Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Manşet / Mövqe və əqidəsini ən çox dəyişən deputat…

Mövqe və əqidəsini ən çox dəyişən deputat…

Azərbaycanın ictimai-siyasi həyatında elə şəxslər var ki, siyasi elastiklikləri ilə adamı təəccübləndirmirlər, sözün əsl mənasında “heyran” edirlər. Tam məsuliyyəti ilə deyə bilərəm ki, belələrindən ən öndə gedəni millət vəkili Vahid Əhmədovdur. Niyəsini izah edirəm.

Bir dəfə radikal müxalifətin təmsil olunduğu bir toplantıda jurnalist kimi iştirak edirdim. Zaman  elə də uzaq keçmişi əhatə etmir. Birdən məclisə yaxasında deputat nişanı ilə Vahid Əhmədov daxil oldu. Hansısa jurnalistə rəsmi qəzetdə deyil, hakimiyyətə qarşı nisbətən loyal KİV-də çalışdığına görə salam verməyəm radikallanın Vahid Əhmədovun boynuna necə sarılıb, onunla öpüşdüklərini görmək məni çox təəccübləndirdi. Vahid Əhmədovun hakimiyyətə, daha doğrusu hakimiyyətlərə necə yol tapması başqa mövzunun söhbətidi. Mənə çox təəccüblü gələn radikal düşərgənin Vahid Əhmədovu tam özününkü kimi qəbul etməsi oldu. Deyə bilərlər ki, adam Elçibəy hakimiyyətində təmsil olunub, ona görə. Bu, beynimə batan arqument ola biməz. Çünki hətta son vaxtlara kimi Əli Kərimli ilə çiyin-çiyinə addımlayan, sonra bir balaca iqtidara loyallıq göstərənlərə həmin düşərgə birmənalı olaraq satqın damğasını vurur. Elə həmin hadisədən sonra Vahid Əhmədovun karyerası, keçdiyi həyat yolu ilə azacıq maraqlanmağa başladım. Bax, həmin araşdırmadan sonra Vahid Əhmədovun niyə bütün düşərgələr tərəfindən qəbul olunduğuna cavab tapmış oldum. Elə düşünməyin ki, bu Vahid Əhmədovun əvəzolunmaz iqtisadçı kadr olması ilə bağlı olan məsələdir. Dərindən maraqlansanız görərsiniz ki, adam heç iqtisadiyyatı da əməli-başlı mənimsəyə bilməyib.

Bu müddətdə çox hadisələr baş verib, sular durulub, kimin kim olduğu üzə çıxıb, siyasətə yeni simalar gəlib, bəziləri isə, təbii ki, səhnədən gediblər. Vahid Əhmədovla bağlı məqamlar da yaddaşlardan silinməyib. Respublikamızda məlum siyasi hadisələr baş verib. Vahid Əhmədov isə bir qayda olaraq hər zaman hakimiyətlərə yaxın mövqedə dayanıb. Adam bir şəxsin hamının “dostu” olmasına heyrət etməyə bilmir. Bir baxın, keçmiş sovet rejiminin məmuru ötən əsrin 90-cı illərinin əvvəllərində xalq hərəkatının önündə gedən “azadlıq, müstəqillik” aşiqinə çevrildi, gah “mütəllibovçular komandasında” yer aldı, gah da “cəbhəçilər”in, “müsavatçılar”ın qanadının altına sığındı, onlardan vəzifə aldı. Son illərdə verdiyi açıqlamalardan da belə bəlli olur ki, onun siyasi əqidəsi yenə də möhkəmlənməyib, püxtələşməyib və hər zaman yeni bir dəstədə təmsil olunmağa hazırdır.

Zavod direktorluğundan o dövrün Nazirlər Sovetinə, yəni siyasi hakimiyyətinə yol tapmış V.Əhmədovun tərcümeyi-halına nəzər saldıqda onun bu gün  sabit əqidədən danışmağa haqqının olmadığı qənaətinə gəlmək olar.

Bu şəxs özü də etiraf edir ki, ötən əsrin 90-cı illərinin əvvəlində kimin hakimiyyətə gəlmək ehtimalı olubsa, onunla arasını yaxşı edib. KİV-ə müsahibələrində, bir tərəfdən, Ayaz Mütəllibovla isti münasibətdə olduğunu deyən V.Əhmədov, digər tərəfdən də, AXC rəhbərliyi ilə aranı “düzəltdiyini” söyləyib. O, açıqlamalarının birində qeyd edirdi ki, nəinki Baş nazirin müavini olduğu zamanlarda, hətta zavod direktoru kimi də AXC-”Müsavat” cütlüyünə yaxından kömək göstərirmiş. Hətta 1992-ci ilin may hadisələri zamanı Mütəllibov AXC ilə danışıq aparmaq üçün məhz Vahid Əhmədovu “göndəribmiş”. İkincinin dediyinə inansaq, o, bu danışığa gecikib. Amma sonradan vəzifə nərdivanında yüksəlməsi onun bu görüşə təsadüfən və ya qəsdən gecikmə ehtimallarını gündəmə gətirir. Hər halda, bu gecikmənin ardından Vahid Əhmədov daha yüksək vəzifə ilə “ödülləndirilir”.

Görünən budur ki, Elçibəy hakimiyyətindən sonra da Vahid Əhmədovun işləri pis getmir. İndiki hakimiyyətin dönəmində bir neçə dəfədir ki, millət vəkili olub, oğlunu bu yaxınlarda Bakının ən böyük rayonlardan birinə prokuror  təyin etdilər. Bunları bəlkə də hamı yaxşı görür. Ancaq kimsə danışmaq istəmir. Səbəblər müxtəlif ola bilər: qorxu, aranı pis etməmək və s. Ancaq Vahid müəllimin özü yaxşı düşünməlidir ki, heç olmasa arada müxalif görünməyə çalışmaqla müəyyən mövzulardan xal əldə etməyə doğru yön götürməsin. Bilsin ki, kimsə ona bütün bunları xatırlada bilər. Son vaxtlar bəzi KİV-lər Vahid Əhmədovu  media üzrə ekspert qismində təqdim etməyə başlayıb. Bu adam da sağına-soluna baxmadan ürəyindən nə keçirsə onu danışır. Bəli, məhz ağlından keçənləri deyil, ürəyində olanları söyləyir. Bir gün deyir ki, filan qurum ləğv olunmalıdı, başqası gün jurnalistlərin əqidəsini ölçən cihaz rolunda çıxış edir. Çox təccüblüdü, bizə lazım olanda bu adamdan öz ixtisasına uyğun iqtisadi sahə üzrə pronoz ala bilmirik, amma adam medianın problemlərindən həvəslə ekspertlik edir. Ona hansısa mövzu barədə danışmağı qadağan da edə bilmərik, amma gərək o da bir az insaflı olsun.  Gəlin Vahid Əhmədovun jurnalistlərə xitabən işlətdiyi son fikirə diqqət edək: “Jurnalistin bir evə görə əqidəsi dəyişirsə, deməli, o jurnalist deyil”. Yuxarıda əqidə dəyişməklə bağlı keyfiyyətlərini sadaladığımız  Vahid Əhmədov bununla demək  istəyir ki, Azərbaycanda Prezidentin KİV nümayəndələrinə hədiyyə etdiyi evləri almaq üçün guya əsas meyarlardan biri də əqidəni dəyişməklə bağlıdır. Bu ki, lap rafikal müxalifətçilik və xaricdə söyüş söyən dəstə ilə həmrəylik mövqeyi oldu ki… Ancaq ev almaq üçün lazım olan  və rəsmən elan olunan kriteriyalarda belə müddəya rast gəlinmir. Hətta bu günün özündə elə ev alan jurnalistlər var ki, hakimiyyəti ən səırt formada tənqid edirlər. Hər halda, Vahid Əhmədov bunu bilməmiş deyil. Onda isə niyə jurnalistlərə verilən evlərlə bağlı Əli Kərimli ilə tam uzlaşan mövqeni bölüşür?

Məhəmmədəli QƏRİBLİ ,

“Bakı-Xəbər” qəzeti

Həmçinin oxuyun

Kimsəsiz uşaqlar üçün sığınacaq açan fiziki qüsurlu xanım: “Mehriban xanım Əliyevanın dəstəyinə ehtiyacımız var”

Dörd ildir kimsəsiz və xəstələrə yardım edən Aynurə Xudiyeva Sabunçu rayonu, Ramana qəsəbəsində öz hesabına …