan sonra belə bir mənzərə yaranır ki, deportasiya olunanların hamısı Naxçıvan sakinidir. Halbuki onların içərisindən digər bölgələrimizdən olan vətəndaşlarımız da var. Bu məsələnin bir tərəfi. Digər tərəfdən vətəndaşlarımızı müvəqqəti yaşadıqları ölkələrdə həmin ölkənin qanunlarına hörmət edib, sənədləşmə məsələlərində məsuliyyətli olmağa çağırmalıyıq. Azərbaycana və onun milli maraqlarına qarşı düşmən informasiya maşını onsuz da gecə-gündüz çalışır. Bir tərəfdən də öz içərimizdə bəzi xəbər portallarının qarayaxma kompaniyası aparması ciddi narahatçılıq doğurur. Düşmən mediası durmadan yalan ixrac edir. Amma bizim kor tikanlar “ naxçıvanlıları qovurlar”ı tirajlamaqla sanki içlərində hansısa bir acığı çıxarmağa çalışırlar. Sizə müraciətim, gəlin mediamızın kor tikanı olmayın”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

İSBAM Türkiyədə Müstəqillik gününü qeyd etdı – Fotolar

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Türkiyənin Kocaeli …