Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Manşet / Naxçıvanda səlahiyyətlər toqquşurmu?

Naxçıvanda səlahiyyətlər toqquşurmu?

Dekabrın 22-də dövlət başçısı İlham Əliyev Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında fərman imzalayıb. Digər sərəncam ilə Naxçıvan MR-da Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. MR Ali Məclisinin sədri vəzifəsi isə, hələlik, boşdur.

Dekabrın 21-də Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbovun istefası qəbul edilib.

Naxçıvan MR-da Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnaməsinə görə, onun işi ərazidə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirməkdir.

Prezidenti Administrasiyasının rəhbəri: Məqsəd…

Dekabrın 23-də Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev də Naxçıvan MR-da səlahiyyətli nümayəndə Fuad Nəcəflini təqdim edərkən yeni sərəncamın məqsədindən danışıb.

AZƏRTAC-ın xəbərinə görə, o bildirib ki, MR-da Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində qurulması, iqtisadi, sosial… məsələlərin operativ və səmərəli həlli məqsədi daşıyır.

“Konstitusion dəyişiklikləri zəruri edəcəksə…”

Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Hikmət Babaoğlu da “Turan”a bildirib ki, Azərbaycanda idarəetmənin yeni optimal və səmərəli üsulları tətbiq olunur: “Azərbaycan Prezidentinin nümayəndəsi institutunun tətbiq olunması təcrübəsini biz artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında görmüşük”.

Onun deməsinə görə, bu, artıq müsbət nəticələrini verən yeni bir idarəetmə modelidir: “İndiki vəziyyətdə səlahiyyətli nümayəndənin təyin olunması heç bir digər strukturla paralellik yaratmır. Məsələn, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müvafiq rayon icra hakimiyyətləri qalır, amma eyni zamanda Prezidentinin xüsusi nümayəndəliyi də fəaliyyət göstərir”.

Deputatın sözlərinə görə, Naxçıvanda prezidentin səlahiyyətli nümayəndəsinin təyin olunması da belə deməyə əsas verir ki, bu təcrübə daha da genişlənəcək: “Nəticə etibarilə yeni idarəetmə modelinin tətbiqi hansısa konstitusion dəyişiklikləri zəruri edəcəksə, bu addımlar da atıla bilər. Ona görə də müəyyən hüquqi əsaslarla bağlı yeni qaydaların müəyyənləşdirilməsi və Azərbaycanın inzibati vahidinə aid status dəyişikliyinin olunması sırf hüquqi hadisə olacaq”.

30 il əvvəl

30 il əvvəl isə Azərbaycanda tam əks proseslər baş verib. Onda Azərbaycan Prezidenti Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy, Naxçıvan MR Ali Məclisinin sədri isə hazırkı Prezident İlham Əliyevin atası Heydər Əliyev olub.

1992-ci ildə Azərbaycan Respublikasının rəhbərliyi Naxçıvan Daxili İşlər naziri vəzifəsinə Siyavuş Mustafayev adlı xalq hərəkatı fəallarından birini təyin etmişdi. Amma Naxçıvan Ali Məclisi bu təyinatı təsdiqləmədi. S.Mustafayev sonradan qısa bir dönəm nazir müavini kimi fəaliyyət göstərə bildi. O vaxt bu olaylar Bakı ilə Naxçıvan arasında bir xeyli gərginliyə də səbəb olmuşdu.

“Konstitusiyaya uyğun deyil”

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov AzadlıqRadiosuna bildirib ki, operativlik baxımından indi belə bir sərəncamın (nümayəndənin təyin edilməsi) verilməsini normal saymaq olar: “O baxımdan ki, hər hansı regionda problem varsa, onu daha operativ həll etmək vacibdir”.

Ancaq hüquqşünasın fikrincə, bütün proseslər məhz Konstitusiyaya uyğun qaydada aparılmalıdır: “Naxçıvanda Prezidentinin səlahiyyətli nümayəndəliyinin yaradılması Konstitusiyaya uyğun deyil. Əvvəl digər bölgələrdə Prezidentinin xüsusi nümayəndəlikləri yaradılmışdı. Belə bir institut da Konstitusiyada nəzərdə tutulmurdu. Yəni, icra hakimiyyəti sistemində xüsusi və səlahiyyətli nümayəndəlik tipli qurumların yaradılması Konstitusiyada nəzərdə tutulmurdu”.

“Burada səlahiyyət toqquşması var”

H.Hacıyev bununla belə xatırladıb ki, həm Səlahiyyətli nümayəndəlik haqqında Əsasnamənin təsdiqlənməsi ilə bağlı fərman, həm də səlahiyyətli nümayəndənin təyin edilməsi barədə sərəncam Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndi ilə əsaslandırılır: “Həmin maddədə göstərilir ki, Azərbaycan Prezidenti qanunverici və məhkəmə hakimiyyətlərinin səlahiyyətlərinə daxil olmayan digər məsələləri icra qaydasında həll edir. Səlahiyyətli nümayəndəliyin yaradılması, bu maddədə göstərildiyi kimi, icra qaydasında deyil, artıq Konstitusiyaya zidd məqamların ortaya çıxarılması ilə həyata keçirilir”.

O vurğulayıb ki, səlahiyyətli nümayəndə Naxçıvan Ali Məclisinin sədri kimi MR-da ali vəzifəli şəxsi əvəzləmir: “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında göstərilir ki, ali vəzifəli şəxs olan Ali Məclisinin sədri dövlət orqanlarının fəaliyyətini koordinasiya edir. Fərmanla isə məhz səlahiyyətli nümayəndənin vəzifə səlahiyyətlərinə daxil olan məsələ dövlət orqanlarının fəaliyyətini koordinasiya etməkdir. Yəni, burada səlahiyyət toqquşması var”.

Həmçinin oxuyun

Vasif Talıbovun general qohumu siyasi partiya funksionerinə necə “atıb”?- Video

Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun yüksək vəzifədə işləyən yaxın qohumlarının əməllərindən zərər çəkən çoxlu sayda …