Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Naxçıvan tarixinin 95 ili

Naxçıvan tarixinin 95 ili

Vətən, torpaq uğrunda mübarizə çox çətin, şərəfli və həm də müqəddəs missiyadır. Elə 95 il bundan əvvəl məntiqi sonluqla yekunlaşdırılan Naxçıvanın muxtariyyət mücadiləsi də Azərbaycanın taleyində və dövlətçilik tarixində müstəsna əhəmiyyət kəsb edən böyük nailiyyət idi. Bu gün də  dünyada muxtariyyətlərin əsasını etnik mənsubiyyət təşkil etsə də, Naxçıvan Muxtar Respublikası burada yaşayan əhalinin milli mənsubiyyətinə görə yox, 1918-1924-cü illərdə cərəyan edən daxili və xarici amillərin təsiri altında yaranıb.

Tarixi proseslərin təhlili açıq-aydın göstərir ki, əgər 1924-cü il fevralın 9-da  Naxçıvan Muxtar Respublikası təşkil olunmasaydı, bu qədim diyar da Zəngəzur və İrəvan kimi Ermənistan tərəfindən işğal olunacaqdı. Məhz 1918-ci ildə yaradılan  Araz-Türk Respublikası, 1921-ci ildə imzalanan 2 mühüm beynəlxalq sənəd – Moskva və Qars müqavilələri, nəhayət, bu müqavilələrə əsasən Naxçıvana muxtariyyətin verilməsi ermənilərin Naxçıvanla bağlı çirkin işğal planlarını darmadağın etdi. Tarixi proseslərin sonrakı inkişafının nəticəsi olaraq, Naxçıvan 1921-ci ilin martından Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan diyarı adlandırıldı. Real vəziyyətin hüquqi təsdiqi olaraq, 1924-cü il fevralın 9-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması haqqında dekret verdi. Həmin sənəddə deyilirdi: “Naxçıvan diyarı Azərbaycanın himayəsində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilsin”.

Sonralar ümummilli lider Heydər Əliyev həmin tarixi məqamı belə qiymətləndirəcəkdi: “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”.

“Moskva”dan “Qars”a

Bu gün tarixin səhifələrini varaqladıqca bir daha xatırlayırıq ki, Naxçıvan Muxtar Respublikasının ərazisiMoskva müqaviləsinin 3-cü, Qars müqaviləsinin isə 5-ci maddəsində təsdiq olunub. Eyni zamanda, muxtariyyətin əsasları və bu ərazinin beynəlxalq müqavilələrlə qorunan toxunulmazlıq hüququ da həmin müqavilələrdə öz əksini tapıb. Olduqca çətin bir şəraitdə beynəlxalq müqavilələrin imzalanması və iştirakçı dövlətlərin parlamentlərində təsdiq olunması gənc Azərbaycan diplomatiyasının, eləcə də bu proseslərdə yaxından iştirak edən görkəmli Azərbaycan diplomatı  Behbud ağa Şahtaxtinskinin böyük qələbəsi idi.

Qeyd etmək lazımdır ki, Naxçıvanın muxtariyyət statusu ötən 95 il ərzində burada inkişafın təmin olunmasına, genişmiqyaslı quruculuq tədbirlərinin aparılmasına şərait yaratdı. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlişi ilə doğma Azərbaycanımız, onunla birlikdə isə Naxçıvan Muxtar Respublikası da özünün əsl inkişafına qovuşdu. 1969-1987-ci illərdə Naxçıvan Muxtar Respublikası qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət mərkəzinə çevrildi, 21 iri sənaye müəssisəsi tikilib istifadəyə verildi. Muxtar respublikada yeni yaşayış massivləri salındı, şəhər və rayonların, ucqar dağ kəndlərinin infrastrukturu yeniləndi, təhsil, səhiyyə və mədəniyyət müəssisələri tikildi, köhnə kəndli komalarının yerində müasir üslubda abad evlər ucaldıldı.

Böyük QAYIDIŞ və müstəqil dövlətçiliyin xilası

1990-cı ilin iyul ayında xalqımızın böyük oğlu Heydər Əliyevin Moskvadan Naxçıvana gəlməsi, burada siyasi fəaliyyət göstərməsi muxtar respublikanı siyasi oyunlardan – ərazisini erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi.

Qətiyyətli və müdrik dövlət xadimi kimi Heydər Əliyev Naxçıvanı blokadadan qurtarmaq üçün 1992-ci ilin mart və avqust aylarında Türkiyə və İrana səfərlər etdi, müqavilələr bağladı, xüsusi ilə Türkiyə rəhbərləri ilə Qars müqaviləsini və onun şərtlərini müzakirə obyektinə çevirməklə beynəlxalq aləmin diqqətini bir daha Naxçıvanın muxtariyyətinin beynəlxalq müqavilələrlə qorunduğuna cəlb etdi.

1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə xalqın və müstəqil dövlətçiliyin xilası və möhkəmləndirilməsinə başlandı. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına və muxtariyyətin qorunmasına diqqət daha da artırıldı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə Naxçıvan Muxtar Respublikasına Azərbaycanın tərkibində muxtar dövlət statusu verildi.

Ulu öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının inkişafını daim diqqət mərkəzində saxlayır. Bu gün blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasında dinamik inkişaf təmin edilib. Ölkə Prezidentinin Sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının yubileyləri qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2019-cu il yanvarın 21-də “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” daha bir Sərəncam imzalamaqla Naxçıvan Muxtar Respublikasının dövlətçilik tariximizdəki yeri və roluna bir daha layiqli qiymət verdi.

Naxçıvan 95 illik yubileyini böyük uğurlarla qarşılayır

Naxçıvan bu gün həqiqətən də özünün 95 illik yubileyini böyük uğurlarla qarşılayır. 1995-ci ildənötən dövrlər ərzində Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublikada ərzaq, enerji, informasiya və müdafiə təhlükəsizliyi tam təmin olunub, sənaye və kənd təsərrüfatı inkişaf edib. Genişmiqyaslı tikinti-quruculuq işləri aparılıb, şəhər və kəndlər abadlaşdırılıb, yeni yollar, körpülər salınıb, məktəblər, xəstəxanalar idman kompleksləri tikilib. Bütün yaşayış məntəqələrində müasir standartlara uyğun infrastruktur layihələri həyata keçirilib. Ordu quruculuğu sahəsində görülən işlər muxtar respublikanın müdafiəsinin qarantına çevrilib. Ötən dövrdə Əlahiddə Ümumqoşun Ordusu ən müasir silah və texnikalarla təmin olunub, şəxsi heyətin peşəkarlığı dəfələrlə artırılıb.

Bir zamanlar enerjini idxal hesabına əldə edən Naxçıvan Muxtar Respublikası indi enerji ixracatçısına çevrilib. Bu gün ölkə üzrə Günəş Elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin 78 faizdən çoxu muxtar respublikanın payına düşür. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilir ki, bu da inkişaf etmiş Avropa ölkələri üçün çox nadir göstərici hesab edilir.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir ki, 20 il bundan əvvəl 15 növdə məhsula olan tələbatı yerli imkanlar hesabına ödənilən Naxçıvan Muxtar Respublikasında hazırda 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Kənd təsərrüfatının inkişafı üçün də geniş imkanlar açılıb, fermer və torpaq mülkiyyətçiləri hərtərəfli qayğı ilə əhatə olunub. Yerli istehsalın həcmi artırılıb, sağlam rəqabət mühiti yaradılıb, min hektarlarla torpaq sahələri əkin dövriyyəsinə qatılıb, fərdi təsərrüfatların sayı çoxalıb, onlar inkişaf edərək çoxsaylı ailə təsərrüfatlarına çevriliblər.

Naxçıvan Muxtar Respublikasının təbiəti qorunur və zənginləşdirilir. Yaşıllaşdırma və təbiəti mühafizə tədbirlərinin əhatə dairəsinin genişlənməsinin nəticəsidir ki, hazırda muxtar respublika ərazisinin 14 faizindən çoxu yaşıllıqlardır.

Sabitlik və inkişaf müasir Naxçıvanın əsas göstəricisidir. Muxtar respublikada görülən bütün işlərin mərkəzində insan amili dayanır. İnsanların rahat yaşayışı, məşğulluğunun təmin olunması qarşıda duran əsas vəzifələrdir. Bu sahədə dövlət proqramı icra olunur, gənc ailələrin sosial müdafiəsi gücləndirilir, sahibkarlığa diqqət artırılır, fiziki imkanları məhdud insanların sosial layihələr çərçivəsində məşğulluğu təmin edilir. Son illər burada 200-dən çox tibb müəssisəsi istifadəyə verilib.

Ali Məclis Sədrinin qayğısı ilə Naxçıvanın qədim tarixi öyrənilir, tədqiq olunur, tarixi abidələri bərpa olunaraq onlara ikinci həyat verilir. Naxçıvan Muxtar Respulikası Ali Məclisi Sədrinin himayəsi ilə keçirilən beynəlxalq konfrans və simpoziumlar qədim tariximizin, mədəniyyətimizin və təbii sərvətlərimizin öyrənilməsində mühüm rol oynayıb. Naxçıvan tarixinə, arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatlar aparılıb, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələr nəşr edilib.

Naxçıvan dünyanın diqqətindədir

Naxçıvan Muxtar Respublikası beynəlxalq idman tədbirlərinə, elmi konfranslara, festivallara ev sahibliyi edir. 2018-ci il muxtar respublika üçün daha əlamətdar olub. Belə ki, ötən il Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilib, Naxçıvanda “Avropa günləri”, Türk Şurası Gənc Liderlərinin ilk forumu, eləcə də TÜRKSOY-un “Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” mövzusunda ilk dəfə beynəlxalq konfransı keçirilib. 

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər dayanıqlı inkişafı təmin edib. Naxçıvanın iqtisadi potensialının durmadan artmasının nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu Caspian European Clubun 2017 və 2018-ci illərdə ölkəmizin 10 iqtisadi regionu üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası sosial-demoqrafik göstərici, sosial-iqtisadi vəziyyət, işgüzar mühit, infrastruktur, rifahlıq və kənd təsərrüfatı sahələri olmaqla, ümumilikdə 18 parametr üzrə ən yüksək bal toplayaraq iki dəfə lider olub. 

Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir

Qədim Nuh yurdu olan Naxçıvanda bu uğurların qazanılması Vətənə, torpağa bağlılığın daha bir ifadəsi, ən əsası isə ulu öndər Heydər Əliyev yoluna sədaqətin və bu yolun uğurla davam etdirilməsinin təntənəsidir. Bu uğurların davamı üçün hər birimiz doğma diyarımızın daha da çiçəklənməsi üçün səy göstərməli, onu göz-bəbəyimiz kimi qoruyub saxlamalıyıq. Ulu öndər Heydər Əliyevin dediyi kimi:“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

95 yaşın mübarək, doğma MUXTAR RESPUBLİKAMIZ! Yüz yaşını daha böyük uğur və nailiyyətlərlə qeyd edək, qədim diyar!

Sahil TAHIRLI

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …