Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Manşet / “Nəsiminin Şamaxıda doğulduğu tam sübuta yetirilməmiş məlumatdır”

“Nəsiminin Şamaxıda doğulduğu tam sübuta yetirilməmiş məlumatdır”

Hər biriniz Azərbaycanın filosof şairi İmadəddin Nəsimini tanıyırsınız. Bu gün isə mən sizə Nəsimi haqqında bilmədiyiniz maraqlı faktlardan bəhs edəcəyəm. Bu da şairin doğulduğu məkanla və adı ilə bağlıdır. İlk öncə onu bildirim ki, şairin bütöv şəkildə əsl adı Seyid Əli ibn Məhəmməd Əbülfəzl Hüseyni İmadəddin Nəsimi Təbrizi Şirvanidir. Nəsiminin əsl adının Əli, Cəlaləddin və Ömər olduğunu qeyd edən mənbələr də var. Bir maraqlı faktı nəzərinizə çatdırmaq istərdim. Osmanlı İmperatorluğu ərazisində 17-ci əsrdə Qul Nəsimi və 20-ci əsrdə Nəsimi Çimen adlı şairlər yaşamışdır. Çağdaş dövrümüzədək bu üç şairin – daha dəqiq desəm, Qul Nəsimi ilə İmadəddin Nəsiminin bəzi şeirləri dəyişik salınmaqdadır. Hamımız birmənalı olaraq Nəsiminin Şamaxıda doğulduğunu qəbul etmişik. Lakin bu, hələ də tam sübuta yetirilməmiş məlumatdır. Bəzi tədqiqatçılar onun Bağdanın “Nəsim” ərazisində anadan olduğunu, təxəllüsünü buradan götürdüyünü qeyd edirlər. Aşıq Çələbi, Faiq Rəşad, Bursalı Məhəmməd Tahir isə Nəsiminin Türkiyənin Diyarbəkir ərazisində anadan olduğunu yazırlar. Bundan başqa, şairin Bakıda, Təbrizdə, Bursada, Şirazda anadan olması ilə də bağlı versiyalar var. Tədqiqatçılar daha çox Nəsiminin Şamaxı ərazisində doğulduğu versiyası üzərində dayanır. Buna səbəb isə şairin Şah Xəndan adlı qardaşının olması və onun məzarının Şamaxı şəhərində yerləşməsidir. Hal-hazırda həmin məzarlıq Şamaxıda “Şaxənda” adı ilə məşhurdur. Nəsiminin Şamaxıda anadan olması ilə bağlı yeganə istinad mənbəyi budur… Nəsiminin edamı haqqında İbn əl-İmad Hənbəli yazırdı: “O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi, boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi”. İmadəddin Nəsiminin məzarı Suriyanın Hələb şəhərindədir və “Nəsimi təkyəsi” adlanan məqbərədə yerləşir.

Leyla Faiqqızı, filologiya üzrə fəlsəfə doktoru

Azinforum.az

Həmçinin oxuyun

QHT ona ayrılan 7500 manat həcmində dövlət qrantını almaqdan niyə imtina etdi?-Videomüsahibə

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyi xətti ilə verilən 7.500 manat qrantdan …