Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Müasir ictimai rəydə “Quli”nin Elçibəyi üstələməsi nə ilə bağlıdır?

Müasir ictimai rəydə “Quli”nin Elçibəyi üstələməsi nə ilə bağlıdır?

Əslində, Mübariz Mənsimovun müsahibəsində səslənən fikirlərdən daha çox ona verilən reaksiyalar çox maraqlı və təhlükəlidir. Bu təhlükənin fərqinə ilk növbədə Azərbaycan hakimiyyəti dərindən varmalıdır.

Cəmiyyətimizdə yaranan və ya yaradılan siyasi münasibətlər sistemi ortaya təhlükəli olan bir tendensiyanı çıxarıb. İş burasındadır ki, siyasi mübarizənin yalnız immitasiya xarakter alması tabuları, dəyərləri tam dəyişib.

Artıq kriminal avtoritetlər, adına “oğru” deyilən şəxslərə ictimai rəydə hətta siyasi liderlərdən belə artıq rəğbət var.

Bunun ən bariz nümunəsini biz elə Mübariz Mənsimovun son müsahibəsindən sonra yaşananlarda gördük. Mübariz Mənsimov həmin müsahibədə həm Elçibəy, həm də Lotu Quli haqqında xoşagəlməz fikirlər səsləndirir.

Ancaq görünən bu oldu ki, cəmiyyət daha çox Quli ilə bağlı səslənən fikirlərə etiraz etdi. Bunun əksini kim iddia etmək istəsə, məsləhət görərdim ki, sosial şəbəkələrdə yazılan statusları və şərhləri dərindən analiz etsinlər. Mən bunu etdiyim üçün dediyim qənaətə gəlmişəm.

Hər iki şəxs Allahın rəhmətinə gedib. Bəs onda Quliyə bəslənən aşırı simpatiyanın, hətta Elçibəy kimi liderin nüfuzunu kölgədə qoyması daha çox hansı amilə bağlı məsələdir? Xalq hər zaman qəhrəman axtarışında olur.

Mənsimov müsahibəsində Quli ilə yanaşı indiki avtobus müxalifətinin hansısa nümayəndəsini təhqir etsəydi, belə nəticənin alınması məni düşünməyə vadar etməzdi.

Çünki indi özünə müxalif adını verən partiyaların çoxu yuxarıdan gələn tezislər üzrə müsahibə verib, aylıq paketlərini alıb sosial tələbatlarını ödəməklə məşğuldur. Yəni vacib siyasi instituta özlərinin dolanışıq mənbəyi kimi baxırlar.

Təsadüfi deyil ki, bir çox partiyalarda sədrliyi atalar qızllarına ötürür və buna heç kim reaksiya vermir. Təbiidir , çünki həmin partiyaların ictimaiyyətlə, siyasi proseslərlə heç bir bağlılığı yoxdur. Ən yaxşı halda gözləyirlər ki, heç olmasa partiya xətti ilə deputat seçilib , bir az da artıq pulu qamarlaya bilsinlər.

Bəllidir ki, adın partiya sədri kimi parlamentə düşəndə həm də sənin partiyana büdcədən əlavə vəsait də ayırırlar. Araşdırsanız görərsiniz ki, dövlətdən maliyyələşən partiyalardakı məvacib alanların çoxu partiya sədrlərinin qohum əqrabasıdır.

Təbiidir ki, daim hərəkətdə olan, dövriyələrində yaxşı pul fırlanan “oğrular” belə partiya sədrlərini ictimai rəydə geridə qoymalıdır. Çünki ikincilər adlarına partiya deməklə siyasətdən daha çox saxtakarlıqla məşğul olurlar.

Ancaq bu estafetdə Elçibəyin geriləməsi bir qədər təəccüblüdür. Çünki Elçibəy ümülxalq sevigisnə layiq idealist bir insan olub. O, bütün parametrlərinə görə Quli ilə müqayisə olunmaz dərəcədə üstün adamdır.

Ən maraqlısı budur ki, cəmiyyətdə ən tanınan adamlar belə “oğru”ları təbliğ edir, onların alovlu müdafiəçisi qismində çıxış edir. Zatən elə başa düşülməsin ki, mən “oğru” aləmindən “obijenni” olan adamam.

Çoxlarına yuxu kimi gəlsə də, mənim bir neçə nüfuzlu “oğru” ilə şəxsi təmasım , tanışlığım olub. Onların özü də deyiblər ki, heç kimə bu yolu məsləhət görmürlər.

Belə olan halda bizim ictimai nüfuzu olan bəzi tanınmış şəxslərimiz nədən kriminal aləmin başında duran “oğru”ların cəmiyyətə etalon kimi sırayırlar? Elə jurnalist var ki, türmədə “oğru”dan rəsmi şikayət edib, çölə çıxanda başqa bir “oğru” ilə qol-boyun şəkil çəkdirir. Əslində bununla belə adamları yaxınlarına buraxan “oğru”lar öz yazılmamış qanunlarını pozurlar.

Onların “ponyatıyasına” görə, bütün “oğru”lar bir-biri ilə qardaşdır. Nəinki “oğru”dan, ümumiyyətlə kimdənsə harasa rəsmi şikayət yazan adama həmin aləmdə yer yoxdur.

Əgər hansısa “oğru” bütün bunları nəzərə almırsa, deməli, o klassik “oğru” qanunlarına hörmət qoymur.

Belə nəticəyə gəlirik ki, aləm qarışıb bir-birinə, “oğrular” siyasi gedişlər edir, bizim bəzi məmurlar , jurnalistlər və siyaətçilər isə daha geriyə addım ataraq “oğru” aləminə transformasiya olunmağa çalışırlar. Bunun da nəticəsində lazımsız , zərərli ideologiya və onu təbliğ edənlər cəmiyyətdə daha üstün mövqeyə gəlirlər.

Birmənalı şəkildə bilinməlidir ki, “oğrular” cinayətkar aləm ierarxiyasında ən ali titulun daşıyıcılarıdır. Klassik “oğru” qanunlarına görə, onlar əlinə silah götürüb, vətəninin qoruyan adama “neseryozni” adam kimi baxırlar.

Belə adamlara “avtomatnıy roja” deyillər. Narkotik alveri, qumar, silah alveri, qarət, adam oğruluğu və başqa cinayətdən gələn gəlirləri təqdir edirlər. Kiminsə cibinə və ya evinə girib oğurluq etməyi özünə sənət seçənlərə “kradun” və “brodyaqa” deyib onları ən ali titullu insan hesab edirlər.

Oğru aləmi üçün bir alim heç kimdir, ancaq cibgir söz sahibidir.
Dəyərli ziyalılar, heç olmasa siz dərindən bilmədiyiniz bir ideologiyanı təbliğ edib, cəmiyyətimizi yanlış istiqamətə yönləndilməyin. Mən bu mövzuya səthi toxundum. Kimsə bunun əksini iddia edərsə, daha samballı cavab verə bilərəm…

Məhəmmədəli Qəribli

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …