Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Naxçıvanda həbs edilən sabiq nazirin DİN-də işgəncə cinayətləri də araşdırılacaqmı…

Naxçıvanda həbs edilən sabiq nazirin DİN-də işgəncə cinayətləri də araşdırılacaqmı…

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri general-leytenant Əhməd Əhmədov və muxtar respublikanın təhsil naziri olmuş Məmməd Qəribov saxlanılıb. Onların külli miqdarda dövlət vəsaitini mənimsəmədə ittiham olunduğu bildirilir.  Verilən rəsmi məlumatda bildirilir ki, Ə.Əhmədov mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.   

Əhməd Əhmədov 1969-cu ildə Şərurun Tumaslı kəndində anadan olub. 1996-cı ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1990-cı ildən daxili işlər orqanlarında xidmət edir. 1997-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi vəzifəsinə təyin edilib, 2000-ci ildə Naxçıvan Şəhər Polis Şöbəsinin rəis müavini vəzifəsinə irəli çəkilib. 2000-ci ilin iyununda Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib. 2004-cü ildə general-mayor, 2015-ci ildə general-leytenant rütbəsi alıb. 2017-ci ilin iyununda isə nazir vəzifəsindən çıxarılıb. Əhməd Əhmədov nazir olduğu dönəmdə  qalmaqallı fiqur kimi tanınıb. Ölkə mətbuatında onun qanunsuz əməllərilə bağlı kifayət qədər tənqidi materiallar dərc edilib. Onun DİN-də bir çox şəxslərə işgəncələr verdiyi, hətta həmin işgəncələrin nəticəsində dünyasını dəyişənlərin olduğu da bildirilir. Muxtar respublikanın sabiq təhsil nazirinə gəlincə, o da 2018-ci ilin iyununda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun müvafiq fərmanı ilə vəzifəsindən azad edilib. İşdən çıxarıldıqdan sonra Bakıya köçüb. Bu personanın da fəaliyyəti dönəmi ilə bağlı kifayət qədər qanunsuzluqların olduğu bildirilir.  Hazırda mənimsəmədə ittiham olunan nazirlərin fəaliyyətləri dönəmində yol verdikləri başqa qanunsuzluqların ətrafında  da  hüquqi araşdırma aparılmalıdırmı?

Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bir polis generalının həbsi onda dərin təəssüf hissi yaradır: “Siz bilirsinizmi, dövlət bir general yetişdirmək üçün nə qədər maddi vəsait və zaman sərf edir? Belə ali rütbələr birbaşa  Prezidentin imzası ilə təqdim olunur. İndi görün ki, belə yüksək etimada necə laqeyd yanaşan adamalar var. Təəssüf ki,  general mundiri geyinən bəziləri ciddi məsuliyyət hiss etmirlər. Bunun da nəticəsində ictimai rəydə çaşqınlıq yaranır. Tarixə boylansaq görərik ki, Naxçıvanda DİN-ə çox şərəfli polislər rəhbərlik edib. Əhməd Əhmədov öz əməli ilə həm də qurumun adına xələl gətirmiş olur. Mən bilirdim ki, Əhməd Əhmədov generala layiq adam deyil. Generalın həbs edilməsi qeyri-adi görünməməlidir. Bu, bir daha Azərbaycanın hüquqi dövlət olduğunu şərtləndirir. Dünən generalydın, bu gün gəl etdiklərinə cavab ver. Prezidentin etimadını doğrultmayan istənilən şəxsin aqibəti belə olmalıdır. Əslində belə həbslər başqa nazirlər üçün də görk olmalıdır. İstənilən növ cinayət törətmiş şəxsin polisdə incidilməsi, ona işgəncə verilməsi əməlin  adı da cinayətdir. İstintaqı qabaqlayıb, çox da dərinə getmək istəmirəm. Hesab edirəm ki, ədalət mühakiməsi bu məsələyə lazımi qiymətini verəcək. Hər iki nazirlə bağlı obyektiv istintaq aparılacaq və onların törətmiş olduqları bütün cinayətlərlə bağlı araşdırmalar həyata keçiriləcək”.

Hüquqşunasın sözlərinə görə, generalın utanc gətirən bu addımı və buna görə aldığı cəzadan  başqa vəzifə sahibləri də nəticə çıxarmalıdır: “Məmurlar onlara göstərilən etimada sadiq olmalıdırlar. Əks təqdirdə onları da həbs edilən iki nazirin aqibəti gözləyir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …