Şənbə , Aprel 20 2024
Ana səhifə / Manşet / Naxçıvanda 276 milyonluq MƏNİMSƏMƏ, həbs olunan iki MƏMUR – Növbəti kim olacaq?

Naxçıvanda 276 milyonluq MƏNİMSƏMƏ, həbs olunan iki MƏMUR – Növbəti kim olacaq?

Son bir həftə ərzində xüsusi xidmət orqanları tərəfindən Naxçıvan Muxtar Respublikasında aparılan əməliyyatlar nəticəsində iki yüksək ranqlı məmurun saxlanılması ilə bağlı xəbərlər yayılıb.

Mənsur Əsgərov

Belə ki, noyabrın 25-də Bakı şəhəri Səbail rayon məhkəməsi xüsusi xidmət orqanları tərəfindən aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxıb.

Məhkəmənin qərarı ilə Mənsur Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildiyini elan edib.

Bundan əlavə, cinayət işi üzrə araşdırmalar Komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

Qeyd edək ki, Naxçıvan Gömrük Komitəsinin sədri vəzifəsini AMEA-nın prezidenti, millət vəkili İsa Həbibbəylinin oğlu Səhhət Həbibbəyli icra edir. Onun da saxlanılıb, istintaqa cəlb edilməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Rafael Əliyev

Bu gün yayılan xəbərə görə isə, Naxçıvanın maliyyə naziri Rafael Əliyev həbs olunub. Rafael Əliyev həm vəzifəsinə, həm də mənimsədiyi iddia olunan məbləğə görə Mənsur Əsgərovu qabaqlamağı bacarıb.

Belə ki, R.Əliyev xüsusi xidmət orqanları tərəfindən Naxçıvan Gömrük Komitəsində həyata keçirilən əməliyyatlarda həbs olunub. Həbs Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) ilə başlanmış işin gedişi üzrə icra edilib.

Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. R.Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Xatırladaq ki, daha əvvəl ötən ilin fevral-mart aylarında Naxçıvan MR-də məmur həbsləri yaşanıb.

Həmin vaxt Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədov və təhsil naziri Məmməd Qəribov saxlanılanlar arasında idi. 9 milyon manat mənimsəmədə ittiham olunan Ə. Əhmədov 11 il azadlıqdan məhrum edilsə də, M. Qəribov saxlanıldıqdan bir müddət sonra şərti cəza ilə azadlığa buraxılmışdı.

Onu da əlavə edək ki, son həbslərlə yanaşı, hələ də Muxtar Respublikanın bir sıra nazirlik və komitələrində hüquq-mühafizə orqanları tərəfindən araşdırmaların aparıldığı ilə bağlı məlumatlar yayılıb.

Belə olan halda isə sual yaranır:

Görəsən, növbəti kim olacaq?

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …